hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Dollara qarşı yeni “döyüş” başlayır

Dollara qarşı yeni “döyüş” başlayır

ABŞ dollarından imtina məsələsi yenidən gündəmə gəlib.

Bu dəfə milli valyuta ilə ticarət əlaqələri qurmaq istəyən tərəflər son zamanlar iqtisadi əməkdaşlığı genişləndirmək istiqamətində addımlar atan Rusiya və Türkiyədir. Belə ki, Rusiya "Birləşmiş Taxıl Şirkəti" (OZK) ilk dəfə Rusiya rublu ilə taxıl satacağını açıqlayıb. Rusiya "Birləşmiş Taxıl Şirkəti"ndən verilən açıqlamada, şirkətə bağlı "Grain Export SA"nın Türkiyəyə 60 min ton taxıl satışına dair tenderi qazandığı qeyd olunub. "Grain Export SA" Rusiya taxılını 10-27 sentyabr tarixləri arasında Mersin limanına təslim edəcək:

"Türkiyə ilə əldə olunan razılaşmaya əsasən, taxılın ixracı rubl ilə aparılacaq. Ödəniş üçün milli valyutanın seçilməsi iqtisadi elastiklik və məzənnə risklərinin azalmasını təmin edir”.

Qeyd edək ki, Türkiyəyə rubl üzərindən taxıl ixracının ilk pilot sınağı 2018-ci ilin oktyabrında edilib. Türkiyənin ticarət naziri Ruhsar Pekcan isə bir müddət əvvəl verdiyi açıqlamada Rusiya ilə ticarətdə milli valyutaların istifadəsini artırmağı hədəflədiklərini söyləmişdi.

Məlum olduğu kimi, bundan əvvəl də milli valyutalarla ticarət edilməsi məsələsi müxtəlif dövlətlər tərəfindən gündəmə gəlib. Bununla ölkələrin dollar asılılığından, bununla da dolayısı ilə ABŞ-ın iqtisadi hegemonluğundan azad olması mümkün görünsə də, dolların iştirakı olmadan dövlətlərarası ticarət əlaqələrinin qurulmasının iqtisadi mexanizmi tapılmır.

Dövlətlərası ticarət əlaqələrinin ümumilikdə milli valyutaya keçilməsi mümkün görünürmü və bu iqtisadi cəhətdən səmərəli ola bilərmiə

İqtisadçı ekspert Pərviz Heydərov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, istənilən halda Rusiyanın Türkiyəyə satdığı taxılın qiyməti dünya bazar qiymətlərinə yaxın və ya ona bərabər olacaq:

“İstər Rusiya, istərsə də Türkiyə satdıqları məhsulu dünya bazar qiymətlərindən nə kəskin formada yüksək, nə də aşağı qiymətlərə sata bilməzlər. Dünya bazar qiymətləri isə ABŞ valyutası ilə ölçülür. Rusiya və Türkiyənin bir-birilə milli valyutaları ilə ticarət etmələri böyük əhəmiyyət kəsb eləmir. Hər iki milli valyutanın dəyəri son nöqtədə ABŞ dolları ilə ölçülür. Qlobal iqtisadiyyat elə bir inteqrasiya olunmuş şəkildədir ki, ayrı-ayrı ölkələrin bir-birilə ticarətlərini hansı valyuta ilə aparmasından asılı olmayaraq, ümumən dünya iqtisadiyyatında qiymətləri müəyyən edən aparıcı valyutalar var. Onların başında da ABŞ dolları, Çin yuanı, Yaponiyanın yeni, Avropa Birliyinin avrosu və s. dayanır”.

Pərviz Heydərov bildirir ki, dünyanın dollar asılılığından qurtulması yaxın müddətdə real deyil:

“Ona görə ki, dünya iqtisadiyyatının dörddə bir hissəsi ABŞ iqtisadiyyatının payına düşür. ABŞ valyutasını aparıcı valyuta edən əsas səbəb də odur ki, onun arxasında dünya üzrə istehsal edilən Ümumdaxili Məhsulun 25 faizini təmin edən ABŞ iqtisadiyyatı dayanır. Ona görə də yaxın zamanlarda Rusiya-Türkiyə, Rusiya-Çin və ya bu kimi ölkələrin qarşılıqlı ticarət əlaqələrində öz milli valyutalarından istifadə etmələri strateji baxımdan heç nəyi ifadə etmir”.

Bu cür ticarət əlaqələrinin tərəflərə iqtisadi səmərəsinin olub-olmayacağına və açıqlamada deyildiyi kimi iqtisadi elastiklik və məzənnə risklərinin azalmasını təmin edə bilməsinə gəlincə, iqtisadçı deyir ki, bunun ölkələrə cuzi ticari səmərəsi ola bilər:

“Bunu daha çox maliyyəçilər yaxşı deyə bilər, fikrimcə ölkələrin milli valyutalarının ABŞ valyutası ilə qarşılıqlı məzənnəsi məsələsində hardasa cuzi bir təsirinin olması mümkündür. Amma düşünmürəm ki, Rusiya-Türkiyə ticarət əlaqələrində milli valyutalardan istifadə olunması rubl-dollar və ya rubl-lirə münasibətlərində əhəmiyyətli rol oynasın”.

Pərviz Heydərov deyir ki, ümumiyyətlə, dünyanın istənilən ölkələrinin bir-birilə ticarət əlaqələrində milli valyutadan istifadəyə keçməsi hazırkı dönəmdə real görünmür:

“Bunun konkret mexanizmi ortaya qoyulmalıdır. Məsələn, Rusiya taxılı Türkiyəyə rublla satır, bu məhsul lirə ilə münasibətə çıxanda məzənnə nəyə, əsasən, müəyyən olunur - yenə də məsələ dünya birjasına gəlib çıxır. Rusiyanın istər taxıl, istərsə də hərbi texnika olsun, onu dünya qiymətindən kənar Türkiyəyə satması mümkün deyil. Rusiyanın və ya Türkiyənin bütün iqtisadçıları yığışsa da, bu real deyil. Real olsaydı, Rusiya ilə Çin arasında mümkün olardı. Bundan əvvəl bu Rusiya və Çin arasında gündəmə gəlmişdi. Vladimir Putin Çinə getdi, oranın rəhbəri Ruiyaya gəldi, danışdılar, qərara gəldilər. Hər dəfə deyildi ki, razılığa gəlinəcək, amma bu baş vermədi. Siyasətçilər razılığa gələ bilərlər, amma iqtisadçılar mexanizm ortaya qoya bilməyəndə bu “suyun üzərində sabun köpüyü”nə bənzəyir”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1431