hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Əli Əliyev: “Hiss ediblər ki, Əli İnsanovun bir az pulu var, ona şirnikləniblər” - MÜSAHİBƏ

Əli Əliyev: “Hiss ediblər ki, Əli İnsanovun bir az pulu var, ona şirnikləniblər” - MÜSAHİBƏ

Cebhe.info və “Cümhuriyət” qəzeti partiya sədrləri, tanınmış siyasətçilərlə gündəm mövzularının müzakirəsini davam etdirir. 

Növbəti qonağımız Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevdir. Onunla ölkədəki son ictimai-siyasi durumu, seçkiyə hazırlıq məsələlərini müzakirə etdik.

- Əli bəy, sosial şəbəkə hesabınızın oğurlanması ilə bağlı məlumat vermişdiniz. Həmin səhifədən ardıcıl olaraq fərqli açıqlamalar yayıldı. Səhifənizi kim oğurlamışdı və necə qaytardınız?

- Sosial şəbəkədə böyük səhifəyə malik olmaq, ondan siyasi təbliğat vasitəsi kimi istifadə etmək böyük güc deməkdir. Mənim də səhifəm kifayət qədər aktiv idi. Səhifəm üzərində etdiyim paylaşımlara 100 minlərlə adam baxırdı. Görünür, sosial şəbəkələr hakimiyyətin nəzarət etmədiyi təbliğat vasitəsi olmadığından hücuma məruz qaldıq. Çox maraqlıdır ki, ölkədə siyasətçilərin mütləq əksəriyyətinin səhifəsi var, orada fəaliyyət göstərir, təbliğat aparırlar. Amma səhifəsi oğurlanan tək mənəm. Əlimdə dəlil yoxdur, amma mən baş verənlərdən belə başa düşürəm ki, səhifəni oğurlayanlar hökumətdə təmsil olunanlardandır. Çünki səhifə oğurlanandan sonra orada edilən paylaşımların məzmunu, istiqaməti, hədəfləri müxalifət daxilində gərginlik yaratmaq məqsədi güdürdü. Gərginliyin yaradılması da yalnız hökumətə sərf edə bilər. Əgər məqsəd mənim fəaliyyətimin məhdudlaşdırılması olsaydı, səhifə oğrulanıb sıradan çıxarılardı. İkinci məqsəd mənim nüfuzuma ziyan vurulması, hörmətdən salınmam və müxtəlifətin digər nümayəndələri ilə münasibətlərimdə gərginlik yaratmaq olub. Hesab edirəm ki, bu işin arxasında hökumət nümayəndələri durur. Bunun hansı qatdan gəldiyini deyə bilmərəm. Mənim şəklim, partiyanın emblemlərini özündə əks etdirən bir səhifənin başqa şəxslər tərəfindən idarə olunması müxalifətin, fəaliyyətimizin, partiyanın və şəxsən özümüm maraqlarıma ziddir. Ona görə də ictimaiyyətə müraciət edirəm ki, səhifənin qapadılması üçün müraciətlər olunsun. Bununla bağlı iki dövlət orqanına - Dövlət Təhlükəsizlik Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmişdim. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən formal olsa da, cavab gəldi, amma DTX, ümumiyyətlə, məktuba cavab vermədi. Bu da dövlət orqanlarının siyasi təşkilatlara olan münasibətinin göstəricisidir. Amma biz bundan usanmırıq, öz fəaliyyətimizi davam etdirəcəyik. Artıq yeni səhifənin açılması ilə bağlı qərar vermişik, bunun üzərində iş gedir. Çalışacağıq ki, daha ciddi təhlükəsizlik tədbirləri həyata keçirilsin. Bir qədər vaxt aparır, amma yaxın günlərdə yeni səhifə elan olunacaq.

“Bu gün də bəziləri elə bilir ki, səhifədən paylaşım edən mənəm”

- Sosial şəbəkədə son 1-2 ayda sizə qarşı kifayət qədər tənqidi statuslar, rəylər yazıldı. Bunun səbəbi nə idi? 

- Səhifənin oğurlanmasını insanlar dərhal fərq etmədilər. Amma kimlərsə bu tənqidləri məqsədli şəkildə edirdilər. Səhifənin fərq etdiyim gün, yəni 19 oktyabrda mitinq günün ikinci yarısında, saat 18:00-dan sonra oradan paylaşımlar edilməyə başlandı. Amma səhifəyə müdaxilə 17 oktyabrda olub. 2 gün gözlədilər, mənim diqqətimi kütləşdirdilər. Ona görə də addım atmadım. Amma paylaşımlar edilməyə başlananda dərhal efirə çıxdım və ictimaiyyətə açıqlama verdim ki, belə bir hadisə baş verib. Təbii ki, bu günün özündə də bəzi adamlar elə bilirlər həmin səhifədən paylaşım edən mənəm. Çünki ictimaiyyət mütəmadi olaraq siyasətlə məşğul deyil. Hər dəfə paylaşımlar qarşısına çıxdıqca görür. Ona görə də hər fürsətdə səhifə ilə bağlı baş verənləri ictimaiyyətə çatdırıram. Nə qədər səhifə bağlanmayıb, bu prosesi davam etdirəcəyəm. Sadəcə olaraq, etdikləri bu miskinlik adamda təəssüf doğurur.

“Kişinin düşməni olar”

- Siyasətdə düşmənləriniz çoxdur?

- Bunu birmənalı demək olmur, təbii ki, adamın dostu da, düşməni də olar. Mənə düşmən olduğunu açıq ifadə edənlər də olmamış deyil. Olsun, mən bundan narahat deyiləm. Kişinin düşməni olar. 

“Proseslər qanun çərçivəsindən çıxarılmamalıdır”

- Əsasən radikal qüvvələr sizin tutduğunuz yolu ciddi şəkildə tənqid edir. Hətta bir ara ailə məsələlərinizi də bu söhbətlərə qatdılar...

- O, radikal müxalifətin işi deyildi. O, mənə son 15 ildə siyasətdə uduzan tərəfin işi idi ki, bu səviyyəyə enirdilər. Radikal müxalifətdə şəxsi münasibətlərə enmə məsələsini görməmişəm. Ola bilər ki, kuluarlarda danışırlar. Radikal müxalifət deyəndə siyasətdəki təsadüfi adamları nəzərə almaq lazım deyil. Onlar mövsümü adamlardır, olublar, bundan sonra da olacaqlar. Onların dediklərini mən ciddiyə almıram, siz də almayın. Təbii ki, tərbiyəsizlik edənlərin cavabı verilib, veriləcək də. Amma o məsələdə haqlısız ki, bəzi siyasi qüvvələr bizim mövqeyimizi bəyənmirlər. Həyat isə göstərir ki, biz haqlıyıq. Məsələn, 19 oktyabrla bağlı bir çoxlarından fərqli olaraq çox aydın mövqeyim var idi. Ümumiyyətlə, proseslərin hüquq müstəvisindən çıxarılmasının tərəfdarı deyiləm. Azərbaycanda proseslər qanun çərçivəsindən çıxarılmamalı, hakimiyyət boşluğu yaranmamalıdır. Hakimiyyət əvvəlki ənənəvi tezislərindən imtina edir. Belə ki, bir il ərzində çox hadisələrə şahidlik etdik. İqtidar bir il ərzində bir neçə dəfə minimum əməkhaqqını, pensiyanı qaldırıb. Əhali ilə canlı təmas qərarları verilib. Şəhidlərin “qan pulu” ödənilib. Zəlzələ ilə bağlı vətəndaşlarla görüş oldu. Bir çox məsələlər olub ki, əvvəllər biz buna şahidlik edə bilməzdik. Bütün bunlar hakimiyyətin geriyə addımlarının nümunəsidir. Bir halda ki, biz internetin, mətbuatın gücündən istifadə edib iqtidarı zəif sala bilmişiksə, onları güzəştə məcbur etmişiksə, ölkə ictimaiyyətini maarifləndirərək vəziyyəti ideoloji nöqteyi-nəzərdən hakimiyyətin monopoliyasından çıxarmışıqsa, deməli başqa işləri də edə bilərik. Ona görə də biz güclü olduğumuz müstəvidə qalmağa davam etməliyik. Bizim güclü olduğumuz müstəvi isə hakimiyyətə qarşı intellektual mübarizədir. Cəmiyyət bilməlidir ki, onun haqqı harada, hansı miqyasda, kimlər tərəfindən yeyilir. Qarabağın işğalda qalmasının səbəbləri cəmiyyətə göstərilməlidir. Seçkilərin saxtalaşdırılmasının fəsadları cəmiyyətə izah olunmalıdır. Birilərinin işi cəmiyyəti siyasi maarifsiz saxlamaqdırsa, biz bunun əksini etməliyik. Ona görə də 19 oktaybr mitinqi ilə bağlı konkret mövqeyimi ifadə etmişdim ki, cəmiyyət hələ kütləvi mitinqlərə, razılaşdırılmamış aksiyalara hazır deyil. Bu açıqlamadan sonra bəziləri məni hakimiyyətə işləməkdə, təlimat almaqda qınayırdılar. Amma zaman keçdi, təxminən 10 gündən sonra həmin mitinq təşəbbüskarları özləri geri addım atdılar. Özləri dedi ki, cəmiyyət bu proseslərə, razılaşdırılmamış aksiyalara hazır deyil, insanların gözünü “qırmaq” olmaz. Eynilə mənim səsləndirdiyim ifadələr idi. Bu, onu göstərdi ki, bizim yolumuz düzdür. Bu gün də öz fikrimdə qalıram. O qənaətdəyəm ki, hakimiyyət bizi güc müstəvisinə, qanunsuz mübarizəyə dartır, cəmiyyətin kiçik bir hissəsinin radikallaşmasından sui-istifadə etmək istəyir. Bunların baş tutmaması üçün biz buna getməməliyik. Biz aydın şəkildə hakimiyyətdən güclüyük. Məsələn, deputatlar mənimlə debatdan qaçırlar. Bu, bizim gücümüzdən qaynaqlanmır, söhbət mövqedən, haqlı olmaqdan gedir. Onlar debatlara gələ bilməyəcək qədər zəifdirlər. Yəni bizim güclü olduğumuz müstəvi intellektual mübarizədir. Bu da öz bəhrəsini verməyə başlayıb. Cəmiyyətdə oyanma, bilgilənmə var. Bu üstünlüklərdən düzgün etməyi bacarmalıyıq. 

- Əli İnsanovla bağlı mövqeyiniz maraqlı olardı. Təcrübəli siyasətçi kimi onun fəaliyyətini necə dəyərləndirirsiz? İndiyə qədər olan siyasi yolu və indi yaratdığı partiya uğurlu nəticə verə bilərmi?

- Bu suala cavabı Əli İnsanov üzərindən vermək istəmirəm. Prinsip olaraq bir məsələyə münasibət bildirəcəyəm. Hesab edirəm ki, xalqa qarşı edilən hərəkətlərdə  bu və ya başqa formada, miqyasda iştirak etmiş adamlar müxalifətin liderinə çevrilməyə cəhd etməməlidirlər. 2005-ci ildə bunu Fərhad Əliyevlə bağlı da demişəm. O vaxt da Fərhad Əliyevi bəzi adamlar müxalifətin liderinə çevirmək istəyirdilər. Bunu müxalifətdaxili müzakirələrdə də ifadə etmişəm. Baxmayaraq ki, ayrı-ayrı adamlar şəxslərin pul və təcrübəsinin olmasını əsas gətirərək bunu mümkün hesab ediblər. Bu gün də Əli İnsanovla bağlı mövqeyim eynidir. Rəsul Quliyevlə bağlı da mövqeyim məhz bu cürdür. Bir adam hakimiyyətə ona görə gəlir ki, ziyanlı işlər görsün və sən də bunu görmürsənsə, deməli zəif siyasətçisən. Yox, görüb öz mənfəətinə görə arxasınca getmisənsə, onda riyakarsan. Amma bütün hallarda hər insanın yanlış yoldan qayıtmaq haqqı var. Biz müsəlmanıq, bizdə tövbə qəbul olunandır. İnsan ola bilər ki, kiməsə etibar edib, inanıb. Bu, mənim taleyimdə də olub. Zaman gəlir başa düşürsən, onda həmin yoldan çəkilmək haqqın var. Amma sonrakı fəaliyyətində nələrəsə iddia edəndə müəyyən şeyləri güdməlisən. Məsələn, İslamda nəyisə bilmədən edirsənsə, bu, günah sayılmır. Oruc bilmədən pozularsa, namazı gecikdirib qəzasını qılarsan, günah sayılmaz. Ola bilər ki, insanlar bilmədən nəsə edib. Amma bu da o miqyasda fəaliyyət göstərən, nazir postunda olan, bütün qara işlərdə iştirakçı olan, qurulmasında təşkilatçı olan adamın bunları bilməməsi qeyri-mümkündür. Əli İnsanov son 14 ildə çox ciddi siyasi performans göstərib. Həbsdən çıxdıqdan sonra da öz mövqeyində qaldığını ifadə etdi. Təcrübəli şəxsdir, savadlı adamdır. Həbs müddəti göstərdi ki, iradəsi də yerindədir. Amma bütün bu keyfiyyətlər hələ siyasi lider olmaq anlamına gəlmir. Hesab edirəm ki, hər bir şəxsin, o cümlədən Əli İnsanovun partiya yaratmaq haqqı var. Bu yolda olmaq hər bir vətəndaşın haqqıdır və bu addımı atanlara uğur arzu edirəm. Amma qəbul edilmiş təşkilat komitəsi və sonra müşahidə etdiyimiz hadisələrdən göründü ki, partiya haqqında qərar yanlışdır. Bir halda ki, təşkilat komitəsi elan olunur, sonradan isə həmin adamlar bundan imtina edir, deməli nələrsə düzgün hesablanmayıb. Doğrusu, Əli İnsanovun arxasında daha ciddi, cəmiyyətin tanıdığı olan şəxslərin olacağı qənaətində idim, amma olmadı. Son proseslər isə onun komandasının qeyri-sabit olmasının əlamətidir. Bütün hallarda ona əzm, uğur arzu edirəm.Eyni zamanda Əli İnsanovun Azərbaycanda hakimiyyətə gəlməsini istəmirəm.

“Onları Qarabağ maraqlandırmır, “vağzal cibgiri” təfəkkürü ilə yaşayırlar”

- Müxalifətdə hansı partiyalarla əməkdaşlıq etməzsiniz?

- Bizim daxili qərarımız var ki, bundan sonra təkbaşına fəaliyyət göstərək. Heç kimlə ittifaq, hansısa təşkilati iş birliyində olmaq niyyətində deyilik. Bunun ciddi səbəbləri var. 14 ildir müxalifətdə təkbaşına fəaliyyət göstəririk. Demək olar ki, Azərbaycan siyasi elitasında olan bütün partiyalarla əməkdaşlığımız olub. Bu təcrübədən aldığımız nəticədir. Müəyyən funksional təmaslarımız ola bilər, amma bu, heç bir halda təşkilat halına gəlməməlidir. Heç kəsin qarşısında öhdəliyimiz olmamalıdır. Çünki bizim malik olduğumuz keyfiyyətlər topluluğunu heç bir partiyada görmürük. Biz daha çox siyasi bioqrafiyamızın təmizliyinə söykənirik. Hakimiyyətlə heç vaxt iş birliyində olmamağımız ən böyük üstünlüyümüzdür. Azərbaycanda mütləq əksəriyyətin bu və ya digər formada hakimiyyətdən nəsə alması faktdır, təsdiqini tapıb. Bizim təkcə hakimiyyətdən deyil, heç başqa dövlətlərdən, xarici təşkilatlardan da asılılığımız yoxdur. Əgər müxalifət daxilində belə bir partiyaya rast gələriksə, təbii ki, onunla əməkdaşlıq etməyimiz mümkün olar. Dünyanın ən böyük bankları bankirlərin reputasiyası üzərində qurulur ki, insanlar da ona etimad göstərir, pullarını etibar edirlər. Siyasətçi də bankir kimi olmalıdır, ona etimad göstərilməlidir. Çünki vətəndaşlar banka təkcə pulunu, siyasətçiyə isə hər şeyini - gələcəyini, taleyini, pulunu etibar edir. Əgər müxalifətçi ancaq hakimiyyətdən nəsə qoparmaq, xaricdən qrant almaq, ev, bağ sahibi olmaq, ailəsini yaxşı yaşatmaq haqqında düşünürsə, bu adam dələduzdur. Bunları Qarabağ, vətən, millət maraqlandırmır, ancaq “vağzal cibgiri” təfəkkürü ilə yaşayırlar. Əslində, müxalifətin məğlubiyyətlərinin kökündə də bu durur. Azərbaycan müxalifətinin kübarlığa, ziyalılığa ehtiyacı var. Siyasətin hər üzü - həbs, mərhumiyyətlər təhlükəsi var. Bəziləri isə siyasətçi olmağı ancaq bəzənib-düzənib ortaya çıxmaq hesab edirlər. Burada psixoloji olaraq hər şeyə hazır olmalısan, siyasətdə təkcə mənfəət yoxdur, itkilər də var. 

 “Azərbaycan müxalifətində “bu müxalifətin sahibi var, yoxsa yox” deyənlər var”

- Müsavatın qərargahında bir sıra müxalifət nümayəndələri toplandı, amma siz orada yox idiniz. Dəvət almamanız şəxsi münasibətlərə görə idi?

- O subyektiv format idi. Bunun səbəbi şəxsi münasibətlər də ola bilər. Azərbaycan müxalifətinin daxilində də bir nəsil problemi var. Birinci dalğa siyasətçilər bizi - ikinci dalğa siyasətçiləri sevmirlər. Səbəbini bilmirəm, heç fərqinə də varmıram. Amma dəyişikliyi görməyənlər nadanlardır. Həyat dəyişir, hətta evdə görürsən ki, övladın səndən çox şey bilir. 30 ildir siyasətlə məşğulam və mən özümü ikinci dalğa siyasətçilərə aid edirəm. Kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, öz yolumu gedirəm. Azərbaycan müxalifətinin də nəsil dəyişikliyinə ehtiyac var, artıq bu proses gedir. Bu axır-əvvəl baş verəcəkdi. Çünki həyat inkişafda qavranılmalıdır. Hər şey hərəkətdədir. Tarix göstərir ki, bunu anlamayanlar, proseslərə mühafizəkar şəkildə yanaşanlar məhv olub gedir. Hakimiyyət də bizi qəbul etmir, özünü hakimiyyətdə görənlər də. Sən bir məndən soruş gör mən səni qəbul edirəm? (Gülür) Azərbaycan müxalifətində “bu müxalifətin sahibi var, yoxsa yox” deyənlər var. Mənim kimi adamlar ona deyir ki, sən olsan-olsan, ancaq evinin sahibi olarsan, müxalifətin sahibi Azərbaycan xalqıdır. Müxalifətdə bu cür dar düşüncədə olan aparıcı adamlar var. Yəni Azərbaycanda tək iqtidarın deyil, müxalifətin də dəyişməsinə ehtiyac var. Bu, süni proses deyil, cəmiyyət özü içindən yetişdirəcək. Təkəbbür şizofrenya əlamətidir. Heç kəsi bəyənməmək ya hiyləgərlikdir, ya da şizofreniya. Ya bilirsən və hiyləgərlik edib qəbul etmirsən, ya da manyaksan, şizofreniksən deyə başa düşmürsən. Hər iki halı da ziyanlıdır.

“O vaxt İbrahimbəyovun, bu dəfə İnsanovun başına yığışdılar”

- Həmin toplantıya ümumi münasibətiniz necədir? O tərkib birləşə bilərmi?

- Təbii ki, yox. O birlik ölü doğulmuş uşaq idi. Özləri də dedilər ki, növbəti mərhələdə yığılmaq üçün heç bir şey yoxdur. Niyəsə həmin toplantı 2013-cü ili xatırlatdı. O zaman Rüstəm İbrahimbəyovun, indi də Əli İnsanovun başına yığışmaq təşəbbüsünü gördüm. Rüstəm İbrahimbəyov kimi indi də Əli İnsanovu “xərcləyib” qurtarmaq istəyirlər. Hiss ediblər ki, Əli İnsanovun bir az pulu var, ona şirnikləniblər.

“AXH səhifəsini qapamışam”

- Təmsil olunduğunuz Azərbaycan Xalq Hərəkatı (AXH) parçalandı, siz də İsgəndər Həmidova qarşı çıxdınız. Bu gün isə həmin vaxt onun yanında olanlar İsgəndər Həmidovun əleyhinə danışır... Ümumiyyətlə, AXH-da nə baş verir?

- O səhifəni qapamışam. Ona görə də danışmaq istəmirəm. Apreldə o hadisələri görürdüm və ona görə də uzaqlaşdım. Zaman isə göstərdi ki, biz haqlıyıq. Əgər məntiqlə izah edə bilmədiyimiz məsələlər varsa, deməli, bu, əlehdarlarımızın xeyrinə işləyir. Ona görə də uzaqlaşmaq qərarı verdim.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 6832