hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Dövlətin boynunda olan böyük yük: Necə xilas olmalı? - AÇIQLAMA

Dövlətin boynunda olan böyük yük: Necə xilas olmalı? - AÇIQLAMA

“Dövlət şirkətləri bu gün dövlətin boynunda olan böyük yükdür. Dövlət Neft Şirkəti də, hansı ki, Azərbaycanın ən böyük vergi ödəyicisidir, o da bu yaxınlara qədər qazlaşdırma üçün dotasiya alırdı. Belə olmaz. Buna son qoymaq lazımdır, həm rəhbərliyin möhkəmləşdirilməsi baxımdan, həm də idarəetmənin təkmilləşdirilməsi baxımından. Kim yeni qaydalara əməl etməsə, düzgün, dürüst, şəffaf işləməsə məsuliyyətə cəlb ediləcək".

Bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında bildirib.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə bir sıra dövlət şirkətlərinin Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilməsi və onların Müşahidə Şuralarının yaradılmasının ölkə iqtisadiyyatı üçün önəmli islahat hesab etdiyini bildirib.

Məlumdur ki, dövlət şirkətlərinin qeyri-şəffaf fəaliyyəti, rəqəmlərin şişirdilməsi nəticəsində zərərlə işləməsini bəyan etməsi, büdcədən asılılığı illərdir ki, müzakirə mövzusudur. Əgər bu durum aradan qalxarsa, təbii ki, ölkə iqtisadiyyatına təsirləri böyük ola bilər. Dövlət büdcəsindən külli miqdarda dotasiyaların ayrılmasının qarşısı alınar. Həmin vəsaitlərin daha lazımlı istiqamətlərə yönəlməsi təmin olunmuş olar ki, bu da ilk növbədə vətəndaşların rifah səviyyəsinin yüksəlməsinə xidmət edər.

İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, dövlət qurumlarının dövlət büdcəsinin “boynunda yük olması müstəqil ekspertlər tərəfindən illərdir ki, deyilir:

“Bu yük ildən-ilə ağırlaşır. Hazırda aparılan islahat müəyyən təsirlərə malik olacaq, amma məsələ orasındadır ki, bu problemi kökündən həll edə bilməyəcək. Əvvəla paralel idarəetmə qanadları yaranır ki, bunun özü də israfçılıqdır. Sözsüz ki, həmin adamların da əməyinin qiymətləndirilməsi hər hansı formada həyata keçiriləcək. Digər tərəfdən isə bu effektiv idarəetmə olsa da, yavaş-yavaş sıradan çıxacaq. Çünki bu inzibati tədbirdir. Sistem ora aparmır ki, idarəetmə saflaşsın və səmərəliləşsin”.

İqtisadçı hesab edir ki, yeganə yol həmin qurumların özəlləşdirilməsidir:

“Özəlləşdirmə də bir şirkəti bir məmura satmaqla yox, bir neçə sahibkara satılması yolu ilə həyata keçirilməlidir ki, həmin xidmət, fəaliyyət bazarında rəqabət mühiti yaransın. Həmin rəqabət mühiti həm keyfiyyətin artmasına, həm də normal, ədalətli bazar qiymətlərinin yaranmasına gətirib çıxaracaq. Sonda buna gedib çıxacaqlar, amma hələ ki, başqa yolları arayırlar, hesab edirəm ki, bu ciddi səmərə verməyəcək”.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 1398