hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Dünya universitetlərin reytinqi: “Bizim alimlərimizi ciddi qəbul etmirlər”

Dünya universitetlərin reytinqi: “Bizim alimlərimizi ciddi qəbul etmirlər”

“QS World University Rankings” beynəlxalq reytinq təşkilatı dünya üzrə ali təhsil müəssisələrinin yeni reytinqini açıqlayıb.

Reytinqə üç ali məktəb - Massaçusets Texnologiya İnstitutu, Oksford və Stenford Universitetləri liderlik edir.

Reytinqdə Azərbaycanın cəmi iki universiteti yer alıb. Belə ki, Siyahıda yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) adı var.

Rusiyadan 48, Türkiyədən 10, İrandan 6, Gürcüstanın isə yalnız 1 universitet bu siyahıya düşə bilib. Reytinq siyahısında Ermənistanın ali təhsil ocaqları yer almayıb.

Maraqlıdır, universitetlərin reytinqində irəliləməsi üçün nələr lazımdır? Azərbaycan universitetlərinin çatışmayan cəhətləri nələrdir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil sahəsi üzrə ekspert Kamran Əsədov bildirib ki, universitetlərin reytin qazanması üçün müxtəlif amillər var:

“Birinci amil odur ki, ali təhsil müəssisələrinin maddi-texniki bazaları olmalıdır. Maddi-texniki baza dedikdə universitetlərin laboratoriyaları, kampuslarının olması nəzərdə tutulur. Məsələn, ali təhsil müəssisələrinə dünya reytinqində balların verilməsinə baxaq. Birinci yerdə ABŞ-ın Massaçusets Texnologiya universiteti dayanır. Bu universitetin məzunları bütün dövrlərdə inkişafa, dünyanın texnologiya sisteminə öz təsirini göstərir. Reytinqdə ilk onluqda olan universitetlər Birləşmiş Krallığın və ABŞ-ın universitetləridir. Bunlar ona görə reytinqdə olurlar ki, həmin universitetlərin məzunlarını əmək bazarında iş tapmaq faizi və müasir texnologiyada istifadə bacarıqlarına görə öndədir. Təəssüflər olsun ki, Azərbaycan ali təhsil müəssisələrinin elektron kitabxanaları yoxdur, ya da çox zəifdir.

İkincisi, Azərbaycan ali təhsil müəssisələrinin tələbə yataqxanaları yoxdur. Bu problem də həll olunmalıdır. Azərbaycan ali təhsil müəssisələrinin ixtisasları əmək bazarında ehtiyac duyulmayan, müasir dövrün tələblərinə uyğun deyil. Dünya reytinqində Ukrayna, Litva, Estoniya, Belarusun belə universitetləri var. Bu universitetlərin dünya reytinqində olması üçün onları menecerlər idarə edirlər”.

Ekspert qeyd edib ki, bizdə universitetlərin gəlirləri ancaq tələbələrin ödədikləri təhsil haqqlarıdır:

“Əlavə başqa bir ixtiralar yoxdur. Məsələn, 2001-ci illə 2021-ci il arasındakı 20 il ərzində Azərbaycan ali təhsil müəssisələrində heç bir dəyişiklik yoxdur. 20 il əvvəl nələr tədris olunurdusa, indi də onlar tədris olunur. Bu müddət ərzində dünyada isə hər şey dəyişib. 2001-ci ildəki telefonlarla indiki telefonları müqayisə etdikdə görürük ki, indi rahat şəkildə görüntü ilə danışırıq, onlayn konfranslar keçiririk. 20 ildə dünya kifayət qədər çox dəyişib. Lakin bu dəyişikliklərdə Azərbaycan təhsil müəssisələrinin payı yoxdur. Azərbaycan öz tarixi torpaqlarını azad etdi, burada da təhsil müəssisələrinin heç bir payı yoxdur. Nə iqtisadiyyatda, nə siyasətdə, nə mədəniyyətdə, nə də hərbidə. Bütün uğurlarımızda Azərbaycan universitetlərimizin payı yoxdur. Səbəb odur ki, universitetləri idarə edən şəxslərin müasir menecerlik qabiliyyətləri yoxdur. Reytinq siyahısına baxanda görürük ki, ərazisi Bakının yarısının yarısı qədər olan Sinqapurun 2 universiteti var. Həmin 2 universitetdə xaricdən gələn tələbə sayı 80 min nəfərdir. Azərbaycanın 51 universitetində isə xaricdən gələn tələbə sayı 5400 nəfərdir. Onların da 70 %-i bizim dövlətin pulu ilə oxuyur.

Azərbaycana xarici tələbələr gəlmir. Əgər biz universitetlərimizin beynəlxalq reytinqinin artmağını istəyiriksə, elmi-tədqiqat işlərimiz tapşırıqla, pulla keçməməlidir. Azərbaycan alimlərinin kəşflərinə, ixtiralarına istinad edilməlidir. Bizim alimlərimizi ciddi qəbul etmirlər. Biz elmi-tədqiqatlarımızı beynəlxalq əhəmiyyətli etməliyik. Universitetlərin reytinqinin artmasına birinci növbədə xaricdən gələn tələbələrin sayı, onların yataqxanasının olub-olmaması təsir göstərir. Kitabxanalar elektron olmalıdır. Tədris bir neçə xaric dildə olmalıdır. Bizim hazırda ingilis dilində tədris keyfiyyətlərimiz aşağıdır. Bunlar düzəlsə, normal bir xəritə hazırlansa, düşünürəm ki, ən geci 2 ilə Azərbaycan universitetlərini dünya reytinqində irəlilətmək olar. 100 ballıq sistemdə Azərbaycan universitetlərindən ən yüksək bal alanı Bakı Dövlət Universiteti, İqtisadiyyat Universiteti və Xəzər Universitetidir. Onlar da 39-40 bal alıb. Tələbə-müəllim sayı, elmi-tədqiqat işlərinin sayı, xaricdən gələn tələbələrin sayı, ixtiralar, kəşflər, beynəlxalq konfranslarda iştirak etmək – bunların heç biri yoxdur. Bunlar çox dəhşətli rəqəmlərdir.

Amerika 2003-cü ildə universitet yaratdı və həmin universitet dünya reytinqinə düşdü. Biz Türkiyənin, İranın, Qazaxıstanın təcrübəsindən istifadə etməliyik. Qazaxıstanın 8, Polşanın 8 universiteti reytinqdə kifayət qədər ön sıralardadır. Hesab edirəm ki, bizdə ali təhsil pilləsində islahatlara ehtiyac var. Nə qədər ki, kimsə öz qohumunu, tanışını təhsildə vəzifəyə qoyacaq, siz heç zaman dünya reytinqində irəliləməyi gözləməyin. Təhsil sistemində peşəkarlıq azdır”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 903