hava haqqindaBakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0223
  • EURO - 1.9506
  • NEFT - 79.24
  • clouds-weather

Diyar-diyar axan çaylar: Bundan düzgün istifadə etməmək hansı problemə yol aça bilər?

Diyar-diyar axan çaylar: Bundan düzgün istifadə etməmək hansı problemə yol aça bilər?

"Tərtərçay, Həkəriçay və onların qolları üzərində iri, sənaye əhəmiyyətli su elektrik stansiyalarının (SES) tikintisi üzrə danışıqlar aparılır”.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Təbriz Əmmayev Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nun "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı panelində deyib.

“Həmin çayların yüksək hidroenerji potensialı var. Təəssüf ki, mənfur düşmən kiçik SES-ləri ekoloji normaları gözləmədən istismar edib, yararsız hala salıb. Hazırda bu stansiyalar bərpa edilir, əməli nəticələr əldə edilib. Həmçinin yeni SES-lərin tikintisi üzrə danışıqlar aparılır”.

Qeyd edək ki, Tərtərçay Kür çayının Azərbaycan daxilində ən çox sululuğa malik olan qolu hesab edilir. Həkəriçay isə Araz çayının sol qoludur və Laçın, Zəngilan və Qubadlı rayonları ərazisindən axır. Vaxtilə Tərtərçay üzərində Sərsəng və Suqovuşan su anbarları tikilibdir.

Hazırda Sərsəng su anbarına və onun qurğularına işğal altında 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Suqovuşan su anbarı da işğal olunan və ekoloji normalar gözlənilmədən istismar edilən su anbarlarıdır.

SES-lərdən düzgün istifadə etməmək hansı problemlərə yol aça bilər? Bu, çayların sululuq səviyyəsinə mənfi təsir edə bilərmi?

Cebhe.info-nun suallarını AMEA-nın müxbir üzvü, “Rüzgar” Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayev cavablandırıb.

Ekoloq bu cür stansiyaların tikilməsinin çay suyunun tənzimlənməsinə xidmət etdiyini bildirib:

“Kiçik su elektrik stansiyaları alternativ enerji istifadəsinin tərkib hissəsidir. Orada “Smart kənd”lər, təşkilatlar, günəş, külək, həmçinin, kiçik çaylar üzərində qurulmuş su elektrik stansiyalarının enerjisindən istifadə edərək orada infrastruktur yaradılacaq. İnfrastrukturun da əsas hissəsi enerjidir. Burada suyun miqdarının yalnız tənzimlənməsi imkanları yaradılacaq. Məsələn, çoxsulu dövrdə suyun toplanması, azsulu dövrdə istifadə olunması, həm də enerji istehsalı sulardan kifayət qədər səmərəli istifadəni təmin edəcək”.

Ekoloq qeyd edib ki, hələlik həmin bölgədə bəzi problemlər qalmaqdadır:

“Nə qədər ki, Xankəndidə ermənilər qalır, oranın idarəçiliyi Azərbaycanın əlində deyil və yaxud onlar təslim olub, Azərbaycan vətəndaşlığını tam qəbul edincə, orada istənilən məsələ problemli ola bilər. İstənilən obyektin tikilməsində müəyyən problemlərlə qarşılaşa bilərik. Amma bu sahədə müəyyən işlər gedir. Ümid edirəm ki, yaxın gələcəkdə su elektrik stansiyalarının istifadəsi tam səmərəli iş olacaqdır”.

Günay Şahmar
Cebhe.info


Oxunma sayı: 1068