hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Dərsliklər niyə şagirdlərə aldırılır? - Təhsil Nazirliyindən suallara cavab - ÖZƏL

Dərsliklər niyə şagirdlərə aldırılır? - Təhsil Nazirliyindən suallara cavab - ÖZƏL

Bakının əksər orta məktəblərində Azərbycan bölməsində ikinci xarici dil kimi rus dilinin tədrisində problemlər var.  

Məsələ burasındadır ki, “Rus dili” dərsliyi şagirdlərə pulsuz verilmir. Bəzi məktəblərdə şagirdlərin bir hissəsi dərsliklə təmin olunur, digər şagirdlər dərsliyi pulla alır. Bununla yanaşı, 7-ci sinifdən yuxarı “Qarabağ tarixi” tədris olunur və bu fənnin dərsliyi də valideynlərə aldırılır. 

Cebhe.info mövzu ilə bağlı rəsmi sorğu ilə Təhsil Nazirliyinə müraciət edib. Nazirliyə ünvanlanan sualları və cavabları təqdim edirik:

- Ümumiyyətlə, rus dili fakültətiv məşğələ, yoxsa ikinci xarici dil kimi tədris olunur?

- Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarına əsasən, bu gün rus dili həm “Tədris dili”, həm “Əsas xarici dil”, həm də “İkinci xarici dil” fənni kimi tədris olunur. Əgər Rus dili “Tədris dili” və “Əsas xarici dil” fənni kimi tədris olunursa, onun tədrisinə 1-ci sinifdən başlanılır. Əgər Rus dili “İkinci xarici dil” fənni kimi tədris olunursa, onun tədrisinə əsasən 5-ci sinifdən başlanılır.

- Əgər orta məktəblərdə rus dili fənn kimi tədris olunursa, niyə dərslik dövlət tərəfindən şagirdlərə pulsuz verilmir?

- I sinifdən başlayaraq dövlət ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin hamısı “Rus dili (tədris dili)” və “Rus dili (əsas xarici dil)” dərslikləri ilə dövlət vəsaitləri hesabına təmin edilirlər. Amma elə fənlər var ki, onun üçün dərslik mövcud deyil və o, müəllim üçün hazırlanan tövsiyələr vasitəsilə həyata keçirilir. “İkinci xarici” dil fənni də onlardandır. Yəni göründüyü kimi “Rus dili (ikinci xarici dil)” fənni üzrə dərslik nəzərdə tutulmadığı üçün şagirdlərin onunla təminatı mümkün deyil. “Rus dili (ikinci xarici dil)” fənni üzrə hazırlanmış müəllim üçün tövsiyələr həm elektron, həm də kağız formatda bütün ümumtəhsil müəssisələrində var və bu fənni tədris edən müəllimlər həmin tövsiyələrdən istifadə edərək tədris prosesini düzgün qurmalıdırlar.

Xüsusi olaraq vurğulayaq ki, bəzən “Rus dili (əsas xarici dil)” dil fənninin tədrisi üçün nəzərdə tutulan dərsliklərin “Rus dili (ikinci xarici dil)” fənninin tədrisində də istifadə etmək niyyəti olur ki, bu, doğru deyildir. Bu fənlərin təhsil proqramları (kurikulumları), təhsil dövrləri, həftəlik dərs saatlarının miqdarı və s. fərqlidir və onların eyni vəsaitdən istifadə edilərək tədrisi mümkün deyil.

- 7-ci sinifdən yuxarı “Qarabağ tarixi” fənni tədris olunur. Bu fənnin dərsliyi də valideynlərə aldırılır. Mümkünsə, məsələyə aydınlıq gətirin.

- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən, dövlət ümumtəhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət hesabına təmin olunurlar. Qanunun bu müddəasına əsasən, 2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin hamısı bütün dərsliklərlə, eləcə də “Qarabağ tarixi” fənni üzrə dərsliklə təmin olunublar. Əgər hardasa dərsliklərin valideynlərin öz vəsaitləri hesabına aldırılması faktı varsa, bu, birmənalı olaraq qanunazid və yolverilməzdir. Belə faktlarla bağlı müraciətlər Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə zəng etməklə və ya [email protected] elektron poçtuna yazmaqla bildirilə bilər.

Qeyd edək ki, “Qarabağ tarixi” fənni üzrə dərsliyin elektron nüsxəsi (PDF formatda) bütün digər dərsliklər kimi Təhsil Nazirliyinin www.trims.edu.az saytında yerləşdirilmişdir. Qeyd edilən saytda axtarış edərək lazım olan dərsliyi tapmaq, onu onlayn oxumaq, eləcə də yükləmək mümkündür.

- “Qarabağ tarixi” fənni rus bölməsində də tədris olunurmu?

- Bəli, “Qarabağ tarixi” fənni dövlət ümumtəhsil müəssisələrinin həm Azərbaycan, həm də rus bölmələrində tədris olunur.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2707