hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Dövlət orqanlarının geyimlə bağlı özbaşına qadağası: “Hətta alt paltarıyla bağlı da qanunda qadağa yoxdur” - HÜQUQŞÜNAS

Dövlət orqanlarının geyimlə bağlı özbaşına qadağası: “Hətta alt paltarıyla bağlı da qanunda qadağa yoxdur” - HÜQUQŞÜNAS

Bakı şəhər sakini Azər Kərimov “şortik” geyindiyinə görə notariat kontoruna buraxılmadığını deyir.

A.Kərimov adıçəkilən problemlə Nəsimi rayonu 54 saylı notariat kontorunda qarşılaşdığını bildirib. O qeyd edib ki, hadisə 10 gün öncə baş verib: “İdarəyə etibarnamə almaq üçün getmişdim. Əynimdə də “şortik” vardı. Bu zaman notariusun köməkçisi yaxınlaşıb dedi ki, bu geyimdə məni içəri buraxa bilməz.

Ona belə bir qadağanın olmadığını izah etsəm də, yenə də polisə göstəriş verdi ki, məni içəri buraxmasınlar. "ASAN xidmət"ə də “şortik”də getmişəm, heç nə deyən olmayıb.

Məcburən yoldaşım ora yaxınlaşdı. Ancaq sənədlər mənimlə bağlı olduğuna görə məsələmiz həll edilmədi. Mən tələsik həll etməli olduğum məsələyə görə əlavə vaxt itirdim və başqa notarius xidmətinə müraciət etməli oldum”.

Maraqlıdır, vətəndaşın dövlət orqanlarına girişi zamanı onun geyimi ilə bağlı qanunvericilikdə hansı qadağalar var?

Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlaması zamanı bildirib ki, qanunvericilikdə vətəndaşın geyimi ilə bağlı məhdudiyyət yoxdur:

““Şortik” artıq qəbul edilmiş geyim tərzidir. Alt paltarla getsəydi, bəlkə də, deyilə bilərdi ki, ictimai yerlərdə alt paltarla gəzmək olmaz, etik deyil və bu səbəbdən də içəriyə buraxılmır. Lakin şəhər içərisində, ictimai yerlərdə “şortik” geyinib gəzənlərin çox olduğunu görürük. Hüquqi aktlarda belə bir məhdudiyyət olmadığı üçün hesab edirəm ki, bu subyektiv yanaşma olub. Kiminsə, hansısa məmurun xoşuna gəlmir ki, kimsə ictimai yerdə “şortik” geyinsin və şəxsin girişini qadağan edib. Lakin bu qanunauyğun hərəkət deyil. Geyimlə bağlı qadağalar yoxdur”.

Hüquqşünas qeyd edib ki, hətta heç bir hüquqi aktlarda göstərilməyib ki, dövlət orqanlarında, ya da ictimai yerlərə alt paltarı ilə gəlmək olmaz:

“Bu, yalnız ictimai əxlaqın, dünyagörüşünün formalaşmasına zidd kimi qəbul edilir. Böyük əksəriyyət belə geyim formalarını qəbul etmədiyi üçü başa düşülə bilər. Hüquqi aktlarda əks etdirməlidirlər ki, dövlət orqanlarının inzibati binasına “şortik”lə, şəpitlə, digər geyimlərdə daxil olmaq olmaz. Bu zaman qəbul edilən ola bilər, əgər hüquqi aktlarda yoxdursa, deməli, qanunsuz qadağadır”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 6986