hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Əli Kərimli fəalları necə trola çevirir?

Əli Kərimli fəalları necə trola çevirir?

2011-ci il siyasi proseslərin elə də aktiv olmadığı dönəm idi.

Cəmiyyətdə sanki bir siyasi durğunluq vardı. Siyasi partiyalar 2013-cü il seçkilərinə hazırlaşırdı. Mitinqlər, aksiyalar da yox idi, sadəcə iclas və tədbirlər keçirilirdi. Proseslərdə yaxından iştirak edirdim. O zaman Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü idim.

Maraqlıdır ki, həmin iclaslarda söhbət seçkilərdən daha çox sosial şəbəkələrdən - “Facebook”dan gedirdi. 

Sosial şəbəkələr yenicə populyarlaşdırdı. Siyasət siyasi dəhlizlərdən, sanki sosial şəbəkələrə enmişdi. Əli Kərimli hər iclasda "Facebook"un “marketinq meneceri” kimi çıxış edir, hər kəsi həmin platformaya dəvət edirdi. Əli Kərimli belə bir cümlə işlədirdi: “Azərbaycanda kim "Facebook"da söz sahibi olsa, o da güclü olacaq, hakimiyyət onunla hesablaşacaq”.

2013-cü il prezident seçkiləri yaxınlaşırdı. Siyasi kuluarlarda daha çox “müxalifətin vahid namizədi kim olacaq” məsələsi müzakirə olunurdu. Açıq tədbirlərdə bu məsələ səslənməsə də, xüsusilə rayon şöbələrinin iclaslarında məsələyə xüsusi diqqət ayrılırdı. "2013-cü il seçkilərində vahid namizəd Əli Kərimli olmalıdır" tezisi iclasların əsas müzakirə mövzusu idi.

Müxalifət seçkiyə Milli Şura bloku kimi gedəcəkdi. Bu, artıq dəqiqləşmişdi. Vahid namizədlik uğrunda əsas mübarizə məhz Müsavat başqanı İsa Qəmbər və Əli Kərimli arasında gedirdi.

Seçki prosesi artıq başlamışdı. Milli Şura mitinqlərə start vermişdi. O zaman mitinqlər Bakının Səbail rayonunda, "20-ci sahə” adlanan ərazidə baş tuturdu. Növbəti mitinqə çıxmazdan əvvəl Əli Kərimlinin tapşırığı ilə Fuad Qəhrəmanlı rayon şöbələrilə görüşlər keçirirdi. Bu normal idi, amma anormal olan iclasların mövzusu idi... 

Mitinqə bir gün qalmış axşam saatlarında Günəşlidə bir “Çay evi”ndə iclasa yığışdıq. Suraxanı rayon şöbəsinin iclası idi və Fuad Qəhrəmanlı çıxışına belə başladı: "Əli Kərimlinin bu mitinqdə vahid namizəd olduğunu hər kəsə sübut etməliyik. Hamı “Əli Kərimli” şüarı səsləndirəcək".

Bu normal idi, amma F.Qəhrəmanlı İsa Qəmbər də çıxış edəndə "Əli bəy" şüarlarınını səslənməli olduğunu dedi və bildirdi ki, bu, Kərimlinin öz tapşırığıdır. “Parolumuz” isə bu cür idi: Fuad sağ əli ilə saçını sığallayanda bütün cəbhəçilər "Əli bəy" deyəcəkdi. Hamı bunun parçalanmaya səbəb olacağını bilirdi. Mitinq günü təşkil olunan “vahid namizəd mübarizəsi” baş tutdu, amma cavabsız qalmadı. Müsavat Partiyasının məsələyə reaksiyası "Əli bəy" şüarını kölgədə qoydu və müsavatçıların səsini İsa Qəmbərin müraciəti azaltdı. 

Əli Kərimlinin bu cür gedişləri mitinqlərə gələnlərin sayını azaldırdı. Əli Kərimli isə kütləvi qopmaların sayını azaltmaq üçün vədlərini artırırdı. Mitinqdən sonra rayon şöbələrinin iclasları başlayırdı. İclaslara gələn funksionerlər üzvlərə müxtəlif vəzifələr təklif edir, hakimiyyətə gələn kimi nələri edəcəklərindən söz açırdı. Eldar Hüseynov var idi, o zaman Suraxanı rayon şöbəsinin “kuratoru” idi, həm də Azərbaycan Dövlət İqtisadiyyat Universitetində kafedra müdirinin müavini idi. Bütün iclasların "sponsoru" da elə Eldar Hüseynov olurdu. 

Mitinqdən iki gün sonra Hövsanda iclas oldu. İclasda Eldar Hüseynov iclasa gələn bir nəfərə dedi ki, səni buranın "JEK" rəisi qoyacağam. Ümumiyyətlə, Eldar Hüseynov söhbətə bu cür başlayırdı: “Hansı vəzifəni istədiyinizə qərar vermisinizmi? Bunu tezləşdirmək lazımdır, artıq vaxt azalıb, hakimiyyətə gələndə kadr problemi yaşamayaq deyə, bu cür məsələlər həll olunmalıdır”. 

Pafoslu çıxışlar isə yalnız bir məqsədə-mitinqə daha çox adam çıxarmağa hesablanmışdı.

Milli Şuranın seçkilərdə necə təmsil olunduğu və prosesin necə yekunlaşdığı isə hər kəsə bəllidir. 

Növbəti mərhələdə isə gözləndiyi kimi, Milli Şura parçalandı. Müsavat Partiyası başda olmaqla bir çox təşkilatlar Milli Şuradan ayrıldı, Əli Kərimlinin partiyasında isə istefalar başladı. Mən də həmin proseslərdən sonra Əli Kərimlinin sədr olduğu dönəmdə fəaliyyətimi müvəqqəti dayandırmağa qərar verdim. Bu qərardan sonra AXCP Ali Məclisin sədri, mərhum Həsən Kərimov mənə zəng etdi və niyə fəaliyyətimi dayandırdığımı soruşdu. Səbəbləri izah elədikcə, yalan vədlərin verildiyini, Əli Kərimlinin bizimlə öz məqsədləri üçün oyun oynadığını dedim və aramızda mübahisə yarandı. Ardınca Əli Kərimlinin cangüdəni Bəhruz Həsənli mənə zəng etdi, onunla da qısa danışıb partiya ilə bütün əlaqələrimi kəsdim. Partiyanın mətbəxində nələrin baş verdiyini bildiyim üçün bu gün Əli Kərimlinin yanında olan "qurbanlara" görə sadəcə, təəssüf edirəm.

Vilayət Muxtar

Cebhe.info

P.S. Nə zamansa bunları qələmə alacağımı heç düşünmürdüm. Amma bilirəm ki, bu gün də Əli Kərimli ətrafındakılara bu cür vədlər verməklə onları trola çevirir, razılaşdırılmamış aksiyalara çıxmağa razı sala bilir. Niyə ölkədə siyasi məhbus problemi qapanmaq üzrə olan zaman Əli Kərimli razılaşdırılmamış aksiya keçirmək qərarı verir? Bu da əslində, heç kimin diqqət etmədiyi, amma ən vacib məsələlərdən biridir. “Siyasi məhbus” məsələsi Əli Kərimli üçün biznes subyektidir və ona görə də ölkədə bu problemin olması onun maraqlarına uyğundur.


Oxunma sayı: 3653