hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Elçibəyin naziri 81 yaşında

Elçibəyin naziri 81 yaşında

Bu gün Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Milli Azadlıq Hərəkatının fəallarından biri, sabiq xarici işlər naziri Tofiq Qasımovun doğum günüdür.

Cebhe.info xəbər verir ki, Tofiq Məsim oğlu Qasımov 10 aprel 1938-ci ildə Ağstafa rayonunda anadan olub.

1945-1955-ci illərdə Ağstafa dəmir yol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika institutuna işə göndərilib. Leninqrad şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.

1987-ci ildən siyasətlə məşğuldur. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biridir.

1988-ci ilin mart-may aylarında Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak edib. 1989-1990-cı illərdən Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub.

1990-cı ildə Azərbaycanın xalq deputatı seçilib. Ali Sovetin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak edib. Həmin sessiyada Sovet Ordusu və Daxili Qoşunlarının Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilib.

Ali Sovetdə “Demblok” adlanan “Müstəqil Azərbaycan” Deputat blokunun üzvü kimi aktiv fəaliyyət göstərib. 18 oktyabr 1992-ci ildə Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulunda aktiv rol oynayıb.

1992-ci ilin mayında Azərbaycan Respublikasının Xarici işlər naziri təyin olunub. Bu vəzifədə 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. Bir çox dövlətlərdə keçirilən beynəlxalq konfranslarda, beynəlxalq təşkilatların toplantılarında Azərbaycanı təmsil edib.

2 qızı var. Hazırda həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayır.

Aydın
Cebhe.info


Oxunma sayı: 2090