hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Deputatların sosial şəbəkə fəaliyyəti: İşlək və bağlı səhifələr – BİZİM TƏQDİMATDA

Deputatların sosial şəbəkə fəaliyyəti: İşlək və bağlı səhifələr – BİZİM TƏQDİMATDA

Sosial şəbəkələr günümüzün ən aktual platformasına çevrilib. Bu gün sosial şəbəkələr istənilən şəxsin-məmur, deputat, siyasətçi, ekspert, ictimai və digər şəxslərin fəaliyyətinin hansı ölçüdə olduğunu müəyyənləşdirmək imkanı yaradır. Bu, həm şəxslərin sosial şəbəkə fəaliyyəti, həm də onlar haqqıda şəbəkə istifadəçilərinin yazdığı, paylaşdığı məlumatlardan asılıdır.

Cebhe.info Milli Məclis üzvlərinin sosial şəbəkədəki fəaliyyətini araşdırıb.

Qeyd edək ki, növbəti yazılarda məmurların, ictimaiyyət nümayəndələrinin sosial şəbəkə fəaliyyəti araşdırılacaq.

Milli Məclis üzvlərinin sosial şəbəkələrdə fəaliyyətinə nəzər saldıqda, ilk olaraq millət vəkili, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev diqqət çəkir. Kifayət qədər aktiv fəaliyyəti ilə seçilən Azay Quliyev sosial şəbəkələr vasitəsilə gündəm mövzuları ilə bağlı fikirlərini paylaşır, o cümlədən seçicilərlə görüş, səslənən, həll olunan-olunmayan problemlərlə bağlı geniş məlumatları işıqlandırır. Azay Quliyev bir çox parlament üzvündən fərqli olaraq “Twitter” şəbəkəsində də çox aktiv fəaliyyət göstərir, müxtəlif dillərdə Azərbaycanın dövlət və milli maraqlarına xidmət edən paylaşımlar edir.

Sosial şəbəkə fəaliyyəti ilə seçilən Milli Məclisin xanım üzvləri isə spiker Sahibə Qafarova, deputatlar Əminə Ağazadə, Afət Həsənova, Nigar Arpadaraidir.

Spiker Sahibə Qafarovanın sosial şəbəkə hesabına nəzər saldıqda gördüyü bütün işlər, keçirdiyi rəsmi görüşlər, o cümlədən seçiciləri ilə təmasları, bir sözlə, bütün fəaliyyəti açıq şəkildə ayıdın olur.

Millət vəkili Əminə Ağazadə də sosial şəbəkə fəaliyyəti ilə seçilir. Əminə Ağazadə də keçirdiyi görüşləri, gündəm mövzuları ilə bağlı verdiyi açıqlamaları, müsahibələri mütəmadi olaraq sosial şəbəkə hesabında paylaşır. Seçicilərin paylaşımlara verdiyi reaksiyalara istinad etsək, Əminə Ağazadənin sosial şəbəkə fəaliyyətini uğurlu hesab etmək olar.

Deputat Afət Həsənovanın da sosial şəbəkə səhifəsi aktivdir. Afət Həsənovanın səhifəsində gündəlik olaraq paylaşımlar edilir, mətbuatdakı çıxışları, müsahibələri yayımlanır. O cümlədən, Afət Həsənovanın seçicilərlə keçirdiyi görüşlər də sosial şəbəkə hesabından paylaşılır.

Deputat Nigar Arpadarainin sosial şəbəkə fəaliyyəti də nümunə hesab olunacaq səviyyədədir. Nigar Arpadarai demək olar ki, bütün məsələləri öz səhifəsində paylaşır, bir növ fəaliyyəti ilə bağlı gündəlik hesabat verir. Nigar Arpadarai də sosial şəbəkə hesabında keçirdiyi görüşlər, görülən və görüləcək işlər, o cümlədən cəmiyyətin diqqətində olan məsələlərlə bağlı paylaşımlar edir, açıqlamalar paylaşır.

Sosial şəbəkə fəaliyyəti ilə seçilən parlament üzvlərindən Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev də ilk sıralarda yer alır. Razi Nurullayev aktiv sosial şəbəkə istifadəçisidir və demək olar ki, mütəmadi olaraq paylaşımlar edir. Müxtəlif mövzularda edilən paylaşımlara sosial şəbəkə istifadəçilərindən reaksiyalar da kifayə qədər çoxdur. Razi Nurullayevin eyni zamanda “bolq”u var və orada gündəmin nəbzinə uyğun açıqlamalar yazır. Qeyd edək ki, Razi Nurullayevin “Facebook”da həm şəxsi profili, həm də səhifəsi fəaliyyət göstərir. Millət vəkili həmin hesablarda gündəm mövzuları ilə yanaşı, parlament fəaliyyəti ilə bağlı paylaşımlar edir. Seçicilərlə özünün və köməkçilərinin keçirdiyi görüşlər, görüşdə qaldırılan problemlər və onların həlli, o cümlədən görüləcək işlərlə bağlı edilən paylaşımlar sosial şəbəkə istifadəçiləri tərəfindən kifayət qədər müsbət qarşılanır.

Milli Məclisin yeni üzvlərindən olan Bəhruz Məhərrəmov da aktiv sosial şəbəkə istifadəçisidir. Xüsusilə də “Facebook” səhifəsi daim aktiv olan millət vəkili sosial şəbəkələr vasitəsilə müraciətləri də qəbul edir. Eyni zamanda, seçicilərlə görüş, səslənən problemlər, məsələlərin həlli ilə bağlı qurumlarla keçirilən görüşlərlə bağlı da mütəmadi olaraq deputatın səhifəsində işıqlandırılır. Bəhruz Məhərrəmov gündəmlə bağlı mövzulara da səhifəsində münasibət bildirir, açıqlamalar yayır.

Millət vəkili Ramil Həsən uzun müddətdir sosial şəbəkə istifadəçisidir. Onun “Facebook” üzərindən şəxsi profili, eyni zamanda rəsmi səhifəsi var. Ramil Həsənin hər iki şəbəkə vasitəsi aktiv olsa da, rəsmi səhifə üzərindən sırf parlamet fəaliyyəti işıqlandırılır. Qeyd edək ki, Ramil Həsənin təşəbbüsü ilə pandemiya dövründə deputatı olduğu Ucar rayonunda imkansız ailələrə edilən yardım kampaniyası da sosial şəbəkə üzərindən böyük dəstək almışdı. Digər tərəfdən, Ramil Həsən parlament fəaliyyəti-gördüyü işlər, seçicilərin sələndirdiyi problemlər, onların həlli, şikayətlərin sayı və həll olunma səviyyəsi ilə bağlı 6 aylıq hesabatını da məhz “facebook” üzərindən yaydı və demək olar ki, bütün mətbuat orqanlarında işıqlandırıldı. Ramil Həsənin də sosial şəbəkə fəaliyyəti aktiv və uğurlu hesab olunur.

Deputat İqbal Məmmədovun “Facebook” səhifəsinə nəzər saldıqda, onun parlament fəaliyyəti boyu gördüyü bütün işlərlə tanış olmaq mümkündür. Kifayət qədər aktiv fəaliyyət göstərən deputat səhifəsində bütün görüşlər, keçirilən tədbirlər, o cümlədən nəzərdə tutulan, planlaşdırılan işlərlə bağlı mütəmadi olaraq işıqlandırılır. İqbal Məmmədovun da sosial şəbəkə fəaliyyəti kifayət qədər aktiv və uğurludur.

Parlamentin yeni üzvlərindən olan Məşhur Məmmədov da sosial şəbəkə üzərindən aktiv fəaliyyət göstərən millət vəkillərindəndir. Məşhur Məmmədov da mütəmadi olaraq parlament fəaliyyətini sosial şəbəkə hesabında işıqlandırır, keçirdiyi görüşlərlə bağlı məlumat, gündəm mövzuları ilə bağlı açıqlamalar yayır.

Sosial şəbəkədə aktiv fəaliyyəti ilə seçilən millət vəkillərindən biri də Vüqar İskəndərovdur. Vüqar İskəndərov həm parlament, həm də mediada fəaliyyətini daimi olaraq sosial şəbəkə hesabında paylaşır, açıqlamalar yayır.

Deputat Elnur Allahverdiyevin də sosial şəbəkə hesabı kifayət qədər aktivdir. Onun səhifəsində işıqlandırlan məsələlər isə daha çox mətbuatda çıxışları, müsahibələri və gördüyü işlərlə bağlıdır. Xüsusilə də seçicilərin şikayətləri əsasında deputatı olduğu dairənin ərazisində görülən işlər sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edəcək səviyyədədir.

Deputat Vüqar Bayramov sosial şəbəkədə uzun zamandır ki, var və kifayət qədər də aktivdir. Millət vəkilinin ölkə iqtisadiyyatı, hazırkı durum və gözləntilər, o cümlədən gündəmdə olan mövzularla bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımlar izləyicilər tərəfindən diqqətlə izlənilir. Vüqar Bayramovun deputat fəaliyyəti ilə bağlı paylaşımları, seçicilərlə görüşü, səslənən problemləri, şikayətləri işıqlandırması sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət rəy alır.

Sosial şəbəkə fəaliyyəti aktiv və uğurlu olan deputatlardan biri də Zahid Orucdur. Zahid Orucun da sosial şəbəkədə həm şəxsi profili, həm də rəsmi səhifəsi var. Zahid Oruc da gördüyü bütün işlərlə bağlı sosial şəbəkə hesabındahesabat yayır, seçicilərlə görüşün əvvəlində və sonunda məlumat paylaşır. Qeyd edək ki, Zahid Oruc eyni zamanda Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədridir. Zahid Oruc STM-in fəaliyyəti ilə bağlı da sosial şəbəkə hesablarında məlumat yayır, keçirdiyi sorğuların nəticələrini paylaşır.

Deputat Fazil Mustafa da sosial şəbəkədə aktiv fəaliyyət göstərir. Mütəmadi olaraq sosial şəbəkə hesabatında gündəm mövzuları ilə bağlı açıqlamalar yayan Fazil Mustafa kifayət qədər aktiv “Facebook” səhifəsinə sahibdir.

Deputatlar Soltan Məmmədov və Şahin Seyidzadə də sosial şəbəkədən aktiv istifadə edən parlament üzvlərindəndir. Hər iki deputat mütəmadi olaraq deputat fəaliyyətləri-seçicilərlə görüş, qaldırılan problemlər, o cümlədən həll olunan məsələlərlə bağlı sosial şəbəkə hesablarında məlumat paylaşır, müraciətləri qəbul edirlər. İstər Soltan Məmmədov, istərsə də Şahin Seyidzadənin sosial şəbəkə fəaliyyəti müsbət qiymətləndirilir.

QEYD: Hazırda Milli Məclisdə 120 deputat təmsil olunur. Onlardan əksəriyyətinin sosial şəbəkə üzərində hesabları mövcuddur. Əksəriyyəti isə Milli Məclisə keçirilən seçkilər zamanı yaradılıb və həmin səhifələr seçki prosesində aktiv olsa da, həmin hesabların əksəriyyətində uzun müddətdir heç bir paylaşım edilmir. Digər tərəfdən, bəzi parlament üzvlərinin isə sosial şəbəkə hesabları təzədir və onlarda gündəlik bir-iki paylaşım olsa da, onların fəaliyyəti aktiv hesab olunmur.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 17546