hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9389
  • NEFT - 43.47
  • clouds-weather

Əli İnsanovun partiyasına gedən Zəlimxan Məmmədli: “Memuar yazmaq üçün təmiz oğlan olmaq istəmirəm” - MÜSAHİBƏ

Əli İnsanovun partiyasına gedən Zəlimxan Məmmədli: “Memuar yazmaq üçün təmiz oğlan olmaq istəmirəm” - MÜSAHİBƏ

Bugünkü müsahibimiz Elçibəy hakimiyyəti zamanı (1992-1993) Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Zəlimxan Məmmədlidir.

Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) istefa verərək sabiq səhiyyə naziri Əli İnsanovun rəhbəri olduğu Haqq və Ədalət Partiyasına (HƏP) qoşulan Zəlimxan Məmmədlinin bu qərarı müxaliflər tərəfindən tənqid olunur.

Zəlimxan Məmmədli HƏP-ə niyə qoşuldu? Elçibəyin müavini olmuş Zəlimxan bəyi Əli İnsanovla nə birləşdirir? Bu qərarın arxasında hansı maraqlar dayanır?

Cebhe.info-ya açıqlamasında bu və digər suallara cavab verib.

“Bu kompleksləri sındırmaq lazımdır”

-Zəlimxan bəy, Haqq və Ədalət Partiyasına keçməklə bağlı qərarınız nə ilə bağlı oldu? Niyə HƏP-ə keçdiniz?

-Siyasətdə ənənəvi münasibətlər sistemi Azərbaycanın ziyanınadır. İstər müxalifətdaxili, istərsə də iqtidar-müxalifət münasibətlərində qırmızı xətlər, qadağalar, komplekslər var. Bunun özü də hesab edirəm ki, nəticə etibarı ilə vəziyyətin günü-gündən ağırlaşmasına səbəb olur. Milli iradənin öndə olmasında, islahatların həyata keçirilməsində də uduzuruq. Xüsusilə də Dağlıq Qarabağ artıq gzümüzün qabağında əlimizdən alınır. İqtisadiyyatda korrupsiya, rüşvətxorluq, idarəetmə olan qüsurlar ənənəvi qaydalardan imtina etməyimizi zəruri edir. Ənənəvi qaydalar isə müxalifətdaxili qarşıdurmalar, müxalif liderlərin bir-birinə barışmaz münasibəti, siyasi olmayan davranışları, ideoloji savaşın meydandan sıxışdırılması deməyə əsas verir ki, bu kompleksləri sındırmaq lazımdır. Azərbaycan naminə ayrı-ayrı qüvvələrin bir araya gəlməsini stimullaşdırmaq lazımdır. Dünən fərqli mövqedə olub, bu gün Azərbaycan üçün davaya könül vermiş şəxslərə “yaşıl işıq” yandırılması vacibdir. Bunlar mənim Əli İnsanovun partiyasına getməklə bağlı qərarıma stimul verən amillərdir. Konkret olaraq Əli İnsanovla hər zaman əks düşərgədə, mübarizədə olmuşuq. Eyni zamanda sonrakı proseslər Azərbaycan xalqının gözü qarşısında baş verib. Əli İnsanovun indiki mövqeyi fundamental Azərbaycan naminədir. Zəlimxan Məmmmədli isə köhnə ənənələri, kompleksləri dağıtmaq eşqinə düşüb. Biz əgər səngərlərmizi birləşdirməsək, fərqli düşərgələrin birləşməsi modelinə önəm verməsək, Azərbaycan itirə bilər. Ənənəvi müxalifət çökər, münasibətlər sistemi yararsız olar. Hesab edirəm ki, bu, gələcəkdə psixoloji baryeri keçmək üçün bir addımdır. Bu partiya da güclü siyasi qüvvələrdən biri olacaq. O istiqamətdə, milli maraqlar naminə təmərküzləşmək naminə vuruşanlardan biri olmaq iddiasındadır. Bunun özü Azərbaycanın köklü problemlərinin həllinə müsbət təsir göstərə bilər. Demokratik islahatlar, Dağlıq Qarabağ probleminin həlli, idarəetmə sistemi ilə bağlı fundamentlər düşüncələrimiz var. Digər qüvvələrlə birlikdə bu əməkdaşlıq modelinin dərinləşməsi istiqamətində fəaliyyətimiz Azərbaycanın milli maraqlarına cavab verəcək.

-Əli İnsanovla Zəlimxan Məmmədlini nə birləşdirir?

-Azərbaycanın milli maraqları.

“Qarabağ probleminin həlli üçün bir səngərə girməyi bacarmalıyıq”

-Cəbhəçilərdə, hərəkatçılarda sizə qarşı bir etiraz formalaşıb. Bu etirazı hiss edirsizmi?

-Bu normal haldır. Təbii ki, bunu proqnozlaşdırırdım. Mənim bu qərarın 2010-cu ildə Tiflisdə Heydər Əliyevin büsdünün qarşısına əkilik qoymağımla eyni məsələdir. O zaman da mənim o addımım qəbul edilmədi, müxalifət üstümə yürüdü. Amma zaman keçdi, reabilitasiya olunduq və bəlli oldu ki, Zəlimxan Məmmədli milli maraqlar üçün bu addımı atıb. İndiki zamanda da Dağlıq Qarabağ problemi nə YAP-ındı, nə Müsavatın, nə KXCP-nin, nə də başqa bir partiyanındır. Biz Dağlıq Qarabağ probleminin həlli üçün bir səngərə girməyi bacarmalıyıq. Milli maraqlarımız, dövlətçiliyimiz təhdid altındadır. Dağlıq Qarabağın ilhaqı ilə üz-üzəyik. Ona görə bir arada olmağımız vacibdir. Bu baxımdan köhnə ənənələr, kompleksər var ki, biz burda durub qışqırmalıyıq, memuar yazmaq üçün “yaxşı oğlan” olmalıyıq. Mən memuar yazmaq üçün təmiz oğlan olmaq istəmirəm. Sonda əlimizdə tutacağımız Azərbaycan bayrağı olacaq. Onda bizi alqışlayanlar da olacaq.

“Əli İnsanovla ürəkbulandırıcı şeyləri masa üzərinə qoymuruq”

-Siz zamanında Əli İnsanova qarşı sərt mövqedən çıxış etmisiz. Onu mətbuatda, müsahibələrinizdə sərt şəkildə tənqid etmisiz. Bu sizin gələcək fəaliyyətinizə maneə yaratmayacaq?

-Yox. Əli İnsanov kifayət qədər ağıllı, təcrübəli, ağsaqqal adamdır. Dünyanı da, siyasəti də, davranış qaydalarını da bilir. Biz tarixi bu günə daşıyıb ürəkbulandırıcı şeyləri masa üzərinə qoymuruq. Bu gün masa üzərində Azərbaycanın dərdləri var. Ona məlhəm olmaq istəyirik. Amma tarix yerində qalır, bəli, Əli İnsanovu ən kəskin tənqid edənlərdən biri mən olmuşam. O dünən idi. Bu gün isə bizi birləşdirən Azərbaycan davasıdır və orada bir səngərdəyik. Kürəyimizi bir-birimizə söykəməyə cəsarətimiz çatmalıdır. Biz insanları da bu düşüncə ilə bir araya gəlməyə dəvət edirik. Təbii ki, Azərbaycanın milli maraqlarını təhdid edən, onun-bunun əlində alətə çevrilən şəxslərin, trollar, 5-ci kolon, casusların bizim yanımızda yeri ola bilməz. Amma siyasi mövqeyindən asılı olmayaraq Azərbaycanı sevən hər kəslə bir səngərdə olacağıq və bir hədəfə vuracağıq.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 24421