hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

"Əli Kərimli özünü müxalifətin "pasport paylayanı" kimi aparırsa..."-Rəfail Becanov

"Əli Kərimli özünü müxalifətin "pasport paylayanı" kimi aparırsa..."-Rəfail Becanov

Müsavat Partiyasının başqanı Arif Hacılının təşəbbüsü ilə bəzi müxalif kəsimi təmsil edənlər dəyirmi masa keçirib.

Lakin bu, birmənalı qarşılanmayıb. "Yurd" sədri Əli Kərimli, Müsavat lideri İsa Qəmbər, keçmiş səhiyyə naziri Əli İnsanov, AXP sədri Pənah Hüseyn, Müsavat başqanı Arif Hacılı, politoloq Hikmət Hacızadə və “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin qatıldığı tədbirə təpkilər azalmır.

"Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, Əli İnsanovun həmin masada oturmasına  etirazlar təbiidir:

“Çünki vaxtilə məhz Əli İnsanov indi onunla yanaşı oturanların çoxunu ən sərt formada təhqir edib. Düzdür, sonradan məhkəməsində üzrxahlıq edib. Amma burada söhbət insan xislətindən gedir. Əli İnsanov elə həmin vaxt siyasi mübarizəni hansı xislətlə apardığına dair mövqeyini ortaya qoymuşdu. İnsanovdan gözlədikləri vacib detal ətrafında olan elektoratla bağlı ola bilər. Bu elektorat əslində yoxdur, orada oturanlar bunun ola biləcəyini zənn edirlər. Bilirsiniz ki, Əli İnsanovun hansısa təşkilatı və ya partiyası yoxdur. Bunlar hesab edirlər ki, Əli İnsanovun ətrafında əslən Qərbi Azərbaycandan olan adamlar çox ola bilər.

Bu yanaşmanın özü belə yanlışdır. Ölkəni regionlara bölmək zərərli tendensiyadır. Birinci səhv elə buradan başlayır. Ölkədə dəyişiklik etmək iddiasında olan müxalifət belə detaldan yapışırsa, deməli, onların yanaşmasında problem var. Bundan əlavə, məhz müxalif elektorat o masada oturanların birlikləri necə dağıtdıqlarının şahidi olub. Müxalifətin çox güclü zamanında Demokratik Konqresi dağıdıblar, 1998-ci ildə yaradılan və özündə 120-yə yaxın təşkilatı birləşdirən SİDSUH adlı təşkilatın da sonuna çıxdılar,  ardınca 2010-cu ildə yaradılan İctimai Palatanın fəaliyyətini iflic etdilər, ən sonda isə bu gün Əli Kərimlinin adından istifadə etdiyi Milli Şura yoxa çıxdı. Bütün bunlar bizim gözümüzün önündə oldu. İndi Əli İnsanovu ora cəlb edib, adına funksional əməkdaşlıq deməklə nə dəyişir ki? Təbii ki, heç nə. Birlik formatı eyni əqidədə olan adamlarla mümkündür. Orada oturan adamların əksəriyyətinin fərqli baxışları var. Hətta mən deyərdim ki, “mehriban düşmən”dirlər. İmkan düşən kimi bir-birini söyürlər. Əli Kərimli özünü müxalifətin "pasport paylayanı" kimi göstərirsə, hansı səmərəli əməkdaşlıqdan danışmaq olar? İş o yerə çatmışdı ki, Əli Kərimli az qalırdı Müsavata öz adamını başqan seçdirə. Bəyəm bunu ordakılar bilmir?  Əli İnsanov olmur, kim olur-olsun, həmin adamlarla uzağa getmək mümkün deyil. Bu, cəmiyyəti aldatmaq, baş qatmaqdan başqa nəsə deyil”.

Cebhe.info


Oxunma sayı: 1816