hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Əli Kərimli Elçibəyə qarşı "savaş"a "demokratiya köynəyi"ni necə geyindirirdi...

Əli Kərimli Elçibəyə qarşı "savaş"a "demokratiya köynəyi"ni necə geyindirirdi...

İndi isə onu tənqid edənləri necə təhqir etdirir?

Siyasi meydanda daim özünütəsdiq axtarışında olan və tapa bilməyən, bunu AXC və müxalifətin lideri olmuş Əbülfəz Elçibəyin zamanında onun “başı üzərindən” müxtəlif ssenarilərlə həyata keçirməyə cəhd edən “Yurd” sədri Əli Kərimli üçün təkcə siyasətdə yox, hətta həyatda da müqəddəs dəyər yoxdur. “Yurd”a rəhbərlik etdiyi dönəmdən bəri AXCP daxilində qruplaşma yaratmaqda da bütün bacarığını ortaya qoyan Kərimli Elçibəyin sağlığında onun əleyhinə açıq və gizli kampaniya aparmaqla özünü AXCP sədri postuna hazırlayırdı. Bunun üçün dəstəkləyicilərindən ibarət bütöv bir komanda formalaşdırır, bu komandanın hər bir üzvünə ayrılqda təlimatlar verir, təlimatların icra vəziyyətilə şəxsən maraqlanır, zamanı gəldiyində istifadə etdiyi bu qüvvələrin özünü də vurub sıradan çıxarmaq üçün çeşidli planlar hazırlayırdı. 

Şahidləri heç yerdə sevmirlər və xüsusən də siyasətdə. Amma Əli Kərimli bir şeyi unudurdu, tarix ən böyük şahiddir və onu yaddaşlardan silmək heç kimə nəsib olmayıb. 

Nəzarətində olan mətbuat orqanlarında, təsiri altında saxladığı nəşrlərdə bir qrup jurnalistin əli ilə Əbülfəz Elçibəyin sağlığında deyil, vəfatından sonra da onun əleyhinə kampaniyaya start verəndə də Kərimli üçün müqəddəs heç bir dəyər artıq qalmamışdı. Sağlığında Elçibəyin özü, vəfatından sonra isə ruhu ilə “savaş” halında olan Kərimli anlayırdı ki, Elçibəysevərlər, onun yolunu davam etdirənlər, ona sadiq qalanlar, Elçibəy idealogiyalarını siyasətdə əsas götürənlər olduqca, onun AXCP-yə tam mənada “yiyələnməsi” mümkün deyil. Buna görə də özünə yaxın olan mətbuat və jurnalistlərin əli ilə cəmiyyətə yanlış informasiyalar ötürür, müzakirələr açmağa təşəbbüs göstərir, siyasətdə Elçibəy yolunun müxalifətə, yəni dolayısı ilə özünə heç bir yararı olmayacağını dəstəkləyirdi. “Azadlıq” da daxil olmaqla bir neçə qəzetdə Elçibəyin siyasət adamı olmadığı, müxalifətin məğlubiyyətində onun məhz bu xüsusiyyətinin önəmli rol oynadığı, müxalifətin mübarizədə “Elçibəy yolu”ndan imtina etməli olduğu barədə yazılar görünməyə başlamışdı. Nümunə verək.

“Azadlıq” qəzetinin  26.06.2002 tarixli sayında İsrail Musayevin imzası ilə dərc olunan  “Yarımçıq qalmış Segah” adlı yazıdan bir parça:

“...Siyasətlə əxlaqın əməli sintezindən dərs vermək istəyənlər də olacaq. Təəssüf ki, siyasətlə əxlaqın üzvü sintezinə cəhd edənlərin təcrübəsinin sonu bir qayda olaraq həmişə üzvü sintez yox, əcaib bir hibridlə nəticələnib. Əxlaq mutanlaşıb, qoşalaşdığı siyasətin ərkinə, sadist şıltaqlığına dözən, nəinki dözən, siyasəti buna təhrik edən mazoxist bir fahişəyə çevrilib...

...Əbülfəz bəyin siyasətə qoşulması uşağına çörək almaq üçün bazara gedən adamın puldan istifadə etmək məcburiyyətində qalması kimi bir şeydir. Onun isə nə puldan xoşu gəlirdi, nə də onu qazanmaqdan...

...Mütərəqqi Şərq əxlaqının cövhərini öz ruhuna hopdurmuş Əbülfəz bəyin xarakteri müasir rasionalçılığa yovuşmurdu...

... “Elçibəy yolu”, “Elçibəyin siyasi platforması” kimi ifadələr siyasi populizmdən başqa bir şey deyil...

...Ona görə də Əbülfəz bəyin taleyinin siyasət müstəvisinə zorən keçmiş son 15 ilini araşdırmaq fikrinə düşən tədqiqatçılar onun fəaliyyətində siyasi uğurlar və ya uğursuzluqlar, dövlət idarəçiliyində nailiyyətlər və ya səhvlər axtaranda səhv yola düşmüş olacaqlar. Çünki Əbülfəz bəy siyasət adamı deyildi. Onun insan kimi ən böyük səhvi də AXCP-dən ən sərt şəkildə qoyulmuş prezidentliyə namizədliyinin irəli sürülməsinə könülsüz də olsa verdiyi razılıq oldu. Yadıma gəlir ki, buna o vaxt AMİP sədri E.Məmmədov etiraz etmişdi. 

Mahiyyətcə Elçibəyin nəyə qadir olduğunu duyan Etibar bəy prezidentlik kürsüsünün Elçibəyi şəxsiyyətcə kiçildəcəyini desə də, bu etirazda nəzəri cəhətdən haqlı olduğunu tam açıqlaya bilmədi...

Və Elçibəy-dünya malında, şan-şöhrətində gözü olmayan, elə prezidentlik dövrünü də demək olar ki, prezidentlikdən əvvəl aldığı bir dəst kostyumla keçirən Elçibəy çox güman ki, nəfsini boğa bilmədi...”

Bu, o dövrün “Kərimli mətbuatında” yer alan nümunələrdən ancaq biridir. Bu məqalələrin müəllifləri Kərimlidən aldıqları birbaşa təlimatla Elçibəyə qarşı cəbhə açır, onun vəfatından sonra da bu cəbhədə rahatlıqlarını təmin etmək üçün savaşır, özlərinə yeni imkanlar qazanırdılar. Elçibəy onlara ölümündən sonra da qazandırırdı...

Dövr dəyişdikcə bu cəbhədən ayrılanlar bu dəfə üzlərini yox, arxalarını Əli Kərimliyə çevirirdilər. “Kərimli cəbhəsi”ndə missiyasını başa vuranlar başqa “cəbhələr”, “Yurd” sədri isə missiyanı həvalə etmək üçün yeni-yeni imzalar tapır, yeni-yeni ssenarilər qururdu. Sonralar özünü “müxalifətin lideri” elan etdiyi dönəmdən etibarən Elçibəyin ruhu ilə olan savaşa son qoymağa özündə cəsarət tapmayan Kərimli “əbədi hazırlıq” mövqeyində dayanırdı. Çıxışlarında Elçibəyin adını dilinə gətirməsə də, davranışlarında bu ADın belə onün üçün hansı baryerləri qurduğunu açıq göstərirdi. Elçibəy ideologiyası Kərimlinin geyinə bilməyəcəyi köynək idi, ona başqa zövqlərə uyğun biçilmiş köynəklər və onları almaq üçün pul lazımdı.  Kərimli onları tapdı, həm köynəyi, həm pulu...

“Yurd” üzvü olan müxbirlərin Əbülfəz Elçibəy barədə söylədikləri əxlaqa uyğun gəlməyən fikirlərə mətbuatda münasibət bildirən Kərimli bunu demokratiya hesab etdiyini bildirir, Elçibəy ideyalarını “Ulus”qəzetində lağa qoyan bir yazıyla bağlı suala “Mən də fikirləşirəm ki, axı niyə partiya üzvlərindən biri bu fikirdə olmasın”,- deyirdi. Daha sonra əlavə  edirdi:

“Bu məqamlarda bir qədər dözümlü olmaq lazımdır”. O zaman, 1999-cu ildə dözümlülükdən danışan, Elçibəyin tənqid edilməsinə yox, lağa qoyulmasına “demokratiya” deyən Əli Kərimli üstündən illər keçəndən, demokratik dəyərlərə daha yaxşı öyrəşmiş olmalı olduğu indiki məqamda- 2019-cu ildə, düz 20 il sonra özünə qarşı kiçik bir tənqidi belə qəbul edə bilmir, dərhal trol ordusunu tənqidçisinin üstünə göndərir, onları şantaj etdirir, hədə-qorxu gəlir, öz söyüş və təhqirlərini “demokratiya” hesab edir. 

“Ulus” qəzetindəki sözügedən yazının müəllifi mərhum Mahir Səmədov isə “Şərq” qəzetinə 13.01.2000-ci ildəki müsahibəsində “Əli Kərimov ELÇİBƏYİN başının altına yasdıq, ayağının altna qumbara qoyanlardandır. Onun dəstəsi Elçibəyin ünvanına müxtəlif imzalarla yüzlərlə məqalələr yazdırıb. Əgər onun mənə irad tutmağa könlü var idisə, bəs inhisarında saxladığı “Azadlıq” qəzetində AXCP sədrinin əleyhinə gedən yazıların qarşısını niyə saxlamırdı və indi də saxlamır?”,- deyə etiraf edirdi. 

Zamanında Elçibəyə qarşı səhvlərə yol verən çoxları sonradan bunun səhv olduğunu ETİRAF etdilər. Etiraf növbəsinin Əli Kərimlidə olduğunu zənn etmirik, buna onun cəsarəti çatmaz və hətta etiraf etsə belə, kimsə ona inanmaz. 

Dünyada hər şey dəyişir. Dəyişməyən bircə şey var- TARİX. Və Kərimli bu tarixdə öz adı və əməlləri, Elçibəyə qarşı apardığı uğursuz mübarizə ilə qalacaq...

Ərtoğrul 
Cebhe.info


Oxunma sayı: 1212