hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Əli Kərimlinin İran sevgisi - “Yurd” lideri Güneyə dəstək aksiyasını necə pozmağa çalışdı...

Əli Kərimlinin İran sevgisi - “Yurd” lideri Güneyə dəstək aksiyasını necə pozmağa çalışdı...

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Abbas Lisani 20 gündən çoxdur ki, “yoxa çıxıb”. İranın hökumət qüvvələri güneyli fəalı oğurlayaraq naməlum istiqamətə aparıb.  

Azərbaycanda, ABŞ-da və Avropada yaşayan soydaşlarımız, milli fəallar, milli düşüncəli insanlar Abbas bəyin taleyindən narahatdır. Bir neçə gündür ki, “Abbas Lisaniyə azadlıq” kampaniyasına başlanılıb. Demək olar ki, bütün siyasi qüvvələr, partiyalar, siyasətçilər bununla bağlı mövqe bildirib. Lakin “Demokratik Qüvvələrin Milli Şurası” və Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd” təşkilatı bu mövzu ilə bağlı əsasən susqunluq içindədir. Düzdür, Əli Kərimli Facebook və İnstagram sosial şəbəkəsindəki hesablarında mövzuya "dəstədən geridə görünməmək üçün" ötəri toxunub, amma Güney Azərbaycan mövzusunda bir sıra araşdırmaların müəllifi, tarixçi professor, Milli Şuranın sədri Cəmil Həsənli ümumiyyətlə susur. Əslində, bu adamlardan Əbülfəz Elçibəyin daim həssaslıq göstərdiyi Güney mövzusuna xüsusi diqqət gözləməyə dəyməz. Çünki onlar hər zaman Elçibəyin Bütöv Azərbaycan xəttinə qarşı olublar. İranın xoşuna gəlməz deyə Əli Kərimlinin nəzarətində olan mətbuat orqanları heç zaman Güney Azərbaycan mövzusuna həssaslıq göstərməyib. Əksinə, bu yöndə fəaliyyəti ələ salıb, lağ ediblər. Əli Kərimli 1995-ci ildə Xalq Cəbhəsinin rəhbər strukturlarını ələ keçirəndən bəzən açıq, bəzən də gizli metodlarla Elçibəyin siyasətinə zidd getməyə başlayıb.

Elçibəy hər zaman Güneydə gedən prosesləri diqqətdə saxlayır, ana dili və milli kimlik uğrunda mübarizədə güneyli soydaşlarımıza dəstək verirdi. 

1996-cı ilin yazında İranda keçirilən parlament seçkilərində Təbrizdən namizədliyini vermiş Mahmudəli Çöhrəqanlı xeyli səs toplamışdı. Lakin fars şovinistləri Güney Azərbaycan türklərinin hüquqları uğrunda mübarizə aparan bu milli düşüncəli ziyalını parlamentə buraxmaq istəmirdilər. Ona təzyiqlər başlanmışdı. O vaxt Kələkidə olan Elçibəyin təşəbbüsü ilə Çöhrəqanlıya böyük dəstək kampaniyası başladıldı. AXCP sədri dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edərək onları baş verənlərə laqeyd qalmamağa çağırdı. Təbii ki, AXCP-nin Bakı rəhbərliyinə də bu barədə təlimat verilmişdi. Partiyanın Gənclər Komitəsinə (GK) İranın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirmək tapşırığı verildi. Lakin Əli Kərimli və “Yurd” şəbəkəsi Elçibəyin başlatdığı kampaniyanı pozmağa, aksiyada iştirak etmək istəyən gəncləri ələalma və şantaj yolu ilə bu yoldan çəkindirməyə çox çalışdı. 

Xatırlayırıq ki, gənclər aksiyanı mayın 9-a təyin etmişdilər. Həmin aksiyanın təşkilatçılarından biri deyir:

"Aksiyaya bir gün qalmış Əli Kərimli Gənclər Komitəsinin ozamankı sədri ilə görüşüb piketi təxirə salmağı tələb etdi. Görüşdə o zaman AXCP rəhbərliyində təmsil olunan digər şəxslər də iştirak edirdi. Əli Kərimli bildirdi ki, Piruz Dilənçi onunla görüşüb və xahiş edib ki, aksiya ertələnsin. Qeyd edək ki, bu şəxs Bakıda yaradılmış “Cənubi Azərbaycan Parlamenti” (CAP) adlı qurumun sədri idi və onun İranla şübhəli əlaqələrinə dair məlumatlar dolaşırdı. CAP sədri həmin ərəfədə Kələkiyə, Əbülfəz Elçibəyə də şantaj xarakterli məktub yazmışdı və onu “İran kəşfiyyatı ilə əməkdaşlıq etməyə” çağırmışdı. Görüşdə bu məqamı önə çəkən gənclər aksiyanın təxirə salınmasının doğru olmadığını bildiriblər.  Ertəsi gün Bakıda İran səfirliyinin qarşısında izdihamlı aksiya keçirildi. İranın tapşırığını yerinə yetirə, aksiyaya mane ola bilməyən Əli Kərimli bunu unutmadı və piketi təşkil edən bizlərə qarşı təzyiqlərə başladı". 

Bu əslində Əli Kərimlinin dünyagörüşü, siyasi düşüncələrilə bağlı deyildi. O zaman “Yurd”çu yazarlar Əli Kərimlini və dəstəsini Elçibəyin sadiq tərəfdarlarından ayırmaq üçün onu “islahatçı” adlandırır, hesab edirdilər ki, “Yurd” lideri daha “praqmatik” siyasətçidir, utopist deyil. (“Yurd”çular bütöv Azərbaycan ideyasını utopiya adlandırırdılar-müəll.) Lakin Əli Kərimlinin Güney hərəkatına, Bütöv Azərbaycan düşüncəsinə qarşı olması həm də onun İranla şübhəli əlaqələrilə bağlı idi. Bu gün də elədir. Əli Kərimli artıq 10 ilə yaxındır ki, həbsdə olan Taleh Bağırzadənin rəhbərlik etdiyi “Müsəlman Birliyi” ilə yaxınlıq edir. Hacı Talehin İrana bağlı olduğu, Qumdan təlimat aldığı kimsəyə sirr deyil.

Əli Kərimli -“Müsəlman Birliyi” yaxınlığı hətta  müttəfiqlik səviyyəsinə çatıb. Milli Şuranın 2016-ci ilin sentyabr mitinqinə “Müsəlman Birliyi” də dəstək vermişdi. Hətta o aksiyada radikal dindarlar o qədər çox idi ki, buna mitinqin təşkilatçısı olan Qərbmeylli şəxslər də etiraz etmişdi. Göründüyü kimi, “Qərbpərəst”, Avropaya inteqrasiyaya meylli siyasətçi kimi təqdim olunsa da, Əli Kərimli insan hüquq  və azadlıqlarını boğan gerilikçi İran rejimi ilə ciddi əlaqələrə, ortaq dünyagörüşünə sahibdir. Əgər İrana xidməti maddi təminat qarşılığında edirsə, bu, lap pis. Demək, bu adamın liberal dəyərlərə bağlılığı yoxdur, saxta demokratiya aşiqidir.

Aydın Turan
Cebhe.info


Oxunma sayı: 1192