hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Dilqəm Əsgərovun oğlu ölkə başçısından kömək istədi: “Atamı görmək istəyirəm…”

Dilqəm Əsgərovun oğlu ölkə başçısından kömək istədi: “Atamı görmək istəyirəm…”

“Üç ildən artıqdır ki, atamdan xəbər yoxdu. Ondan nə şəkil, nə də video alıram”. 

Bunu Cebhe.info-ya açıqlamasında 5 ildir ki, erməni girovluğunda saxlanılan kəlbəcərli əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O, ölkə başçısı İlham Əliyevə müraciət edərək atasını görmək üçün kömək istəyib:

“Əvvəllər Qırmızı Xaç Komitəsi atamın şəklini gətirsə də, 3 ildən artıqdır ki, ondan nə şəkil, nə videogörüntü var. Bəlkə də var, amma bizə təqdim etməyiblər. Sadəcə, şifahi məlumat verməklə kifayətlənirlər. Hər dəfə atamın səhhətində ciddi problemin olmadığını bildirirlər. Amma mən atamla ən azı görüntülü danışmaq istəyirəm. Heç olmasa, 3 aydan bir “Skype”la danışmaq imkanı yaradılsın. Yaxud ondan video alım. Mən atamı görmək üçün nə etməliyəm?”

Qeyd edək ki, 2014-cü il iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov, Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Ermənistan əsgərləri Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Bakının Binəqədi qəbiristanlığında dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində isə “məhkəmə” qurulub. D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisinin Şuşa türməsində saxlandığı deyilir. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 5237