hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Ekspert həyəcan təbili çalır: İctimai həyatımızdakı neqativlər...

Ekspert həyəcan təbili çalır: İctimai həyatımızdakı neqativlər...

“Kiçik fasilədən sonra məktəblərdə baş verən intihar və intihara cəhd, dərsdən qaçmaq kimi hallar yenidən gündəmə gəlib. Ümumiyyətlə, mən nəinki məktəblərdə baş verən intihar və intihara cəhdlərlə bağlı olayları, eləcə də son zamanlar geniş müzakirələrə yol açan, dərsdən qaçma kimi bir hadisəni belə videoya çəkmək, ona müxtəlif məna və məzmun verib sosial şəbəkələrdə paylaşmaq, xüsusilə də kütləvi mediada tirajlamaq, hətta televiziya kanallarında yayımlamaq kimi bir tendensiyanın qəti əleyhinəyəm”.

Cebhe.info xəbər verir ki, bu şərhlə təhsil eksperti Nadir İsrafilov çıxış edib. 

Onun sözlərinə görə, bütün bu kimi hallar əsasən, sosial xarakterli təzahürlərdir və bu mənada, ictimai həyatımızda baş verən istənilən neqativlər məktəbə də təsirsiz ötüşmür:

“Cəmiyyət dərsdən qaçanı qınayır, bəs “ailədən qaçanlar”, “taleyindən qaçanlar”, “bəxtindən qaçanlar”, “özündən qaçanlar” azdır məgər...?

Təəssüf ki, hadisənin səbəb və təfərrüatlarına varmadan, bilən də, bilməyən də öz subyektiv təəssüratlarını bölüşür, sanki belə bir hadisənin baş verə biləcəyini qabaqcadan gözləyirmiş kimi... Əlbəttə, baş verənlərə yönəlik emosiyalar da hardasa başa düşüləndir, çünki söhbət insan taleyindən, gələcəyimiz olan yeniyetmə və gənclərin taleyüklü aqibətindən gedir.

Bununla belə bir həqiqəti də dərk etməli və razılaşmalıyıq ki, bu kimi hadisələr ilk mərhələdə polemika obyekti deyil, daha çox təhqiqat obyektidir, yəni istintaq prosedurları hələ tam başa çatmadan şəxsi mülahizələrə və ambisiyalara əsaslanıb, birmənalı şəkildə necə obyekti nəticə çıxarmaq olar ki, bu və ya bu qəbildən olan xoşagəlməz və arzuolunmaz hadisələrin baş verməsində məhz məktəb günahkardır, yoxsa ailə və ya bütövlükdə ictimaiyyət?

Bir mühüm məqamı da nəzərə almırıq ki, bu kimi “proqnozlar”, təkcə bütövlükdə məktəb məfhumuna, valideyn mənəviyyatına, uşaq psixologiyasına ağır və sarsıdıcı zərbə vurmaq deyil, həm də cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına yönəlik bir stimulyator rolunu oynaya bilər. Yeniyetmə və gənclərin təlim-tərbiyəsində, mənəviyyatının formalaşmasında məktəbin rolu və məsuliyyəti nə qədər danılmaz olsa da, baş verənlərdə təkcə məktəbi ittiham etmək, baş günahkar qismində məhz onu suçlamaq bir o qədər də ədalətli mövqe ola bilməz. Məsələyə sosial konstektdə baxmaq lazımdır. Hər şeydən əvvəl ona görə ki, bu kimi hallar təkcə məktəbdə deyil, istənilən yerdə, özü də təkcə bizdə deyil, bütün dünyada baş verir və bundan heç kəs sığortalanmayıb”.

Ekspert bildirib ki, qeyd olunanlar yeniyetmə və gənclərlə təlim-tərbiyə işlərinin təşkilində məktəbin rolunu və xüsusi çəkisini azaltmır:

“İstəsək də, istəməsək də onu da etiraf etməliyik ki, hazırda təhsil müəssisələrində təlim-tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını tam itirməsə də, hər halda müəyyən deqradasiyaya uğraması da istisna olunmur. Başqa sözlə ifadə etsək, təlimə ifrat dərəcədə aludəçiliyimiz əslində tərbiyə məsələlərini bir növ arxa plana keçirib. Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımi səviyyədə təmin etmir.

Zəmanəmizdə tərbiyə bir növ, məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici norövmativ sənəd qəbul olunsa belə, bu prosesin səmərəli təşkilinə hələ tam nail ola bilməmişik. Heç də əbəs yerə deyil ki, Təhsil Naziri "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019- ci il üçün fəaliyyət planını təsdiq edib. Fəaliyyət planında konkret hədəflər üzrə alt hədəflər və ona uyğun olaraq mövzular müəyyənləşdirilmişdir. Fəaliyyət planında əhatə olunan mövzular üzrə tədbirlərin hansı istiqamətdə aparılması belə müəyyənləşdirilib. Nazir Ceyhun Bayramov məsələnin vacibliyinə və zəruriliyinə xüsusi diqqət çəkib: “Ümumi təhsil müəssisələrində mənəvi-psixoloji mühitin yaxşılaşdırılması, tərbiyə işinin səmərəli təşkili məktəb-ailə münasibətlərinin düzgün qurulması ən vacib məsələlərdəndir”.

Nadir İsrafilov onu da əlavə edib ki, Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün yeni bir tələbin qoyulması ilə bağlı “Təhsil haqqında” Qanuna dəyişikliklər edilməsi barədə təklif irəli sürülüb. Bu dəyişikliklərə əsasən, dövlət tərəfindən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacağı nəzərdə tutulub:

“Bu sistemin yaradılması təhsil sahəsində dövlətin vəzifələrindən biri olacaq. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar. Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək.

Gəldiyim nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyənin vəhdəti son dərəcə zəruridir. Nəzərə alsaq ki, məktəb müxtəlif xarakterə malik fərdlər toplumundan ibarət böyük bir müəssisədir, deməli istənilən vaxt, istənilən məktəbdə bu kimi hadisələrin baş verməsi qaçılmazdır və heç bir pedaqoji kollektiv bu sözügedən hallardan sığortalanmayıb. Sadəcə, emosiyalara qapılıb, müxtəlif versiyalar irəli sürmək deyil, sayıqlığı artırmaq, bu kimi hallara qarşı nəzarəti gücləndirmək barədə düşünülməli, məsələyə birtərfli deyil, kompleks şəkildə yanaşılmalıdır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2245