hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Dünyaya açılan Mehri dəhlizi: Qazanan təkcə Azərbaycan olmayacaq- AÇIQLAMA

Dünyaya açılan Mehri dəhlizi: Qazanan təkcə Azərbaycan olmayacaq- AÇIQLAMA

Azərbaycan Ordusunun Qarabağı, ətraf rayonları işğaldan azad etməsi böyük iqtisadi imkanlar açır.

Bu yalnız Azərbaycan üçün deyil, region ölkələri üçün də avantajlar yaradır. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında dəhlizin açılması dəmir yolu tikintisini gündəmə gətirib. Belə bir dəmir yolunun əhəmiyəti isə Azərbaycanla Naxçıvanın əlqələrini bərpa etməklə yekunlaşmır, bu demək olar ki, bütün region ölkələri üçün əhəmiyyətlidir.

Təsadüfü deyil ki, Türkiyə mətbuatında da bu məsələ diqqət mərkəzindədir. Qeyd olunur ki, bu dəhlizdən istifadə imkanlarının yaranması nəticəsində Türkiyə və Orta Asiyanı bir-biri ilə bağlayacaq birbaşa yol yaranacaq. Eləcə də Ərzurum, Qars, Ardahan, Ağrı və İğdırın hazırda 160 milyon ABŞ dolları məbləğində olan ixracatı 5 mlrd ABŞ dolları səviyyəsinə yüksələcək.

Ərzurum şəhər bələdiyyəsinin sədri Mehmet Sekmen deyib ki, bölgə bu yol vasitəsi ilə daha cəlbedici olacaq.

“İğdırın sərhəd-keçid məntəqəsinin qapısının birbaşa Azərbaycana açılması ticarət həcmimizi ilk mərhələdə ən azı 3 dəfə artıracaq. Hər şey qaydasında getsə, həcm 5 milyard ABŞ dollarına çata bilər. İndiki ticarət yolu çox çətindir və bahadır. İğdır bir cazibə mərkəzi olacaq”, - İğdır Ticarət Palatasının sədri Kamil Aslan belə deyib.

İqtisadçı Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, Naxçıvan dəhlizinin bərpa olunması ilk növbədə Naxçıvan Muxtar Respublikasının inkişafı baxımından önəmlidir:

“Bu məsələnin ilk əhəmiyyətli təsiri Naxçıvanın özünün blokadadan çıxarılmasıdır. Ötən 30 il ərzində Naxçıvanla quru əlaqəsi İran üzərindən qurulub. Bunun üçün iki gömrük xəttinin keçilməsinə ehtiyac yaranırdı, eləcə də 600 km-dən çox məsafənin olması Naxçıvan iqtisadiyyatının birləşdirilməsində kifayyət qədər ciddi çətinliklər yaradırdı. Bu həm Naxçıvanda iqtisadi mühitin formalaşmasına mənfi təsir göstərirdi, həm biznesin xərc yükünü artırırdı, həm qiymətlərin optimallaşdırılması imkanlarını məhdudlaşdırırdı. 2020-ci il ərzində isə pandemiyanın yayılması səbəbindən Naxçıvan təkrar blokada ilə üz-üzə qaldı. İranla quru əlaqələrinin yalnız yük daşımaları üçün açıq saxlanılması, hava nəqliyyatına məhdudiyyətin tətbiq edilməsi Naxçıvanın təkrar blokadaya düşməsinə gətirib çıxardı. Bu insanların kiçik sahibkarlıqla məşğul olma imkanlarını məhdudlaşdırmaqla yanaşı digər tərəfdən də səhiyyə və digər xidmətlərə çıxış imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdı.

Məlumdur ki, bu bölgədə səhiyyə infrastrukturu o qədər də inkişaf etmədiyindən bölgənin insanları daha çox İran, Türkiyə və Bakıya üz tuturdu. Çıxış imkanlarının məhdudlaşdırılması səbəbindən Naxçıvan əhalisi 2020-ci ildə çox ciddi çətinliklərlə üzləşdi. Dəhlizin istifadəyə verilməsi bu problemin həllinə gətirib çıxaracaq. Xüsusilə də Azərbaycanın Qərb bölgələri və Qarabağda əmək qüvvəsinin hərəkəti üçün də kifayət qədər əlverişli şərait yaradacaq. Naxçıvandan hərəkət edən vətəndaş 45 km-dən sonra Qarabağa çata biləcək. Bununla həftəlik, günlük hərəkət imkanları yaranır ki, bu da insanların işlə təminatının genişləndirilməsi deməkdir”.

O bildirib ki, kiçik və orta biznesin Azərbaycanın Qərb bölgələrinə çıxışı üçün xərclərin azalması onun təşəkkülünə şərait yaradacaq:

“Naxçıvanın resurslarının istifadə edilməsi yolu ilə bu bölgənin inkişafı üçün ciddi çağırışlar yaranır. Ümid edirəm ki, bu düzgün yönəldiləcək və biznes üçün də daha liberal mühit yaradılacaq.

Onun sözlərinə görə, Türkiyənin Şərqi Anadolu hissəsinin Naxçıvan üzərindən Azərbaycan iqtisadiyyatına çıxış imkanları yaranır ki, bu da xərcləri optimallaşdırır və biznes üçün əhəmiyyətli olan vaxt itgisinin aradan qalxmasına gətirib çıxarır:

“Hətta Türkiyə tərəfi prosesə start verib. Ötən gün belə bir açıqlama da oldu ki, Türkiyənin Şərqi Anadolu bölgələrinin ixrac potensialı 3 dəfə arta bilər. Burada digər bir məsələ isə Qarabağın bərpası ilə bağllıdır. Məlumdur ki, bu böyük layihədir və on illərlə vaxt tələb edir. Böyük ehtimalla Azərbaycanda bu proseslərdə Türkiyə şirkətlərinə üstünlük verəcək. Belə olduğu təqdirdə Türkiyədən həm mal material, həm də əmək qüvvəsi axınına zərurət yaranacaq. Dəhlizin açılması xərcləri azaltmaqla, prosesin daha çevik şəkildə idarə edilməsi imkanları yaradacaq. Digər tərəfdən artıq Qarsdan Azərbaycana yeni dəmir yolu xəttinin çəkilməsinin layihələndirmə işləri başa çatıb. Azərbaycanın da işğal edilmiş ərazilərdə olan mövcud dəmir yollarının bərpası işləri başa çatandan sonra burada bir dəmir yolu dairəsi yaranacaq - Türkiyə-Naxçıvan–Azərbaycan, eyni zamanda İran-Naxçıvan-Azərbaycan. İranın da bu vəziyyətdən yararlanma imkanları artır.

Məlumdur ki, işğaldan azad olunmuş ərazilərdə iki gömrük məntəqəsi var. Xudafərin gömrük məntəqəsinin istifadə verilməsi İranın Gürcüstan üzərindən Batumi və Avropaya daşımaları həyata keçirməsi üçün əlverişli şərait yaradır. Bunun üçün yeni çəkilən Şuşa xəttindən istifadə oluna bilər və ya Ağdama daxil olmaqla Qazax rayonuna, oradan da Gürcüsana çıxa bilərlər. Bu, İran biznesi üçün də kifayət qədər əlverişli biznes imkanı yaradacaq”.

Rəşad Həsənov deyir ki, Rusiya da bu imkanlardan yararlanacaq:

“Rusiya xüsusilə də dəmi yolu daşımalarında maraqlıdır. Biz Bərdə-Ağdam dəmir yolu xəttinin bərpası prosesinə start vermişik. Növbəti mərhələdə yəqin ki, Xankəndiyə gedən 30 kim-lik hissə bərpa olunacaq və bu xətt də ya Cəbrayıl ya Zəngilan istiqamətində əsas xəttə birləşdiriləcək. Dolayısı ilə Rusiya çox rahat şəkildə öz yüklərini İrana və Türkiyəyə daşıya biləcək. Burada böyük nəqliyyat dəhlizi yaranır. İnfrasturukturdan səmərəli istifadə olunmalı və taariflər liberallaşdırılmalıdır”.

İqtisadçı qeyd edir ki, bu imkanların yaranması bütövlükdə çoxşaxəli turizm marşurutunun formalaşması üçün şərait yaradacaq:

“Həmin bölgələrin, xüsusilə də Naxçıvanın turizm potensialının daha səmərəli istifadə imkanları yaranacaq. Naxçıvanda turizm sektorunda xidmətlərin təşkilində çatışmazlıqlar çoxdur. 100 km-lik məsafələrdə otellərin, motellərin, hətta çayxanaların olmaması turizm potensialının normal dəyərləndirilməsi imkanlarını məhdudlaşdırır. Ümid edirəm ki, orda müvafiq liberal mühit yaradılacaq, infrasturuktur inkişaf etdiriləcək. Dolayısı ilə Naxçıvanın üzərində həm Türkiyə-Naxçıvan-Qarabağ, həm İran-Naxçıvan-Qarabağ istiqamətində əlverişli tur marşurutlar yaratmaq olar”.

Ekspert deyir ki, gələcəkdə apadığı siyasətdən asılı olaraq, Ermənistanın da hansısa formada bu iqtisadi münasibətlərdən yararlanmaq istəməsi mümkündür:

“Ermənistan nəqliyyat infrastrukturundan istifadə etməklə müəyyən üstünlük əldə edə bilər. Təhlükəsiz və optimal nəqliyyat infrastrukturunun qurulması bütün tərəflər üçün çox böyük avantajlar formalaşdırır. Ümid edirəm ki, Azərbaycan hökuməti də bu imkanları daha dolğun dəyərləndirməklə daha uyğun infrasturktur və nəqliyyat siyasəti həyata keçirəcək”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 3532

Bizim Telegram səhifəmizi izləyin