hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Doğulmamış oğlunun çiynində son məzara gedən Vətən Müharibəsi Qəhrəmanı: "Erməni dilində düşmən generalına əmr verib ki...” - FOTOLAR

Doğulmamış oğlunun çiynində son məzara gedən Vətən Müharibəsi Qəhrəmanı: "Erməni dilində düşmən generalına əmr verib ki...” - FOTOLAR

Vətən Müharibəsi Azərbaycana neçə-neçə igid oğulları tanıtdı.

Bu torpaq uğrunda canın qurban verən igidlərimiz əbədi olaraq tariximizin səhifələrinə adlarını qızıl hərflərlə yazdırdılar. Belə igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri, şəhid Camal Vidadi oğlu İsmayılovdur.

Cebhe.info xəbər verir ki, Camal İsmayılov 7 iyul 1984-cü ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2 yaşı olarkən ailəsi birgə Rusiyaya köçən Camal orta məktəbin 5-ci sinifinədək orada təhsil alıb. 5-ci sinifdə oxuyarkən yenidən ailəsi ilə birgə Azərbaycana qayıdıb və S.İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbdə təhsilini davam etdirib. 2002-ci ildə "N" saylı hərbi hissədə xidmətə yollanan İsmayılov xidmətinin 8-ci ayında Xüsusi Təyinatlı Qüvvələrin nəzdindəki məktəbdə oxumağa başlayıb. Camalın hərbi fəaliyyəti də məhz bu ildən başlayıb. Qəhrəmanımız ingilis, erməni, rus dillərini dərinliklərinə qədər bilib, digər dilləri öyrənmək üçün də hər zaman həvəsli olub. İdmanla da xüsusi məşğul olan Camal paraşütdən tullanma, xizəksürmə, boks üzrə müxtəlif ölkələrdə sertifkatlar, təltifnamələr qazanıb.

Aprel döyüşlərinin iştirakçısı olub və göstərdiyi qəhrəmanlığa görə bir sıra medallarla təltif edilib.

Vətən müharibəsində könüllü olaraq iştirak edən Camal Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut, Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub.

"Hadrut qəhrəmanı” adlandırılan şəhidimiz oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Ölümündən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı ilə təltif edilib. Eyni zamanda, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

2008-ci ildə ailə həyatı quran şəhidimizin 2 qız övladı var, 1 oğul övladı isə fevral ayında dünyaya göz açacaq. Şəhidimizin anası Filarə xanım Cebhe.info-nun əməkdaşı ilə söhbətində Camalla son görüşünü belə xatırlayır:

"Deyib ki, mənə hospitalda yatmaq yaraşmaz"

"Müharibədən öncə, sentyabrın 15-də bizə gəlmişdi. Ondan vəziyyəti soruşdum, dedi, ana, inşallah, hər şey yaxşı olacaq. Yola salanda gözümün içinə elə baxdı ki... Atası da, mən də arxasınca su atdıq. Sentyabrın 25-i səhər namazına duranda baxdım "Votsap"da hekayəyə "Allahu Əkbər" yazıb, ardınca da Heydər Əliyev zirvəsində çəkdirdiyi bir şəkilin qoyub. 27-si səhər namaza duranda gördüm ki, müharibə başlayıb. Hər gün zəng edirdi, danışırdıq. O, hər zəng edəndə mən evdə nəsə bişirib qonşulara paylayırdım ki, hərbçilərimizə dua etsinlər. Ayın 29-da dostu, kapitan Kamil Şirinov şəhid olmuşdu, onu döyüş bölgəsindən özü çıxartmışdı. Sən demə, özü də orada yaralanıb. Amma yaralı olsa da, hospitalda yatmayıb, döyüşə qayıdıb. Deyib ki, mənə hospitalda yatmaq yaraşmaz".

"Ad günümdə Camalın Şəhidlik xəbəri gəldi"

Filarə xanım ad günü təbriki gözləsə də, həmin gün oğlunun şəhid xəbərini alıb:

"Axırıncı dəfə oktyabrın 18-də danışdıq. Özü məndən xəbər aldı ki, televiziyada nə danışırlar? Dedim, heç nə danışmırlar, yaxşı olacaq, az qalıb. Dedim, sən dünən zəng etmişdin, mən qoğal bişirdim, payladım, indi də zəng etmisən, gedib konfet alıb paylayacağam. Güldü. Zarafatcıl idi, zarafata salıb dedi ki, ana, çox bədxərclik eləmə, az qalıb, darıxma.

Ayın 20-dək danışmadıq. 21 oktyabrda mənim ad günüm idi, çox gözlədim ki, zəng etsin. Çünki Camal hamıdan qabaq məni təbrik edərdi. Həmin gün zəng eləmədi. Kiçik oğlum zəng etdi ki, ana, oğlun zəng edib? Dedim, Ülvi, qardaşın mənə zəng etməyib, çox narahatam. Dedi, narahat olma, ana, mütləq zəng edib səni təbrik edər. Axşamçağı, axşam namazından sonra ad günümdə Camalın şəhidlik xəbəri gəldi, mənim ad günümü şəhidliyi ilə təbrik etdi Camal..."

“Erməni dilində düşmən generallarına əmr verib ki, geri qayıdın"

Şəhid anası bildirir ki, Camalın erməni dilini bilməsi onu döyüşlərdə xeyli yardımçı olub:

"Hadrutda əməliyyat zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan 1500-dək erməni əsgərini başqa istiqamətə yönləndirib. Erməni dilində onların öz rabitəsi ilə düşmənin generallarına əmr verib ki, döyüşdən geri qayıdın. Bununla da onları aldada bilib və həmin mövqelərə bizim əsgərlər yerləşiblər.

Bir dəfədə də Hadrutda olanda suları bitibmiş, 3 nəfər su gətirmək üçün yola düşüb. Görüblər ki, nəsə səs gəlir, bir erməni polkovniki, mayor və əsgəri danışa-danışa gəlirlər. Camal əlin ağzına qoyub işarə edib ki, döyüş yoldaşları sakit olsun, səs salmasın. Fikirləşib ki, burada 3 nəfərdən daha çox erməni ola bilər. Arxadan keçərək onları gülləsiz boğublar ki, kimsə eşitməsin. Su götürüb heç nə olmamış kimi sakitcə qayıdıblar. Döyüş yoldaşları deyirdi ki, Camal ən qabaqda gedirdi və biz də ona arxayın idik. Ancaq onun sözü ilə otur-dururduq. Deyirlər, bilirdik ki, bu sözü Camal deyibsə, olmalıdır.

Ən son Laçın dəhlizində vuruşub. 17 nəfərlə 500 nəfərə qarşı döyüşüblər. Onlarla vuruşan ermənilər olmayıb, Suriyadan gətirilən muzdlular olub. Yəni, bizə belə deyildi".

"Qohumlarımdan kimsə müharibədən qaçsa, özüm güllələyəcəyəm"

Filarə xanım Camalın necə vətənpərvər olmasından söz açıb:

"Lap uşaqlığından mən ona "anasının qəhrəmanı" deyirdim. Amma indi bütün Azərbaycanın qəhrəmanıdır. Həmişə onun doğum günlərində deyirdim ki, o gün olsun, ad gününü Şuşada qeyd edəsən, ora bayraq sancasan. O da elə ürəklə “İnşallah” deyirdi ki... Gecə köynəyinin birini başımın altına qoyuram, birini də qucaqlayıram ki, gəl, yuxuma, Camal.

Hərdən deyirəm ki, Camal, sən bilirdin ki, mən sənsiz yaşaya bilmərəm, niyə belə etdin? Bir də bu Yer üzünə Camaldan gəlməz. Çox təəssüf ki, Camal qələbəni görmədi... Həddən artıq vətənpərvər idi. Evində həmişə bayraq olurdu. Övladlarına da bunu aşılamışdı. Deyirdi, bayrağı sevin, bayraq Vətəndir. Mənə demişdi ki, əgər müharibə olsa, mənim qohumlarımdan kimsə müharibədən qaçsa, özüm onları güllələyəcəyəm. Bu qədər vətənpərvər idi. İşi evə gətirməzdi, xoşlamırdı ki, işi barədə danışsın. Ancaq yoldaşları sonradan danışdı ki, o, Ermənistan tərəfə də keçib, orada kafedə oturub çay içiblər, sonra Azərbaycan pulunu da qoyub çıxıblar".

“Pəncəli şəhid olanda deyirdi ki… "

Filarə xanım qeyd edir ki, Camal Aprel döyüşləri zamanı şəhid olan yoldaşları üçün hər zaman üzüntülü olsa da, müharibə barədə başqa nələrsə danışmayıb:

"Aprel döyüşlərində də iştirak etməsinə baxmayaraq, bizə heç nə danışmırdı. Döyüşdən qayıdandan sonra şəhid yoldaşları üçün üzülürdü. Pəncəli Teymurov, Murad Mirzəyev, Samid İmanov və başqa ümumilikdə 33 dostları orada şəhid olmuşdu. Onlar üçün darıxırdı. Deyirdi ki, öz əllərimlə 33 yoldaşımı dəfn eləmişəm, mənə ağırdır.

Döyüşə yollanmazdan öncə dostlarına deyib ki, müharibədən sonra siz məni tanıyacaqsınız. Pəncəli şəhid olanda deyirdi ki, əsl qəhrəman Pəncəlidir. Bacısı ona sual vermişdi ki, qaqa, bəs sən? Dedi, hələ mənim vaxtıma qalıb. Çünki Pəncəli bizim qolumuz-qanadımız idi".

"Camal son nəfəsində "Fatimə" deyə çağırırmış"

Şəhidimizin həyat yoldaşı Fatimə xanım deyir ki, Camal son nəfəsində onun adını çağırıb:

"Mənə işdən yazdı ki, gedib çay içərik. Həmin gün çox fikirli idi. Gah gəldi yanımda oturdu, gah üzbəüz əyləşdi. Elə bil, nəsə demək istəyirdi. Gecə gəldi, çantasını yığdı, yığdığı bütün ləvazimatlar barədə uşaqlara məlumat verirdi. Müharibədə olanda zəng edirdi, bizimlə elə danışırdı ki, sanki müharibədə deyil. Uşaqların dərslərin soruşurdu, mənimlə maraqlanırdı. Fevral ayında övladımız dünyaya gələcək. Oktyabrın 18-i mənə dedi ki, həkimə getmisən? Dedim, səni gözləyirəm, gəl, birlikdə gedəcəyik. Amma mən bundan 2 gün sonra onun şəhid xəbərini aldım. Yoldaşları gəlib soruşdu ki, Fatimə hansı qızınızın adıdır? Dedim ki, mənəm. Dedilər, Camal son nəfəsində "Fatimə" deyə çağırırmış".

"Deyirdi, mən ölmək yox, şəhid olmaq istəyirəm"

Xanımı bildirir ki, Camal hər zaman şəhid olmaq barədə danışıb, onları bu duruma öncədən alışdırıb:

"Şəhidlik barədə o qədər danışırdı ki. Deyirdi, onsuz hamı öləcək, ucuz ölməkdənsə, şəhid olmaq yaxşıdır. Deyirdi, şəhid olmaq mənim işimin bir qoludur. Əvvəlcədən hər bir məqama bizi alışdırıb. O, şəhid olandan sonra gördüm ki, məni mən bilmədən hər vəziyyətə necə hazırlayıbmış. Deyirdim ki, nə qədər ölümdən danışırsan? Deyirdi, mən ölmək yox, şəhid olmaq istəyirəm. Ucuz ölümdən qorxurdu. Deyirdi, mənim məzarım Şəhidlər xiyabanında olmayacaq? Neçə ilin hərbçisiyəm, mənim məzarım gərək Şəhidlər xiyabanında olsun.

Zəng edəndə demişdi ki, çox qəribə hislər keçirirəm ki, mən Qarabağdayam, burada döyüşürəm, inşallah, müharibə qurtaracaq, sizi bura gətirəcəyəm. Qızlarım da bayraqla gələcək, özümüz təzədən Şuşaya bayraq sancacağıq. Camal əslində burada lazım idi, amma o, ərizə yazıb yollanmışdı. Demişdi ki, mən 18 il əziyyət çəkmişəm ki, burada qalım, müharibədə iştirak etməyim?"

"Dünən qızım atasına yazıb ki, ata, gəl.. "

Fatimə xanım igidimizin övladlarına qarşı həssaslığından da bəhs edir:

"Uşaqlarımız hər yerə aparardı, hər xırda şey barədə məlumat verərdi. Özü kitablar tərcümə edirdi, oxuyurdu, hər şey barədə məlumatlı idi. İndi qızlarımın yaşına görə dünyagörüşləri o qədər çoxdur ki… Bəzən onlar darıxır, mənə elə sual verirlər ki, ətrafdakı insanlar deyir, siz uşaqları belə böyüdəndə bunu bilməliydiniz. Dərindüşüncəlidirlər, heç cür uşaq kimi ovundura bilmirəm. Qızlarım deyir, atamızla fəxr edirik, başqalarının yanında heç ağlamarıq. Çünki atamız bizi görür. Mən qızlarıma demişəm ki, bizim bu dünyada ən çətin sınağımız atasızlığımız olacaq. Amma biz yaxşı işlər görərək, Allaha şükr edərək, cənnətə, atanın yanına gedəcəyik. Əlbəttə ki, dərk edirlər ki, ataları daha gəlməyəcək. Amma çox darıxırlar. Dünən qızım atasına yazıb ki, ata, gəl, işdəsənsə, evə gəl. 12 yaşına keçib, hər şeyi bilir, amma beyni yoxluğunu qəbul edə bilmir".

"Deyirdi ki, qız olsa, adını Qəmzə qoyarıq, oğlan olsa, Alparslan"

Şəhidimiz öncədən fevral ayında dünyaya göz açacaq körpəsi üçün də ad seçib:

"Oğlumuza bütün yay ad fikirləşdik. Mən ona deyirdim ki, niyə tələsirsən? Dedi, yox, gəl, onun adını tez qoyaq. Deyirdi ki, qız olsa, adını Qəmzə qoyarıq, oğlan olsa, Alparslan. Oğlan adını da bir yerdə qərarlaşdırmışdıq. Hər ay körpə üçün öncədən geyimlər alırdı ki, bunu filan ayda, digərini filan ayda geyinər. Hər şey almışdı öncədən. Özü olmasa da, övladımız atasının aldığı, atasının əli dəyən paltarlarda böyüyəcək. Oğlum doğulsun böyüsün, inşallah, onu xüsusi təyinatlı kimi görmək istəyirəm. Atası da deyirdi ki, onu 3 yaşından idmana qoyacağam. Onun arzusunu mən yerinə yetirəcəyəm. Oğlu onun yolunu davam etdirəcək.

Son 3-4 ayı elə bil hiss edirdi, bizim yanımızdan ayrılmaq istəmirdi. İşdən gəlirdi, deyirdi, hazırlaşın, gedək gəzməyə. İşdən 5 dəqiqə vaxt qalsa, o 5 dəqiqəni bizim üçün ayırardı. Onun istirahəti biz olmuşduq. Deyirdi, siz xoşbəxt olanda, mən sevinirəm. İşin ağırlığını onda atırdı. Bəzən deyirdim ki, yorulmamısan? Deyirdi, yox. Evə gələndə də qızlarından soruşurdu ki, bu gün sizi nə xoşbəxt edib, bu gün sizi nə üzüb? Öncə psixoloji söhbətlər edirdi. Daha sonra dərslər barədə maraqlanırdı".

"Oğluma deyəcəyəm ki, sən ananın bətninəndə atanın tabutunu çiyninə qaldırdın"

Fatimə xanım deyir ki, Camalın vəsiyyətini də yerinə yetirib. Oölu bətnində olan ana onun tabutunu çiyinləri üzərinə qaldırıb:

"Onunla danışanda deyirdim ki, Camal, filan yerlər azad olunub, xəbərin var? Mənə gülürdü. Mən bilirdim ki, o, həmin yerdə döyüşüb, amma mənə demirdi. Aprel döyüşlərindən gələndə bizə heç nə danışmamışdı. Bilirdim ki, döyüşdən də gəlsə, heç nə danışmayacaq. Camal mənə həmişə deyirdi ki, oğlumuz olmasa, bəs mənim tabutumu kim qaldıracaq? Mən onun cənazəsinə girdim, özüm yoldaşımın tabutunu qaldırdım. Gələcəkdə oğluma deyəcəyəm ki, sən ananın bətninəndə atanın tabutunu çiynində qaldırdın, çiynində onu daşıdın. Camalın bu istəyini də mən yerinə yetirdim".

Naibə Məmmədova
Cebhe.info


Oxunma sayı: 16655