hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Əli Kərimlinin gedişi, qəsb edilən uğur və itirilən dəstək

Əli Kərimlinin gedişi, qəsb edilən uğur və itirilən dəstək

Siyasətdə düzgün və normal rəqabətin olmaması, iqtidar-müxalifət münasibətlərindəki boşluq ilk növbədə dövlətə və xalqa ziyan vurur.

Normal müxalifət iqtidarın, iqtidar da müəyyən mənada müxalifətun güzgüsüdür. Bu güzgünü uzun illər əvvəl "Yurd" sədri Əli Kərimli sındırıb. Nə özü önünü görür, nə də iqtidar onu və onun kimiləri nəzərə alır. Əbülfəz Elçibəyin AXCP-yə və müxalifətə rəhbərliyi dönəmindən heç bir nüfuzu olmayan Əli Kərimli daha sonra siyasi məkrlə partiyanı qəsb edərək təşkilatın resursları bahasına özünü əzabkeş müxalifət öncülü kimi qələmə verə bildi. Beləliklə eqosu, özündənrazılığı, diktator xüsusiyyətləri ilə minbir əziyyətlə qurulan partiyanı daxildən dağıtmağa başladı.

Mövcud iqtidarla mübarizə əvəzinə daxildə çəkişmələrə səbəb oldu, fərqli fikri qəbul etmədi, anti-demokratik bir idarəçiliyə yönələrək AXCP -nin bir neçə yerə bölünməsini sürətləndirdi. Bununla özünə rəqib ola biləcək ağıllı, demokrat, idarəçilik qabiliyyəti olan təcrübəli şəxslərin "təhlükə"sindən xilas yolunu tutdu ki, diktatorluğunu daha rahat edə bilsin. Nəticədə fikirlərini boğulmaqdan xilas edənləri, ideyalarını xalqa çatdırmaq istəyənləri “düşmən” adlandırıb onlara qarşı müxalifətə çevrildi. Bununla da iqtidara xidmətini əsirgəmədi. İqtidar da bu fürsəti əldən verməyərək müxalifətdaxili intriqalardan məharətlə istifadə etdi.

Beləliklə, Kərimli həm özünü zəiflətdi, həm də müxalifətə qarşı iqtidardan başqa bir neçə cəbhənin açılmasına nail oldu. Səhvlərindən nəticə çıxarmaq əvəzinə eyni məzmunlu, pafoslu çıxışlarını təkrarlamaqla xalqdan dəstək almadıqda üzünü Qərbə çevirdi. Bir qədər qrantla “sınağa çəkilən” Kərimliyə burada da meydan verilmədi.

Tıncıxmış və liderlik eşqindən az qala bihuş olan Kərimli bu dəfə Rusiyaya meylləndi. "Milli Şura" adlı qurumda canfəşanlıq edərək sədr olmağa nail ola bilməsə də, sədrə təsir qüvvəsini əlində saxladı. Nəhayət bu qurumun da tamaşası qurtarıb pərdələr bağlanandan sonra İrana və radikal dindarlara qarmaq atdı. Hay-küylü mitinq səhnələri qurmaqla özü həbs etdirdiyi məhbusların adı ilə manipulyasiyaya cəhd etdi.

Nəticə etibarilə Kərimli ən müxtəlif dairələrin əlində alətə çevrildiyini anlayb qəbullansa da, eqosundan vaz keçmədi.

Əbülfəz bəyin bircə silahdaşının da yanında qalmadığı bu şəxs xalqın da, müxalifətin də uğurlarını oğurlamaqla məşğuldur. Maaş və pensiya artımının, kadr islahatlarının guya məhz onun təşkil etdiyi mitinqlərdən sonra olduğunu dəfələrlə minnətlə xalqın başına qaxmağa cəhd etdi. Halbuki o, eyniməzmunlu, yorucu çıxışları illərdir təkrarlayırdı və bütün bu illərdə həmin çıxışlarla nəyəsə nail olmuşdumuə Cavabı Əli Kərimli özü hamıdan yaxşı bilir.

Ölkədə mövcud olan sağlam müxalifətin, ictimai-siyasi fəalların bir araya gəlməsinə qarşı hər zaman çəpər rolunu oynayan “Yurd” sədri üçün bu şəxsləri "agent", "hakimiyyətin adamı" adlandırmaq, sosial şəbəkələrdə saxta profillərlə söydürüb təhqir etmək “siyasi mübarizə” üsuludur. İndiyəcən bir platforma, təklif, layihə, həll yolu, kompromis irəli sürməyən Kərimli anlamır ki, bunlar olmadan, sadəcə “mən, mən” deməklə müxalifətçilik olmur, olmadı da...

Ən əsası xalq düşdüyü ağır duruma, illər boyu baş verməyən dəyişikliyə, müxalifətə azalan inama görə günahkarlar siyahısında “Yurd” sədrini də ön sıralara qoyur və Kərimlinin müxalifətçilik oyunu oynadığı dövrlərdə qazandığı ən böyük “uğur” budur. Ölkədə xaos yaranması, bundan bəhrələnmək niyyəti Kərimlini uğursuz siyasətçi durumuna saldı və indi də o, düşdüyü bu vəziyyətdən çıxa bilmir. Müxalifətin birgə mübarizəsinin təşkili üçün heç cəhd etməyi bacarmadı, yaxud da etmək istəmədi-bütün hallarda nəticə dəyişmədi.

Əksinə, müxalifəti birləşdirmək əvəzinə parçaladı, qüvvələri qarşı-qarşıya qoydu.

Vəziyyətdən yaralanan isə hakimiyyət oldu, müxalifətin iqtidara təsir mexanizmini məhv etməklə Kərimli əslində kimə qarşı müxalifətdə dayandığını tam çılpaqlığı ilə gözlər önünə sərdi. Fəaliyyəti ilə Azərbaycan xalqına xəyanət edən Kərimli müxalifətin digər nümayəndələrinin məhrumiyyətlərlə üzləşdiyi bütün zamanlarda yüksək maddi imkan sahibi olaraq qaldı.

Kərimli dəfələrlə siyasətdə son nəfəsini verdiyi zaman hansısa sehrili əl tərəfindən "dirildilərək” yenidən meydana göndərildi. Ancaq artıq meydan da dəyişib, meydandakılar da. İndi Kərimlinin arxasınca kor-koranə gedən o insanlar yoxdur. O insanlar “Yurd” liderinin yanında, arxasında xərclədikləri illərin hesabını ondan soruşur. Kərimlinin bu suallara verəcək cavabı yoxdur, cavabının olmaması onu da qəzəbləndirir, ətrafına hücumdan çəkinmir, zor dilini işə salır, təşkilatından ayrılmaq istəyənlərə qarşı kampaniyalara rəvac verir. Amma artıq oyun bitib.

Artıq 3 ildir ki, AXCP deyəndə Əli Kərimlinin ancaq öz maraqlarının təmini üçün əlində saxlamağa cəhd etdiyi siyasi təşkilat yox, Etimad Qurultayı ilə yenilənən, anti-demokratik idarəetmədən, mənəm-mənəmlikdən, siyasi eqodan xilas olan, Razi Nurullayevin rəhbərlik etdiyi partiya anılır.

Tural İrfan, AXCP sədrinin müavini
Cebhe.info


Oxunma sayı: 7591