hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Əli Kərimlinin dəyişməz xisləti: Bu dəfə İsgəndər Həmidova arxa çevirdi

Əli Kərimlinin dəyişməz xisləti: Bu dəfə İsgəndər Həmidova arxa çevirdi

Yeni yaranmış Azərbaycan Xalq Hərəkatı ətrafında növbəti qalmaqal yaranıb. Buna səbəb təşkilatın İdarə Heyətinin üzvləri - Nemət Pənahlı ilə Mətləb Mütəllimlinin “Yurd” sədri və Milli Şuranın Koordinasiya Şurasının üzvü Əli Kərimli ilə görüşünə dair məlumatın yayılması olub.

AXH rəhbərləri bu görüşdən narazı qalıblar. AXH-nin təsisçilərindən biri, Ağ Partiyanın başqanı Tural Abbaslı mediaya açıqlamasında deyib ki, görüş barədə quruma məlumat verilməli idi: “Təbii ki, yaxşı olardı Mətləb bəy və Nemət bəy belə bir görüşün olması barədə AXH-nin İdarə Heyətinə məlumat verərdilər, belə əlavə söz-söhbətə rəvac verməzdilər. Ancaq məlumat verib-verməmək də onların hüququ idi və onlar da belə qərar veriblər. Ümumiyyətlə, qeyd edim ki, hələlik AXH heç kimə hərəkat adından danışıqlar aparmaq üçün mandat verməyib. Nə qədər ki, belə bir səlahiyyət kimsəyə verilməyib, kimsə AXH adından danışa və müxtəlif növ danışıqlar apara bilməz”.

Göründüyü kimi, görüş AXH rəhbərliyindən xəbərsiz, gizli şəkildə keçirilib. Gizli sayılan görüş elə anındaca mediaya sızdırılıb. İlk baxışdan həm görüş, həm də onun mediaya sızdırılması normal sayıla bilərdi. Lakin məsələnin digər tərəfi də var. Bu isə ondan ibarətdir ki, AXH hələ təzə yaranıb, ətrafında müəyyən söz-söhbət getsə də, tam oturuşmuş bir qurum deyil. Yəni, münasibətlər kövrək, struktur formalaşmamış durumdadır. Belə bir məqamda gizli görüş və bu görüşün dərhal mediaya sızdırılması hansı anlama gəlirə Təşkilatdaxili nifaqa, yoxsa formalaşmayan bir qurumun parçalanmasınaə

AXH adlanan qurum ayrı-ayrı partiya və müstəqil şəxslərdən, QHT sədrlərindən, bloqqerlərdən ibarət olduğuna görə ilk baxışda bunu təbii qarşılamaq mümkün idi. Ancaq Əli Kərimli ilə keçirilən gizli görüşün elə “Yurd” tərəfindən mətbuata sızdırılması başqa məqamlardan xəbər verir.

Xüsusi qeyd etmək lazımdır ki, Əli Kərimli və onun Milli Şurası ölkədə müxalifət adına tək iddia etmək niyyətindədir və bütün fəaliyyətini də bu istiqamətə yönəldib. Bu məqsədlə istər yeni yaranan müxalif qüvvələrə, istər bir zaman yoldaşlıq etdiyi təşkilatlara qarşı müxtəlif çirkin metodlarla mübarizə aparır. Onun cameəsində müxalifətin toparlanmasına çalışan, bu siyasi kəsimin güclü və dinamik inkişafını istəyən bütün qurumlara qarşı nifrət hissi formalaşıb.

Bu hissin təsirindən də hər kəsi aşağılamağa çalışırlar. Razi Nurullayevin rəhbərliyi ilə yenidən formalaşmış AXCP, İlqar Məmmədovun ReAl Partiyası, Tural Abbaslının liderliyi ilə qurulmuş Ağ Partiya və digər qurumlar tez-tez Kərimlinin, onun şəxsi tapşırığı ilə tərəfdarlarının böhtan və şantaj kampaniyası ilə üzləşir.

Böhtan və şərləmə kampaniyasında azsa fasilə yaranan kimi Kərimli daha bir şakərini işə salır. Bu da illərlə əsas peşəsinə çevrilmiş dağıdıcılıq funksiyasıdır. Zaman-zaman onun bu dağıdıcılığından Müsavat, ADP bəs qədər ziyan çəkib.

Vərdişkar Kərimlinin ötən ilin sonları formalaşmağa başlamış, bu il təsis olunmuş Azərbaycan Xalq Hərəkatına da münasibəti fərqli olmadı. Gözlənilirdi ki, AXH hədəf olacaq. Elə də oldu və Kərimli bir zamanlar “dostum” dediyi, hər zaman ona dəstək vermiş, qolundan tutmuş, hamı tərəfindən atılanda yanında durmuş İsgəndər Həmidova, onun təşkilatına da “əlcək” atdı.

Son olayla bağlı “Yurd”un təhrikedici mövqeyi aydınca görünür. Sözügedən görüş barədə məlumatın “Yurd” lideri tərəfindən sızdırıldığı ilə bağlı dəqiq məlumatlar var. Mətləb Mütəllimli Milli Şurada Əli Kərimli ilə əməkdaşlıq edib. Nemət Pənahlı “Yurd” sədrinin qonşusudur. Onların görüşməsi də bəzi məlumatlarda təsdiqlənir. Həmin məlumatlara görə, bu görüş şəhər kənarında baş tutub. İlkin olaraq gizlilik razılaşdırılsa da, sonra Əli Kərimli görüş xəbərini mediaya ötürüb. Məqsəd həm görüşdüyü adamları zərbə altında qoymaqla, geriyə addım atmamağa sövq etmək, həm də AXH daxilində narazılığın bünövrəsinin qoyulmasına hesablanıb. Onsuz da AXH möhkəm və daimi birlik deyil. Təsisçilərdən birinin dediyi kimi, ilk təzyiq zamanı çoxları qurumdan çıxacaq. Lakin hələlik təşkilat minieyforiya dövrünü yaşayır, müxalifət daxilində möhkəmlənməkdə davam edir.

Əli Kərimlini narahat edən də budur. Təşkilatın toplanmağa yeri var, qurumun rəhbər heyəti yığışır, bir dəfə Qarabağ Komitəsi formatında mitinq keçirib, Qurban Məmmədovun timsalında auditoriyası “Yurd”dan az olmayan öz internet televiziyası var. Göründüyü kimi, müxalifət adını monopoliyada saxlamağa çalışan, xaricdən gələn qrantlara təkbaşına sahiblənmək istəyən “Yurd” liderinin narahatlığına əsas verən kifayət qədər səbəb də var. Ona görə də Əli Kərimli onun “müxalifət monopoliyası”na iddia edən təhlükəni beşiyindəcə boğmaq fikrinə düşüb. Çox güman ki, bundan sonra Əli Kərimlinin trolları sözügedən şəxsləri “Milli Şuranın AXH-dəki adamları” kimi təqdim edərək qurum daxilində baş verən çatı daha da dərinləşdirəcək, parçalanmanı sürətləndirəcəklər. Nəticədə AXH haqqında qeyri-ciddi təşkilat obrazı yaradılacaq. Ən sonda isə AXH daxilinə əvvəlcədən yerləşdirdiyi adamlara “təşkilatdan çıxın, parçalanma görüntüsü yaradın” komandası verəcək. O adamlar təbii ki, “real müxalifətin əsas təşkilatı Milli Şuranı seçirik” bəyanatını verəcəklər.

Göründüyü kimi, özünü demokratiya carçısı kimi təqdim edən Əli Kərimli ölkədə müxalif düşüncəli insanların toparlanmasında, demokratik qüvvələrin təmərküzləşməsində heç zaman maraqlı olmayıb və indi də deyil. Əli Kərimliyə müxalifətçiliyin imitasiyası, görüntü üçün mitinqlər, pafoslu bəyanatlar, xaricdən gələn qrantlar lazımdır.

Aydın Turan

Cebhe.info


Oxunma sayı: 8090