hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Ədəbi tənqidçi Cavanşir Yusifli: ““Tənqidi cila”nı uyğulamaq çox çətin olsun gərək, çünki indi hamı sənətkardı” – MÜSAHİBƏ

Ədəbi tənqidçi Cavanşir Yusifli: ““Tənqidi cila”nı uyğulamaq çox çətin olsun gərək, çünki indi hamı sənətkardı” – MÜSAHİBƏ

Azərbaycan ədəbiyyatının bir mərhələsi də müasir ədəbi prosesdir.

Bəziləri müasir ədəbi prosesdə yaranan yeniliklərdən məmnun olsa da, bir qisim insanlar da ədəbiyyatda olan problemlərin əsas məsələ olduğunu düşünür.

Oxucunun ədəbiyyata marağının qarşısını kəsən divarı öz qələmilə dəlib, onları könül dünyası ilə tanış edə bilməyən yazarlar, bu məsələdə zəmanə adamını qınayırlar. Bəlkə də onlar haqlıdır.

Çünki informasiya bolluğu ilə yüklənmiş dünyamızda oxucu diqqətini də cəlb etmək bir hünər tələb edir desək, yanılmarıq. Yazarların oxucudan şikayəti, oxucularınsa mövzu rəngarəngliyinin olmamasından şikayəti bir sıra suallar doğurur.

Cebhe.info-nun bu mövzudakı suallarını ədəbiyyatşunas, tənqidçi və tərcüməçi Cavanşir Yusifli cavablandırır.

-Cavanşir bəy, illərdir ədəbiyyat cameəsində qələmlə sözün məna və ahənginə tənqidi cila vuran şəxlərdənsiz. Müasir ədəbi proses yaranan nümunələr və sənətkarlıq baxımından sizi qane edirmi?

-Mən oxuduqlarıma ancaq və ancaq oxucu gözüylə baxıram. Çünki məhz bu halda sərbəst və sakit ola bilərsən. Professional oxucu baxışına yiyələnmək siz dediyiniz “cilaya” çox yaxın olmasa da, hər halda faydalıdır və zənnimcə düzgün istiqaməti göstərə bilir. “Tənqidi cila”nı uyğulamaq çox çətin olsun gərək, çünki indi hamı sənətkardı.

-Son illərdə gənclərin ədəbiyyata, mütaliəyə marağının olmamasından şikayət olunur. Sizcə gənclər ədəbiyyatdan öz maraqlarını cəlb edəcək nələri gözləyirlər?

-İndi insanların maraq dairəsi çox genişdir, hər yaşın da öz məxsusi maraq dairəsi var. Ədəbiyyat, kitab insanların yeganə ehtiyacı deyildir. Oxumaq, mütaliə şəxsi intim məsələdir. Kitabla təmas öhtəlik deyil, şəxsi emosional idraki, intellektual ehtiyacdan doğur. Bu dünyada bütün yaxşı kitablar, onların hər biri vaxtında doğulur və elə vaxtında da öz oxucusunu tapır. Amma nələrsə bir ucdan (həm də ağına-bozuna baxmadan) çap olunur, yayılır, oxunur, reaksiya olmur. Ara-sıra kimsə, hansı kitabısa tərifləyir və bu tərif tirajlanır. Götürüb baxırsan, təəccüblənirsən. Ən primitiv şeyi belə mataha mindirməyin mənası nədi?

Mühit inert vəziyyətdədir. İnternet kitab mütaliəsinə mane olur, kağız nəşrdən alınan zövqü, ləzzəti insanlar artıq yadırğayıblar. İnternetdən nəyi oxusan məlumatfüruşluq olacaq. Düşüncənin məkanı getdikcə daralır. Düşünmədən danışan insanların sayı həndəsi silsiləylə artmaqda, düşüncəsiz yazılan mətnlərin ağırlığı çiyinlərimizdə... Adam var, 5 mindən artıq çox mükəmməl bədii filmə baxıb, hər şeyi bilir, bütün klassikanı oxuyub son nöqtəsinə qədər, ancaq zövq yoxdur. Oxuduqlarını, seyr etdiklərini daxili təcrübəsinə çevirməyib.

-Ədəbiyyatın bir funksiyası da yetişməkdə olan nəslin ədəb və estetik zövqünü formalaşdırmaqdır. Sizcə XXl əsrdə formalaşan ədəbiyyat hələ də bu funksiyasının öhtəsindən gələ bilirmi?

-Ədəb və estetik zövq... bir az mürəkkəb məsələdir və güman eləmirəm ki, bu ayrıca olaraq ədəbiyyatın üzərinə düşsün. Əgər klişelərlə düşünsək və bu günün gəncliyinin zövq nümunəsinə baxsaq, bilmirəm necə mənzərə yaranar. Yaxşı olan budur ki, insanlar özlərini inkişaf etdirməyin yolunu bilirlər, qalır bu yolun dürüst yolçusu olmaq. Kitab, mütaliə təkcə estetik və ya bədii cəhətlə məhdudlaşmır ki. Oxuduğun kitab hər şeydən öncə dünyagörüşü, ideoloji baxımdan özünü ifadə edir. Yəni olur ki, səni “əsir alsın”. Bu da sənin hansı cəmiyyətdə yaşamağından asılıdır. Demokratik cəmiyyətdə oxuduğun, mütaliə etdiyin mətni bir çox bucaqlardan görə bilərsən, ora öz əlavələrini edə bilərsən və sən artıq malik olduğun mədəni qatla o kitab və ədəbiyyatla təmasda olursan. Yarım demokratik, yarım totalitar rejimlərdə vəziyyət radikal şəkildə dəyişir. Deyək ki, Frans Kafkanın “Qəsr” romanı sənə heç bir dəftər və kitabda yazılmayan, hesaba alınmayan bucaqlardan təsir edə bilər. Bizim cəmiyyətdə mən bir müşahidəmi dəfələrlə təsdiqləməli olmuşam ki, adamlar var, mütaliədən sərrast sitatlar çıxarır, bu sitatlarla yaşayır və şübhəsiz, kitabın məğzi qalır bir yanda. Sosial şəbəkələr də ağıllı sözlərlə doludur. Bir qayda olaraq təcrübədə bunun əksi baş verir. Yəni ən doğru sözləri işlədən, əzbərləyən, hətta şifahi danışığında ondan istifadə edən insanlar, bir az təhlükəli olurlar...

-Sovet dövrü Azərbaycan ədəbiyyatının bir çox nümayəndələri universitet auditoriyalarında kəşf edilərək ədəbiyyata qazandırılıb. Bu gün həmin ənənə ya çox zəifdir, ya da ümumiyyətlə yoxdur. Pedaqoqların maraq dairələrinin birtərəfli, yalnız dərs proqramı çərçivəsində inkişafının səbəbi nədir?

-O dövrdə universitet və digər məkanlarda ədəbi dərnəklər vardı. İndi də yaradıcılıq fakültələri var. Amma yetişmək daxili mənəvi məsələdir. Buna kimsə proqnoz verə bilməz. Həm də “o dövr” getdi, bitdi, yoxdu. İndi başqa şərait var və biz bu həyat şərtlərinin içindəyik. Ədəbiyyata çox istedadlı insanlar gəlir, dözmür gedir, amma qalanı da olur. Gözümüzün önündə bədii yaradıcılığa müncər edilən nə qədər “izm” yox olub getdi, sovruldu havaya, efirə qarışdı. Yeni mətnlər yarandı. İndi baxın, 10 il qabağın ədəbi mətnləri artıq demək olar çətin oxunur, yəni xəlbir məsələsi bir az başqa, fərqli anlam daşıyır. Cildləri nəşr edilən filoloqlar var. O cildlərə kiminsə əli toxunmur, niyə? Köhnəliblər. Ola bilər ki, nə vaxtsa, bu əsərlərə qayıdılacaq. Amma indi sürət bir başqadı, çox şeylər ovulub getməlidir ki, yerdə külçə nüvə qalsın və ondan biz gələcək yaradaq.

-İstər keçmiş nağıllar, istərsə də bu gün müasir ədəbiyyatda yaranmaqda olan uşaq ədəbiyyatı nümunələri, uşaqların macərapərəst dünyasını süstləmir. Bu istiqamətdə hansı işlər görmək olar ki, uşaqlarımız Avropa uşaq ədəbiyyatı nümunələri ilə deyil, öz milli ruhlu ədəbiyyat nümunələrimizlə böyüsünlər?

-Kitablar çap etmək. Nağılı yazmamaq, toplamaq. Yaxud yararlı ədəbi nağılları çap etmək. “Mücrü” nəşriyyatı indi bildiyimə görə bununla məşğuldur. Uşaqlarda sözə, hadisə və əşyalara münasibət, reaksiya bizdə olduğu kimi spesifik deyil (biz bir təzə söz eşidəndə deyirik: ah, nə gözəldir!...), qeyri-spesifikdir. Uşaq təxəyyülü bizim bədii mətnlərimizdən yüksəkdədir, o sahəni öyrənmək və spesifik uşaq yazıçısı olmaq çətindir. Ona görə bizdə uşaqlarla bağlı mətnləri “bu da var, desinlər” şüarıyla yazılır.

-Müasir ədəbiyyatın həll etməli olduğu problemlər nələrdir?

-Müasir ədəbiyyat, klassik musiqi… bunlar özlərindən kənara baxaraq problem həll etmirlər. Yazmaq, ədəbiyyat yaratmaq insanın daxili ehtiyacıdır, özünüifadə mütləq şərtdir. Amma hansı əsərin hansı məqamda sənin qarşına çıxıb özünü oxutdurması başqa sıraya, səviyyəyə aid olan məsələdir. O əsər sənin bilgilərinin, dünyagörüşünün sərhədlərini genişləndirə bilər. Dünyaya başqa cür baxmalı olarsan. Dünya qat-qat genişlənib yeniləndikcə bunun nəyin sayəsində olmasını da unudursan. Ədəbiyyat hansısa problem həll etmir, suallar yaradır. Hansısa hadisəni təsvir etmir, heç ifadə də etmir, onun davamını gətirir, özü də məxsusi formada.

-Bu gün yaranan sərbəst şeirlə 60-cılar nəslinin yazdığı sərbəst şeir arasındakı fərq nədir və hansı daha uğurludur?

-Əlbəttə, fərqlər var. Əvvəla, indi sərbəst şeirə o dönəmdəki münasibət yoxdur. Azərbaycan sərbəsti inkişaf edib, imzası olan şairlər yetirib. Vəznə münasibət də o dönəmdəki kimi kəskin qarşıdurma şəklində deyil. Ümumiyyətlə, şeirə münasibət dəyişib. Ciddi nümunələr var, yüksək poetik nümunələr.

-XXl əsrdə yaranan ədəbiyyatdan gözləntiləriniz nədir?

-Ədəbiyyatdan gözləntim nə ola bilər? Poeziyada alabəzək hissiyatın arxa plana keçməsi, bədii mətnlərdə sözlərin “boyunun” qısalması, məna ərzailərinin genişlənməsi... Üslubların, maraqlı imzaların çoxalması.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 15621