hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Əli Kərimli: Şəxsiyyətin ikiləşməsi və olmayan “böyüklüyün” dərdi

Əli Kərimli: Şəxsiyyətin ikiləşməsi və olmayan “böyüklüyün” dərdi

Əli Kərimlinin siyasətdən çox bloggerlik fəaliyyəti “böyüklük” dərdidir və indi də sanki yeni bir trend yaratmaq istəyir. Bloggerliyini hazırda “Oxu, paylaş və susma!” trendi ilə yaymağa çalışır. Əsas məqsədi də böyük görünmək (daha çox bəyənmə və paylaşımdır - müəll.) və güc mərkəzi obrazını qorumaqdır. Bəs sonra? Əsas məsələ də sonrasıdır. Sonra isə özünün imitasiya etmək imkanlarını artırmaq və istəklərini reallaşdırmaqdır. O istəklərini ki, həmin istəklərin arxasında nə xalq, nə demokratik düşüncə dayanır. O istəklərin arxasında “bazarlıq” başlayır: daha çox əldə etmək, ana müxalifətçiliyin davamı və bu hüquqdan doğan paylar, qazanclar...

Baş “yurdçu”nun illərdir davam edən siyasətinin təməlində bu prinsiplər durur. Günümüzün “Facebook”, “Youtube” qəhrəmanının siyasi gedişlərinin ən böyük bədəlini isə bütün müxalif kəsim ödəyir. O hesabdandır ki, müxalifətin bu qədər zəif olmasının səbəbləri daim müzakirə predmetidir. İndiki durumda müxalifətin gerçək durumu budur ki, nə xalq ona dəstək verir, nə də hakimiyyət onunla hesablaşır. Gerçəklik və acı reallıq belədir. Amma vəziyyətin bu həddə çatmasının bir neçə səbəbi var. Bu səbəblərdən biri Əli Kərimlinin dağıdıcılığı və “böyüklük” dərdidir. 1995-ci ildən üzübəri Əli Kərimli ancaq eyni missiyanı daşıyıb. Bu missiyanın sərhədləri isə müxalifətin toparlanmasının, birləşməsinin qarşısının alınması olub. Müxalifətin daxili dağıdıcı qüvvənin hesabına zəiflədilməsi fonunda hakimiyyət bütün resurslarına görə güclüdür. Bu güclə mübarizə aparmaq və yaxud ona qalib gəlmək üçün müxalifətin toparlanması və birgə mübarizə taktikası uğurun işartısı ola bilərdi. Amma illərdir bu birgə mübarizə taktikası alınmır. Nəinki alınmır, hətta ilk işartılar belə yerindəcə, rüşeymkən məhv edilir. Bu missiyanın uğurla davam etdirilməsi isə təkcə Kərimlinin güclü olmasında deyil, həm də onun idarəçiliyini həyata keçirənlərin planlarındadır.

Əli Kərimlini dağıdıcılığa həvəsləndirən səbəblərdən biri də onun birlik içində təklikdə göründüyü böyüklüyünü itirməsidir. Kərimli İctimai Palatanı niyə dağıtdı? 2013-cü ildə yaradılan və ölkə müxalifətini (kimin, hansı qüvvənin və ya nə səbəbə yaratmasından asılı olmayaraq - müəll.) əsasən birləşdirən Milli Şura nədən bu qədər yıpradıladı və ancaq adı möhtəşəm olan, özü isə dərnəkdən fərqlənməyən  quruma Kərimlinin mətbuat xidməti rolu verildi? Çünki Əli Kərimli o birliklərdə görünə bilmədiyi “böyüklüyünün” dərdindəydi. İsa Qəmbər, Pənah Hüseyn, İsgəndər Həmidov, Arif  Hacılı və digərlərinın də birləşdiyi qurumlarda Kərimli sıradan biri kimi görünüb və hesablaşılacaq şəxs obrazını hər zaman itirib. Bunu isə sinirə bilmir. Əgər  pafosla səsləndirdiyi fikirlər onun səmimi siyasi xətti olsaydı, təbii ki, bu vəziyyət onu narahat etməzdi. Amma səsləndirilən fikirlərlə əməllər arasındakı fərq, yəni şəxsiyyətin ikiləşməsi buna imkan vermir və nəticə göz qabağındadır. Uduzan da müxalifət olub. Xalqın etimadını itirib, dəstəyini qazana bilmir.

Ən acınacaqlısı odur ki, Kərimli təşkilatını da eyni zehniyyətlə dağıdır. Açıq söz, təklif BÜTün əleyhinə çağırış kimi qəbul olunur.

Tanıdığımız Kərimlinin özünün bildiyi “həqiqətlər” var və bu həqiqətlər özünün mədh olunmasından, başqalarının (əvvəllər təkcə iqtidarın açıq-aşkar, müxalifətin isə gizli formada, indi isə hər iki qüvvənin açıq-aşkar-müəll.) təhqiri, şantajı və böhtanla üz-üzə qoyulmasından keçir. “Bunun üçün bütün qeyri-münasib formalar belə istifadyə yararlıdır” prinsipi ilə yaşayır. Maniya formalaşıb. O maniyanın təsirindən də nifrət hissi bütün cəmiyyətə keçib və adam artıq siyasi rəqiblərinə deyil, bütün cəmiyyətə nifrət edir. Ətrafını da o vəziyyətdə saxlayır.  

Şüur dəyişməsi, yenilənmə təkcə söyüşlərin “mərtəbəsinin” çoxaldılması, şantajın sərhədlərinin genişləndirilməsi deyil, idarəetmə fəlsəfəsi, yanaşma tərzi və şəxsiyyətin ikiləşməsindən imtina, maniyanın dəf olunmasıdır. Kərimli isə illərin patoloji xəstəliyindən sağalana oxşamır. Əməldə və sözdə olan fərqli həyatını  davam etdirəcək. Bu siyasətdən isə ən çox zülm çəkən yenə də uduzan, itirdiyi etimadını bərpa edə bilməyən müxalifət olacaq. Sadə çıxış yolu müxalifətin bu dəfə toparlanması, Kərimlisiz, Milli Şurasız birlik yaratması və Əli Kərimlidən imtinası ola bilər.

Ərtoğrul Süleyman

Cebhe.info


Oxunma sayı: 3598