hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Dollar bu sahədə manata uduzur

Dollar bu sahədə manata uduzur

“Proses bu formada davam edərsə, gələn il üçün manatla olan depozitlər dollarla olan depozitləri üstələyə bilər”

Əmanətlərin dollarlaşması səviyyəsi geriləməkdə davam edib. 2019-cu ilin oktyabr ayında fiziki şəxslərin banklardakı cəmi əmanətləri 205.8 milyon manat artaraq 8 milyard 811,1 milyon manata yüksəlib. Sentyabr ayının sonunda fiziki şəxslərin banklardakı cəmi əmanətləri 8 milyard 605.3 milyon manata çatmışdı. Mərkəzi Bankın xəbər verir ki, sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin banklardakı cəmi manat əmanətləri 116.5 milyon manat artaraq 3 milyard 926.7 milyon manata, xarici valyutadakı əmanətləri isə 89.3 milyon manat artaraq 4 milyard 884.4 milyon manata yüksəlib. 

2019-cu ilin oktyabr ayının sonunda fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin 44,6 faizini manat əmanətləri, 55,4 faizini xarici valyutadakı əmanətlər təşkil edib. Sentyabrın sonunda bu nisbət müvafiq olaraq 44,3 faiz və 55,7 faiz təşkil etmişdi. Beləliklə, manat əmanətlərinin dollar əmanətlərindən daha sürətli artması ilə əlaqədar olaraq fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin dollarlaşması nisbəti 0,3 faiz bəndi azalıb. 2019-cu ilin oktyabr ayının sonundakı 8 milyard 811,1 milyon manat cəmi əmanətlərin 6 milyard 623.8 milyon manatını və ya 75,2 faizini qısamüddətli (1 ilədək), 2 milyard 187.3 milyon manatını və ya 24,8 faizini uzunmüddətli əmanətlər təşkil edib. Oktyabrda qısamüddətli əmanətlər 165 milyon manat, uzunmüddətli əmanətlər isə 40.8 milyon manat artıb. Qısamüddətli əmanətlərin 3 milyard 277 milyon manatı cari hesablardır. Sentyabr ayının sonu ilə müqayisədə oktyabrda cari hesablar 164.4 milyon manat artıb. 

Maraqlıdır, manat etibarlılığını bərpa edir, yoxsa faiz fərqinə görə dollarlaşması səviyyəsi geriləyib?

İqtisadçı-ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə bildirib ki, son üç ildə dollarda olan əmanətlərin faiz dərəcəsi kəskin şəkildə aşağı endirilib:

“Son illər, hətta qorunan əmanətlərdə belə, dollarla olan əmanətlərin faiz dərəcələri aşağı endirildi, manatla əmanətlərin faiz dərəcələri isə yuxarı qaldırıldı. O zamanlar insanlar faiz dərəcəsinə diqqət etmədən, devalvasiya riskini nəzərə alaraq daha çox əmanətlərini dollarda saxlayırdılar. Buna görə də insanlar depozit qoyarkən daha çox xarici valyutaya üstünlük verirdilər. Amma son iki ilə yaxındır ki, xarici valyutada olan əmanətlərin azalmasını, manatla olan əmanətlərin artmasını müşahidə edirik. Bunun da bir neçə əsas səbəbi var. Bu il üçün büdcədə neftin qiyməti 60 dollardan götürüldü, gələn il üçün isə neftin büdcə qiyməti 55 dollar nəzərdə tutulub. Bu il dünya bazarında neftin orta qiyməti nəzərdə tutulandan artıq oldu. Analoji proqnozların gələn il də olacağı yönündə konkret rəylər var. Həm neftin qiymətinin proqnozlaşdırılan həddə olması, həm ölkədə bank sektorunda, həm də iqtisadiyyatda stabilləşmə və tədrici artım meyilləri manata olan inamı artırıb”.

Ekspertin sözlərinə görə, yaxın aylarda ölkədə devalvasiya riski sıfıra bərabərdir: 

“Bəzən Neft Fondunun hərraclarda satılmayan dollarını Mərkəzi Bank intervensiya edərək alır. (İntervensiya- bir subyektin digərinin iş və fəaliyyətinə bu fəaliyyət sahəsinə daxil olmaq və ya buraya şəxsi maliyyə vəsaitləri qoymaqla iqtisadi təsir göstərməsidir). Bu gün Neft Fondunun hərraclara çıxardığı dollar bankların tələbindən çoxdur. Bu səbəbdən də yaxın aylarda ölkədə devalvasiya riski sıfıra bərabərdir. Buna görə də əhalinin manata olan etibarı artıb və bu inamı saxlamaq üçün hökumət əlindən gələni edir. Əgər bu inam olmasaydı, faizlərdə olan fərq o qədər özünü göstərməzdi. Ötən illərdə dollarla olan depozitlərin faiz dərəcəsi 2-3 faiz, manatla olan əmanətlərdə isə 8-10 faiz idi. Yəni arada təxminən 5-7 faiz fərqi var idi. Əgər hər hansı bir devalvasiya riski olsaydı, əhali bu fərqə baxmazdı. Manatla olan əmanətlərin artımında əsas rolu inam oynayır”.

Dollarlaşması səviyyəsinin geriləməsi uzunmüddətli davam edərsə, iqtisadiyyata nə kimi təsirləri olar?

Analitik bunun çox müsbət bir proses olduğunu deyib: 

“Ümumiyyətlə, dollarlaşmanın  iqtisadiyyata çox böyük zərərləri var. Xarici valyutada olan əməliyyatların azalmasının (dedollarizasiya) iqtisadiyyata xeyri çoxdur. Banklar daha çox manatla depozit cəlb etdikdə milli valyutada bir o qədər çox kredit verə bilirlər. Bu zaman kurs fərqi riskinə məruz qalmır. Digər tərəfdən, ölkədə dollarla əməliyyatların həcmi azalır, manatla olan əməliyyatların həcmi artır. Deməli, milli valyutaya qarşı olan inam artır. Proses bu formada davam edərsə, gələn il üçün manatla olan depozitlər dollarla olan depozitləri üstələyə bilər. Hazırda manatla olan depozitlər 47 faiz civarındadır, gələn il üçün bu göstərici 49-51 faiz manatın xeyrinə dəyişə bilər. Bu çox müsbət tendensiyadır, davam etməsi arzuolunandır”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 925