hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Dolların aqibəti üçün mühüm qərar: FES ziddiyyət qarşısında? - TƏHLİL

Dolların aqibəti üçün mühüm qərar: FES ziddiyyət qarşısında? - TƏHLİL

Sentyabrın 18-də ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası keçiriləcək. 

İclasda uçot dərəcəsi yenidən nəzərdən keçiriləcək. FES-in bu gün açıqlanacaq faiz qərarı  dünyanın diqqət mərkəzindədir. Ekspertlər hesab edir ki, bu qərar sonrakı aylarda dünya iqtisadiyyatındakı meyllər üçün bir kompas rolunu oynaya və ya hadisələrin axarını dəyişə bilər. 

İqtisadçı-ekspert Elman Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, FES-in özü də ziddiyyətli vəziyyətlə üzləşib:

“Bu ziddiyyətli məqam ABŞ iqtisadiyyatı və dünyanın digər güc mərkəzlərinin iqtisadi göstəriciləri arasındakı qütbləşmənin getdikcə artmasıdır ki, bu da son nəticədə nə ABŞ, nə də dünya iqtisadiyyatları üçün yaxşı heç nə vəd etmir. Məhz bu qütbləşmə bu gün FES-i qərar qəbul etməkdə daha tərəddüdlü bir vəziyyətdə qoyur”. 

İqtisadçının qənaətincə, FES başçısı Cerom Pouell mətbuat konfransında öz çıxışını əsasən 2 istiqamətdə quracaq: 

“Birinci istiqamət ABŞ, ikinci isə dünya iqtisadiyyatındakı vəziyyət. FES sədri ABŞ iqtisadiyyatındakı göstəriciləri əsas gətirərək vəziyyətin yaxşı olduğunu qeyd edəcək. Həqiqətən də ABŞ öz tarixinin ən yaxşı iqtisadi dövrlərindən birini yaşayır. FES-in hazırda diqqətli bir şəkildə izlədiyi əsas məsələ neftin qiymətlərinin artımının inflyasiyaya təsiridir. Bu təsir olacaq, yoxsa olmayacaq, olacaqsa nə qədər olacaq? Yüksək qiymətlər nə qədər müddət davam edəcək? Bu kimi digər narahatlıq doğuran məsələnin istiqraz bazarı olduğu qeyd olunacaq. ABŞ birjalarının indekslərinə də toxunacaq FES başçısı, əsas qayğının dünya iqtisadiyyatı olduğunu bildirəcək. Qeyd edim ki, dünən Nyu-York Federal Ehtiyatlar Bankı REPO əməliyyatları vasitəsilə maliyyə sektoruna 53.2 milyard ABŞ dolları inyeksiya etmişdi. Dünyada son bir neçə gün ərzində SWAP bazarında hiss olunan dollar qıtlığı ABŞ-ın özünə də transfer oldu. Hələlik bu qıtlıq geniş miqyasda hiss olunmasa da, dünya maliyyə sistemi bunu xüsusilə son günlər hiss etməyə başladı. Beləliklə, dünya iqtisadiyyatı və maliyyə sektorundakı təlatümlərin birbaşa və dolayı yolla ABŞ-a təsir etmək ehtimalları, dolların təkcə ABŞ-ın deyil, həm də dünyanını ehtiyat valyutası olması səbəbi nəzərə alınaraq FES-in qərarının dünya iqtisadiyyatındakı meylləri, Mərkəz Banklarının faiz azaltma yarışlarını da nəzərə almasının vacibliyini vurğulanacaq”. 

Elman Sadıqovun sözlərinə görə, növbəti illərdə dünya iqtisadiyyatındakı resesiya və böhran borc problemlərinin transformasiyası nəticəsində likvidlik böhranı olacaq: 

“Bu gün dünya iqtisadiyyatı belə bir ziddiyyətli nöqtəyə gəlib. Bir tərəfdən dünya ölkələri, xüsusilə də dünya iqtisadi güc mərkəzləri arasındakı rəqabət, digər tərəfdən yaranmış və dərinləşməkdə olan problemlər ortaq məsələlərə çevrilib. İstiqraz bazarlarındakı vəziyyət yaranmaqda olan likvidlik problemi, iqtisadi geriləmə və yaranacaq risklərin yoluxucu olması və s. məsələlər güclü iqtisadiyyata malik olan ABŞ-ı narahat etməyə bilməz. Ziddiyyətli məqam isə budur: həm ciddi rəqabət mövcuddur, həm də qlobal iqtisadi artımın yavaşımasının dərinləşməməsi üçün əməkdaşlıq vacibdir. Yuxarıda qeyd olunanları nəzərə aldıqda, FES başçısının bazara konkret və aydın mesajlar verməyəcəyi (hər hansı tərəfə ciddi meyllərin yaranmaması üçün), ikili mesajlar verəcəyi və yaranacaq vəziyyətlərə uyğun davranacağını vurğulayacağı gözlənilir”. 

Analitik hesab edir ki, dünya maliyyə bazarları FES-in 0.25 faiz bəndi həddində faiz endirməsini artıq nəzərə alıb: 

“Faizin endirilməməsi isə ciddi qeyri-müəyyənlik və ajiotaja səbəb ola bilər. Lakin dünya iqtisadiyyatında baş verən hadisələri əsas gətirərək FES-in 0.5 faiz bəndi həddində faiz endirmə ehtimalı da var. Məhz bu variant dünya maliyyə bazarını nisbətən rahatladan müsbət senari olardı. Bu halda ABŞ iqtisadiyyatı üçün qayğı inflyasiya göstəriciləri və fond bazarlarında köpüklərin yaranması məsələləri olar ki, bunu da diqqətli bir şəkildə nəzarət altında saxlayacaqlarını vurğulayarlar. Qənaətimcə, 0.5 faiz bəndi endirilməsi ehtimalı da az deyil. Maliyyə bazarlarında dollar çatışmazlığının yaranması meylləri olarsa, FES-in kəmiyyət yumşalmasına getmə qərarı da istisna deyil. Başqa sözlə, FES bazara lazım olduqca dollar inyeksiya edə biləcəyini vurğulayacaq”. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 1365