hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Dilqəm və Şahbazın ailəsi gözləyir: İnanan da var, inanmayan da...

Dilqəm və Şahbazın ailəsi gözləyir: İnanan da var, inanmayan da...

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahvaz Quliyevin erməni əsirlərlə dəyişdirilməsi yenidən aktuallaşıb. 

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın bu təklifini nəzərdən keçirir. Bu haqda Ermənistan Baş nazirinin mətbuat katibi Vladimir Karapetyan məlumat verib. Onun dediyinə görə, təklifdən xəbərdardırlar və məsələ müzakirə edilir. V.Karapetyan həmçinin qeyd edib ki, məsələ həssas olduğu üçün həlli barədə cavab hazır olan zaman açıqlama veriləcək. 

Digər tərəfdən, Ermənistanın Müdafiə naziri David Tonoyan erməni hərbçilərlə Dilqəm Əsgərov və Şahbaz Quliyevi dəyişdirmək təklifinin mümkünlüyünü istisna etməyib. O, "Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyində görüş keçirmişəm. Mənə Azərbaycanın əsirlərin dəyişdirilməsi barədə təklifi təqdim olunub”, - deyə  qeyd edib. D. Tonoyan onu da vurğulayıb ki, bu məsələ ilə bağlı qondarma Dağlıq Qarabağ Respublikası qərar qəbul etməlidir. 

Qeyd edilir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycan ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və Araik Kazaryanla mübadilə edilməsi təklifi ilk olaraq Azərbaycan tərəfindən gəlib. Azərbaycan tərəfinin hazır olması barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası dəfərlərlə aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət edib. Son olaraq isə bu ilin 11 sentyabrında bu barədə rəsmi məlumat verib. 

Dövlət Komissiyası 7 sentyabr 2019-cu il tarixdə Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin “hamının-hamıya” mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edərək, bu humanizm nümunəsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bəyan edib. 

Onu da bildirək ki, 25 iyunda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində azərbaycanlı girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müzakirə aparılıb. Hər iki girovun azadlığa buraxılması ilə bağlı qətnamə qəbul olunub. AŞPA üzvləri həmin qətnaməni yekdilliklə imzalayıblar. Lakin iki aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də onlar azadlığa buraxılmayıb. 

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Cebhe.info-ya bildirib ki, girovların erməni əsirlərlə dəyişdirilməsi ilə bağlı xəbərləri mətbuatdan izləyir:

“Paşinyanın və Tonoyanın verdiyi açıqlamaları mətbuatdan oxumuşam.  Xəbərlərdən belə qənaətə gəlmişəm ki, “hamının-hamıya” prinsipi əsasında tərəflər arasında girovların dəyişdirilməsi barədə razılıq var. 

Bilirsiz ki, bu prinsip mərhum ulu öndərimiz Heydər Əliyevin qarşıya qoyduğu məqsədli addımı olub. Onu da bu gün ali baş komandanımız İlham Əliyev həyata keçirir. İnanıram ki, yaxın vaxtlarda ölkə başçımızın apardığı uğurlu siyasət nəticəsində atam Dilqəm Əsgərov erməni girovluğundan azad ediləcək və vətənə qayıdacaq. İnşallah yaxın günlərdə atamla görüşəcəyəm”. 

Kürdoğlu Əsgərov onu da əlavə edib ki, 2 ildir Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən onlara atasından məktub təqdim olunmur: “Hazırda heç bir məlumat yoxdur. Bizdən məktub götürüblər, lakin ondan bizə heç bir məlumat verilmir. Beynəlxalq Qırmızı Xaç Komitəsi sentyabrın əvvəlində atamla görüş olacağı vədini də vermişdi. Bu da olmadı”. 

Şahbaz Quliyevin qardaşı Manaf Quliyev isə girovların dəyişdirilməsinin reallaşacağına hələ inanmır:

“İllərdir ki, bu məsələ gündəmə gəlir, amma həll olunmur. Nə deyim? Bəlkə bu dəfə alınır? Amma Ermənistan tərəfdən belə vədlər çox olub. Hər halda buna görə çox narahatıq”. 

Manaf Quliyev qardaşından iki aydır ki, məlumat almadıqlarını bildirib:

Son olaraq gürcü həkim yanında olub və səhhətində bəzi narahatlıqlar olduğunu deyib. O, iki dəfə əməliyyat olunub. Qardaşım təkadamlıq kamerada saxlanıldığından narahatdır. Səhhəti ilə bağlı isə doğru-dürüst heç nə deyilmir. Bir ay əvvəl məktub yazmışıq, cavab gəlməyib”. 

Xatıqladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz məhkəmə qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 19724