hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Əli Kərimli 5 illik cəbhəçini meydanda necə tək qoydu...

Əli Kərimli 5 illik cəbhəçini meydanda necə tək qoydu...

Fevralın 7-də Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə geniş kollegiya iclası keçirilib. 

Baş prokuror Zakir Qaralov çıxışında bildirib ki, xalqın dəstəyindən məhrum olan, nüfuzunu, sosial dayaqlarını tamamilə itirmiş, ölkəmizdə İslam dövləti yaratmaq xəyalında olan radikal-terrorçu qüvvələrlə işbirliyi qurmuş, ermənipərəst xarici dairələr tərəfindən idarə olunmaqla qanunsuz maliyyələşən Əli Kərimlinin rəhbəri olduğu “Yurd” təşkilatı ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edərək varlıqlarını sübut etmək naminə diqqəti özlərinə cəlb etməklə gündəmdə qalmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə etməyə çalışırlar. 

Baş prokurorun bu çıxışı bizi maraqlandırmır. Ona görə ki, bu, çıxış olsaydı da, olmasaydı da Əli Kərimlinin indiyə qədər dəfələrlə müzakirə mövzusu olmuş fəaliyyətində məhz hansı məqamlara üstünlük verdiyini görmək mümkündür və bunu bilənlər də çoxdur.

Reallıqda və cəmiyyətdə demokrat, dünyəvilik prinsiplərinə sadiq siyasətçi olduğunu dəfələrlə vurğulasa da, öz fəaliyyəti nəticəsində haqqında formalaşan rəyi dəyişmək iqtidarında olmayan “Yurd” sədrinin gah “Avropa dəyərlərinə sadiq”, gah da İrançı olduğu heç kəsə sirr deyil.

Yəni, bu münasibət sırf onun şəxsi maraqları üzərində formalaşır. Heç bir xətdə də sabitqədəm olmur. Lakin heç bir halda da özü üçün müəyyənləşdirdiyi xətdən çıxmır. İstəyir həm Avropanın, həm də İranın istəklərinin ifadəçisi olsun ki, şəxsi maraqları təmin edilsin. 

Hər zaman, hətta Güneydə milli-azadlıq hərəkatının ən qızğın çağlarında belə bunun üstündən sükutla keçən “Yurd” sədri üçün din də bir siyasətdir. Son illərdə ölkədə dini dövlət yaratmaq meylində olan şəxslərlə əlaqəsi, siyasətdə varlığını qorumaq üçün bu qüvvələrdən istifadəyə cəhd Kərimli siyasətində aparıcı ana xətt olub. Bəlli ittihamlarla həbs olunan şəxsləri "siyasi məhbus" adlandırıb keçirdiyi azsaylı mitinqlərdə onlara azadlıq tələb etməklə də zaman-zaman “aldığı borcları qaytarıb”. Amma Kərimli ilə yaxından-uzaqdan tanışlığı olan hər kəs bilir ki, bu şəxs üçün müqəddəs və daimi heç nə yoxdur- hər şey və hər kəs istifadəyə yararlı olduğu müddətcə dəyərlidir. 

Qalanı Əli Kərimli üçün təfərrüatdır, hətta insan həyatı belə. Belə olmasaydı, öz maraqları naminə qurban verdiyi şəxsləri təhlükə hiss etdiyi və ya maraqlarının bitdiyi  anda dəftərindən silib atmazdı. 

Bu insanların siyahısında kimlər yoxdur ki? Tanınmış siyasətçilərdən, hərəkatçılardan, fəallardan tutmuş sıravi cəbhəçilərə qədər… 

Onlardan biri də Ramal Məmmədəliyevdir. Sadəcə həmin qurbanlardan biri.  2010-cu ildən Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatda təmsil olunub. Dindar olmasa da, Kərimli ondan radikal dindarlar və İranla “münasibətlərində” yararlanıb. Bu şəxs məhz Əli Kərimlinin təlimatı ilə 2008-ci ildən bəri dəfələrlə İrana gedərək oradan dini ədəbiyyat gətirib. Məlumata görə, bu kitablar arasında hətta Hacı Talehin İranda nəşr olunan kitabları da olub. Nəhayət, 2015-ci ildən hüquq-mühafizə orqanları bu “aylıq səfərlər”dən şübhələnib və o, 25 dekabr 2015-ci ildə saxlanılıb.

Ancaq saxlandığı zaman maddi sübut olmadığına görə sərbəst buraxılıb. Kərimlinin “dost üzü” də bundan sonra görünməyə başlayıb. Bir zamanlar “əməliyyat” arxasınca göndərdiyi şəxsi görməzdən gələn Kərimli o qədər “demokrat” olub ki, Ramal Məmmədəliyevi sosial şəbəkələrdə bloklayıb, telefonlarına cavab verməyib, görüşlərdən imtina edib. Ramal Məmmədəliyev nə qədər çalışsa da, Kərimli ilə əlaqə yarada bilməyib. Sosial şəbəkədə və telefonda bloklandığı üçün digər şəxslər vasitəsilə Əli Kərimlidən görüş istəyib. Lakin bu da, mümkün olmayıb. 

Əli Kərimli görüşdən və müdafiədən imtina edib. Eləcə də ətrafını da çəkindirib. Bununla da öz maraqları naminə qurbana çevirdiklərinin siyahısına daha birini əlavə edən Kərimli yaxınlığında olmuş şəxslərlə ənənəvi münasibətini bu dəfə də təkrarlayıb. Təhlükə anında geri çəkilmək və o zamana qədər “mübarizə yoldaşı” adlandırdığını qurban vermək. Yəni, Kərimli köhnə şakərini yenidən işə salıb. 


Vəziyyətinin çətinliyini, müdafiəsiz qaldığını görən və tora düşdüyünü anlayan Ramal Məmmədəliyev 2015-ci ilin əvvəlində istintaqdan yayınmaq üçün Almaniyaya mühacirətə gedib. 2018-ci ildə deport təhlükəsi ilə üzləşib. Bu dəfə Əli Kərimli başqa adam vasitəsilə məsələnin həllinə çalışıb, çünki Ramalın qayıdacağı təqdirdə hadisələri necə var etiraf edəcəyini bilib. Yəni, vəziyyət məhz bu həddə çatanda Əli Kərimli peyda olub. Təbii ki, özü yox, “sehrli əli”. Məhz həmin “sehrli əli” ilə Ramalın deport edilərək Azərbaycana göndərilməsinin qarşısını alıb. 

Çünki... “Çünki”si Kərimlinin planında və qarşı tərəfin sifarişində gizlənir. Heç bir işini şansa buraxmaqdan xoşlanmayan Kərimli üçün Ramal və Ramal kimi şəxslər “arzuolunmazlar” siyahısındadır. Çünki ölkəyə qaytarılacaqları təqdirdə Kərimlinin qaranlıq əlaqələrinin ortaya çıxarılmasında “ipucu” ola bilər, yəni istintaqa onun əleyhinə ifadə verə bilər. “Yurd” sədri buna imkan verə bilməzdi və məhz buna görə də son illərdə kəlmə kəsmədiyi şəxsi dəstək arayışları ilə Almaniyada saxlamağa qərar verib.

Təbii ki, ancaq və ancaq öz maraqları xatirinə... O maraqlar ki, Əli Kərimli siyasi fəaliyyətində ancaq və ancaq onları əsas tutur. Şəxsi maraqlar Əli Kərimli üçün hər şeydən üstündür - vətəndən də, xalqdan da, dövlətdən də...

Ərtoğrul 
Cebhe.info


Oxunma sayı: 1212