hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

"Əbədiyyət üfüqünün günəşi" - Şəhid qəhrəman haqqında film necə ərsəyə gəldi

"Əbədiyyət üfüqünün günəşi" - Şəhid qəhrəman haqqında film necə ərsəyə gəldi

Çox çətin, lakin şərəfli bir yola çıxdıq. 

Şəhidlərimizi xatirəsini yaşatmaq, onların qəhrəmanlıqlarını gənc nəslə çatdırmaq amacı ilə çıxdıq bu yola. Ağrılı, göynərtili, amma çox şərəfli idi. Hər şəhid ailəsi ilə görüşdükdə, onların doğmaları və əzizləri ilə birgə yaşadıq yaxın keçmişimizi...Sanki illərin yaxınları kimi doğma və əziz oldular bizə. Keçmişləri ilə yaşadıq, bu günləri ilə düşündük və gələcəkləri kimi fikirləşdik. Ən zərif hisslərini, içlərindəki istək və arzuları açdılar bizə. Qəhrəmanımızın həyatının bütün cizgilərini dinlədik.Və bəzən onun atası, bəzən anası, bəzən bacısı, bəzən qardaşı, bəzən həyat yoldaşı və bəzən övladı olmağa çalışdıq. 

Bacardıq ya bacarmadıq, bilmirəm. Amma bilirəm ki, onlar bizə çox doğma və əziz oldular. "Əbədiyyət üfüqünün günəşi" filmimizin qəhrəmanı - şəhid baş gizir Füzuli Salahovun ömür yolunu, qəhrəmanlıq tarixini, döyüş yoldaşlarının və yaxınlarının onun haqqında xatirələrini işıqlandırmağa, şərəfli ömür yolunu, igidlik və rəşadətini təsvir etməyə çalışdıq. 25 illik hərbi xidmət keçmiş, müdavimlikdən kursant, tağım komandirinin müavini, tank əleyhinə batareyanın baş çavuşuna qədər yüksələn, əvvəlcə gizir, sonra baş gizir olan, döyüşlərdə göstərdiyi şücaətə görə şəxsən Ali Baş komandan tərəfindən mükafatlandırılan bir qəhrəmanın... Qəlbi Vətən eşqi ilə döyünən, gözünü qırpmadan şəhadət zirvəsinə ucalan bir insanın... Bu yolda bizə müqəddəs şəhid ruhu kömək oldu. Gözəgörünməz bir qüvvə ilə əlimizdən tutdu, yol göstərdi, istiqamətimizi müəyyənləşdirdi. Elə anlar oldu ki, senaridə nəzərdə tutduqlarımı deyil, onun haqqında yuxumda gördüklərimi canlandırdıq. Onun igidliyi müqabilində hazırladığımız film bir az sakitləşdirdi bizi. Heç bir maliyyə dəstəyi olmadan, filmin müəyyən kadrlarını çəkmək üçün bir neçə gün pul toplayıb, yola çıxdıqdığımız vaxtlar da oldu, aclıq hissinin yadımıza belə düşmədiyi zamanlar da. Rayondakı çəkilişdən gələrkən, gec olduğu üçün həyacan keçirdiymiz vaxtlar da... Lakin bu deyilənlər onun qəhrəmanlığının yanında cılız qalan xırda nüanslardır. Filmin nümayişindən sonra, şəhid anası - artıq mənim də anama çevrilmiş Sevda ananın, bu gün “bacım” deyərək fəxr etdiyim həyat yoldaşı Xəyalə xanımın, bacıları (mənim də bacılarım) Vüsalə, İlahə və Ayselin üzlərindəki minnətdarlıq hissi. Atasının qəhrəmanlıq yolunun davamçısı olan, “Salam Vətən, salam ana" - deyən Nihatımın fəxarətli baxışları haqq yolunda olduğumuzdan xəbər verdi. Və beləcə, bu vicdan borcumu verdiyimə görə bir az rahatlandım. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Şabran rayon İcra Hakimiyyətinə, Şabran hərbi komissarlığına, Şabran Tarix Dövlət Diyarşünaslıq muzeyinə, Gəndov kənd orta məktəbinin şagird və müəllim kollektivinə öz təşəkkürümü bildirmək istəyirəm. Filmdə ecazkar səsi ilə kadrlara bəzək qatan Müşfiqə Baləddinqızının şeirləri səsləndirilən şairlər Müşfiqə Baləddinqızının, E. Məmmədovanın, E.Mətləbin adlarını xüsusi qeyd etmək istərdim. Musiqi tərtibatçımız Orxan Elmanoğluna, səsləndirmələrə görə Fuad Sadıqova, texniki dəstəyə görə həmişə yanımızda olan Hacı Rövşən Əhmədliyə minnətdarlığım sonsuzdur. Və ən böyük təşəkkürüm gecə-gündüz bilmədən bu filmin ərsəyə gəlməsinə çalışan quruluşcu rejissor E.Ağamalıyevə təşəkkür edirəm. Bu, E.Ağamalıyevlə mənim birgə layihəm idi və güman edirəm ki, çox uğurlu da alındı. Sonda isə filmimizə baxan və baxacaq bütün insanlara sonsuz təşəkkürlər.

Mehriban Sadıqova
Cebhe.info


Oxunma sayı: 1328