t Dissertantların işi dalana dirənib: İllərin yuxusuz gecələri boşa gedir?
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Dissertantların işi dalana dirənib: İllərin yuxusuz gecələri boşa gedir?

Dissertantların işi dalana dirənib: İllərin yuxusuz gecələri boşa gedir?

Xəbər verdiyimiz kimi, fəlsəfə doktorluğu elmi adı almaq üçün müzakirədən keçən dissertasiyaların yenidən ilkin müzakirəyə qaytarılması qərarı bir çox gənc alimin narazılığına səbəb olub. 

Cebhe.info xəbər verir ki, ilkin müzakirə və seminardan keçmiş dissertantlara qarşı bu davranış artıq kütləvi narazılıq yaradıb. Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin fəlsəfə doktorluğu elmi adı almaq istəyənlərin  dissertasiyalarının təkrarən ilkin mərhələyə qaytarılması qərarı gənc tədqiqatçıların etirazına səbəb olub. AAK-ın bu qərarı iddiaçıların ən az 2 il vaxtını uzadacaq. AAK öz fəaliyyətini müəyyən zaman dondurmasına baxmayaraq, bütün məsuliyyət müzakirədən və seminardan keçmiş iddiaçının üzərinə qoyulur. Elmi işlərin müdafiəsini gecikdirmələrinə,  süründürməçiliyə rəğmən, heç bir cavabdeh cəzalandırılmır, nəticədə süni narazılıqlar yaradılır.

İddiaya görə, AAK həmin qərarının hər bəndində Azərbaycan Respublikası Prezidentinin məlum fərmanını vurğulamaqla öz qərarına qanuni don geyindirməyə çalışır. Halbuki Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də vətəndaşın hüquqlarını pozan heç bir tələb əksini tapmır. AAK-nın qərarı isə AR-nın konstitusiyasının tələbinə ziddir, çünki bu Əsasnamənin qüvvəsi geriyə şamil edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının (24.08.2002, 18.03.2009 və 26.09. 2016-cı illərdə ümumxalq səsverməsində qəbul edilmiş əlavə və dəyişikliklərlə) 149-cu maddəsinin VII bəndində deyilir: 

“Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. 

Bütün bunlara görə də sosial şəbəkələrdə məlum haqsızlıqla üzləşdiklərini iddia edən gənc tədqiqatçılar narazılıqlarını ifadə ediblər: 

“... AAK-ın məlum kollegiya qərarı qəbul edildiyi tarixdən özündən əvvəlki bütün instansiya, şura qərarlarının ləğvini tələb edir. Müdafiə üçün növbəyə qeydiyyata düşənlərin də, elmi seminarı verənlərin də, elmi seminarın nəticələrinin şurada gündəliyə çıxarılıb ixtisas şifrinə müvafiq ekspertlərə rəyə göndərilənlərin də, müsbət ekspert rəyi alan iddiaçıların da əldə etdiyi bütün nəticələr eyni anda sıfırlanır. Bu marafona yeni qoşulanların da siyahısını ümumi siyahıya əlavə etdikdə yaranan mənzərəni təsəvvür etmək çətin deyil”. 

Fəlsəfə doktorluğu iddiaçıları bütün prosedurları mövcud qanunvericilik çərçivəsində keçdiklərini söyləyirlər: 

“Yeni Əsasnamə ən sonuncu seminarı verən iddiaçıdan ən azı altı ay sonra qəbul olunub. İşləri xeyli sonra qoyulan qaydalara uyğunlaşdırıb təkrar müzakirə və ya seminardan keçirməyi tələb etmək isə qanunvericiliyin tələblərinə ziddir”. 

Qeyd etdiyimiz kimi, yüzdən artıq doktorant bu qərarın qanunazidd olduğunu, onun ləğvini istəyir. Onlardan bəzilərinin fikirlərini təqdim edirik. 

Dissertant Yaqut Əzimzadə deyir ki, fəlsəfə doktorluğu elmi adı almaq üçün müzakirədən keçmiş dissertasiyaların yenidən ilkin müzakirəyə və elmi seminara qaytarılması qərarı bütün həmkarları kimi onu da hiddətləndirib: 

“Ali Attestasiya Komissiyası Rəyasət Heyəti 13 dekabr 2019-cu il tarixində yeni bir qərarı ilə elm uğrunda çarpışan, xalqına, vətəninə yararlı insan olmaq istəyən yüzlərlə dissertant və doktorantın haqqına girmiş və hüquqlarını tapdayıb. Prezidentimiz İlham Əliyev hər zaman üzünü dövlət məmurlarına tutaraq bildirir ki, vətəndaşları incitmək olmaz. Budurmu AAK-ın yeni rəhbərliyinin dövlət başçısının fikirlərinə hörmət və münasibəti? Elmi işim 2018-ci il dekabrın 17-də ADPU-da müzakirəyə çıxarılmalı idi, lakin dekabrın 13-də elmi katiblikdən zəng gəldi ki, AAK dissertasiyaların müdafiəsi prosesinin sadələşdirilməsi məqsədi ilə naməlum müddətə buraxılır. Beləliklə, dekabrın 13-də dissertasiya şuraları Ali Attestasiya Komissiyası tərəfindən buraxıldı və bütün iddiaçıların işlərini dayandırdı. Ali Attestasiya Komissiyası Rəyasət Heyəti 13 dekabr 2019-cu ildə yeni bir qərarla çıxış etdi ki, 11 iyun 2018-ci il və 11 iyun 2019-cu il aralığında ilkin müzakirədən keçmiş işlərdən başqa, bütün dissertasiyalar yenidən ilkin müzakirədən və elmi seminardan keçirilməlidir. Bu yersiz və ədalətsiz bir qərardır və biz bu qərarın ləğvini tələb edirik!” 

Elmi seminardan uğurla keçib müdafiə növbəsində dayandığını bildirən Almaz Həsrət də qərarın ədalətsiz olduğunu deyib: 

“Tamamilə yanlış qərar verilib. Qanun və ya qərar verilirsə, geridəkilərə şamil olunmamalıdır. Olunursa, o zaman sözündə rəsmi olaraq dayanan AAK bizimlə birgə qəbul olunanların hamısının işlərini tam geri qaytarsınlar. O zaman deyərik ki, ədalətli qərardır. Bizim bu elmi işimizlə bağlı illərimiz gedib. Deyirlər ki, təkrar geri dönək? Bu nə deməkdir?” 

Xəyalə Əhmədova beş ilə yaxındır ki, elmi işi ilə bağlı növbədə olduğunu bildirib: 

“Artıq 5 ildir ki, elmi işimiz əlimizdə, növbələrdə gözləyə-gözləyə müdafiəmiz uzanır. Ömrümüz gedir. Elmi məsələlər qalıb bir kənarda, lazımsız işlərlə məşğul olmalı oluruq. 20-yə qədər sənədləri yığ, hərəsinin imzası və möhürü üçün aylarla sürün, stresslə seminar ver, indi qanunvericiliyin tətbiqində yol verilən xətalara görə bütün əziyyətlərimiz puç olsun. Üstəlik, işimiz bir neçə il gecikəcək. Bu qərarın elmə heç bir faydası yoxdur. Təkrar seminar vermək, sadəcə, alimliyə namizədlərin əziyyətini artırmağa xidmət edəcək və elmdən soyudacaq”. 

Anar Fərəcov da bu qərarın hüquqi əsasının olmadığı qənaətindədir: 

“Çox təəssüf ki, bu qərarı verənlər Cənab Prezidentin apardığı siyasətə kölgə salmaqla məşğuldurlar. AAK-ın yeni əsasnamə qəbul etməyinin müdafiə proseslərinin dayanması üçün hansı hüquqi əsasları varmı? Hər şeydən də vacib, insan həyatının illərini heçə saymaq nə deməkdir? Təzə qaydalar heç bir halda tətbiq oluna bilməz. Təzə əsasnamə yalnız 2019-2020-ci tədris ilindən qəbul olunan dissertantlara aid olmalıdır”. 

Pərvin Eyvazlı da son dövrlər AAK-ın verdiyi bir çox qərarların, xüsusən də son qərarın çoxsaylı insanı narazı saldığını bildirib: 

“Belə qərarlar dövlət başçısının vətəndaşların rifahı yönündə apardığı islahatlara ziddir”. 

Doktorant Esmira Rövşənova öhdəliklərini qanun çərçivəsində və zamanında yerinə yetirsə də, haqsızlıqlarla qarşılaşaşdığını dilə gətirib: 

“Əsasnaməyə uyğun olaraq, müdafiəyəqədərki bütün qanuni prosedurları keçməyimizə baxmayaraq, bizdən asılı olmayan səbəblərə görə, bütün keçdiyimiz mərhələləri yenidən keçməyimiz tələb olunur. Səbəb soruşulduqda isə tutarlı bir cavab verilmir. Əgər yeni əsasnaməni və hansısa bir qərarı rəhbər tuturlarsa, zənnimcə, “Qanunun geriyə qüvvəsi yoxdur” hüquqi anlayışını da nəzərə almalıdırlar”. 

Şəlalə Mehyəddinqızı çəkdikləri zəhmətin hədər getdiyindən təəssüflənir: 

“Mövcud qanunvericilik çərçivəsində doktorant öz öhdəliklərini yerinə yetiribsə və onun günahı olmadan fəaliyyətini dayandıran Müdafiə Şurası açılanda növbədə duran elmi işçinin əməyi yerə vurula bilərmi? İnsanın gözünün nurunu apardığı və illərini verdiyi zəhmət hədər gedərsə, bunun günahı kimdədir? Müdafiə ərəfəsində olasan və yenidən sıfırdan başlamaq tələbi qoyula. Xahiş edirəm, hüquqşünaslar, dəyərli alimlər fikir söyləsinlər”. 

Könül Mollayeva elmi iş müdafiə etmək üçün 9 il vaxt sərf etdiyini vurğulayaraq bu qərarın müdafiə prosesini daha bir neçə il uzadacağına etiraz edib: 

“Biz həyatımızın ən gözəl anlarını bu dissertasiyanı ərsəyə gətirmək üçün sərf etmişik. 9 il bir igidin ömrüdür. Biz daha 9 il gözləməliyikmi? Səbəb nədir? Mənasız bir qərara görə biz nə etməliyik? Bu dissertasiyanı ərsəyə gətirmək üçün nələri qurban vermişik bilən varmı? İnsan ömrü çox qısadır. Bu qərarı qəbul edənlər bunu dərk etmirlərmi?” 

Anzulə Pərvizqızı da bu məsələnin süni narazılığa səbəb olduğunu qeyd edir: 

“Mənim tanıdığım müxtəlif universitetlərdən 100-dək doktorant bu məsələdən narahatlıq keçirir. Bölgələrdən gəlib vaxtilə bu yolu keçmiş insanlar isə yenidən daha ağır formada bu prosedurları etməli olacaqlarını düşünəndə, ümumiyyətlə, sarsıntı keçirirlər. AAK-ın yeni tərkibində elmin nə olduğunu, qanunun geriyə qüvvəsinin olmadığını bilən mütəxəssislərin olduğuna və problemin tezliklə həll olunacağına ümid edirəm”. 

Mənsura Ağayeva seminardan keçib növbə gözlədiyi halda, belə sürprizin çox gözlənilməz olduğunu deyib: 

“Vəziyyətimiz çox pisdir. Söhbət illərin yuxusuz gecələrdən, gərgin və stress dolu günlərdən gedir. Vaxtında qanunun tələb etdiyi bütün ağır prosedurları keçmişik. Məgər onların üstündən belə asanlıqla xətt çəkmək olar? Başa düşürəm, yenilik, innovativlik hər yerdə olduğu qədər, elmdə də olmalıdır. Amma bu, qətiyyən vətəndaşın hüququnu pozmaq anlamına gəlməməlidir. Hər birimizin bir ailədən gəldiyini və bu qərarın onları necə şoka saldığını da unutmayaq”. 

Nərmin Həsənli yeni qəbul olunmuş qaydaların əvvəlkilərə şamil edilməsini gülünc hesab edir: 

“Biz köhnə qərarın bütün prosedurlarını keçmişik. Məsələn, mən informatikadan imtahan vermişəm, nahaq indi o aradan qaldırıldı. Bəs necə olur ki, əvvəlki illərin doktorantları həm köhnə, həm də yeni qərara aid prosedurlardan keçməlidir? İndi ləğv olunsa da, biz vaxtilə zaman, enerji, əsəb xərcləmişik. 8 ildir gözləyirəm, bundan sonra da 8 il gözləməliyəm? Bu qədər haqsızlıq, ədalətsdizlik olmaz!” 

Elnarə Orucova isə bütün elm adamlarından kömək istəyib: 

“İllərlə çəkdiyimiz əziyyətimizi heçə saymaq, aylarla, illərlə gözləyib nəticəsini min bir çətinliklə aldığımız işləri yenidən etmək böyük haqsızlıq deyilmi? Bu nə dərəcədə doğru qərardır? Bütün elm adamlarından, professorlardan kömək istəyirik, rəylərini, iradlarını bildirsinlər, bəlkə haqsız verilmiş qərar ləğv edilə...” 

Qeyd edək ki, müzakirədən uğurla keçmiş elmi işləri geri qaytarılanlar arasında əcənbilər də az deyil. Türkiyə vətəndaşı Mehmet Önəmli 9 ildir ki, elmi işinə vaxt sərf etdiyini açıqlayıb. O, hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət edəcəyini də bildirib: 

“2011-ci ildə loqopediya üzrə elmi iş üzərində çalışdım və seminardan keçdim. Hazırda bu qərar xarici vətəndaş olaraq məni də sarsıdır. Demokratik bir ölkə olan Azərbaycanda təhsil haqqımın əlimdən alındığı qənaətindəyəm”. 

Baş verənlərə münasibət bildirən dilçi-alim, filologiya elmləri doktoru İdris Abbasov aidiyyəti qurumları məsələyə həssas yanaşmağa çağırıb: 

“Hər hansı bir qurum ali qanuni sənədə istinad edib qərar çıxardıqda bu qərar vətəndaşın ziyanına olmamalıdır. Olarsa, həmin qərarı çıxaran qurum cavabdehlik daşıyır. Qanunu fərdi düşüncə səviyyəsinə endirərək Azərbaycan gənclərini mənəvi-psixoloji cəhətdən şikəst etmək, şüuraltında nifrət, kin, inamsızlıq və narazılıq yaratmaq ümummilli maraqlar və ölkənin gələcəyi üçün ciddi təhlükələrə yol aça bilər. Aidiyyəti qurumlar və məsul şəxslər bunu nəzərə almalı və qanunun aliliyinə, vətəndaşların hüquqlarına hörmətlə yanaşmalıdırlar”. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 26709