hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Əli Kərimlinin son “uğuru”: Siyasi aktivliyin əvvəlki sıfır nöqtəsinə qayıdışı...

Əli Kərimlinin son “uğuru”: Siyasi aktivliyin əvvəlki sıfır nöqtəsinə qayıdışı...

Milli Şura və “Yurd” oktyabrın 19-a razılaşdırılmamış aksiya təyin edəndə bir sıra ekspertlər, stajlı müxalifətçilər bunun zərərli olacağını bildirirdilər. Bunun da səbəbi vardı. “Yurd” sədrini tanıyan təcrübəli müxalifətçilər bilirdi ki, bu aksiya yalnız Əli Kərimlinin maraqlarına uyğundur, çünki 19 oktyabr aksiyası 2005-ci ilin 26 noyabr ssenarisinin təkrarıdır. Bəzən “Yurd” sədri bu aksiyadan bəh-bəhlə danışır, “Biz o zaman qəhrəmanlıq etdik, başqaları risk etmədi, biz bacardıq” deyir. Ancaq nədən ibarət idi bu “risk” və ya “qəhrəmanlıq”? Tarixə nəzər salaq.

Müxalifətin əsas birliyi sayılan “Azadlıq” bloku seçkiyə qatılmış və elan olunan nəticələrə görə, seçkini uduzmuşdu. Bir sıra “Yurd” və Müsavat funksionerləri parlamentə buraxılmışdı. Budəfəki siyasi bazarlıq ürəyincə olmayan “Yurd” sədri müxalifətin birliyinin dağıtmaq, parlamentdə Müsavatla eyni sayda təmsil olunmamaq üçün siyasi hoqqabazlığa əl atdı. Siyasi proseslərin yüksələn tepmlə inkişaf etdiyi zamanda qəfildən oturaq aksiyaya qərar verildi. Polis 15 dəqiqəyə meydanı boşaltdı və müxalifət bununla da bütün imkanlarını itirdi. Hələ də müxalifət onun acısını yaşayır və o zamandan toparlana bilmir. Sosial baza itirilib. Həmin dövrün sosial bazasını bərpa etmək və güc mərkəzinə çevrilmək mümkün olmayıb. Əli Kərimlinin bu siyasi eksperimentini xatırlayan siyasi ekspertlər onun yeni hoqqabazlıqlarının da müxalifətə zərər vuracağını bildirirdilər.

Elə həmin nəticə də oldu. Bu ilin 19 yanvar aksiyasından sonra “Yurd” sədri, Milli Şura rəhbərləri siyasi eyforiyada idilər. Aksiya əvvəlkilərdən say çoxluğuna görə fərqli oldu. Hakimiyyətin də bir sıra sosial-iqtisadi islahatları həmin dövrə təsadüf edirdi. “Yurd” sədri bundan geninə-boluna yararlanmağa cəhd etdi və islahatları öz adına çıxmağa çalışdı. 19 yanvar eyforiyası ötən müddət ərzində “Yurd” sədrinin istinad nöqtəsinə çevrildi. Lakin sentyabr “Yurd” üçün uğursuz başladı. Fuad Qəhrəmanlının ailəsində baş verənlər, müxalifət daxilindəki feministlərin “Yurd”a zərbələri Əli Kərimlini kifayət qədər yıpratdı. Siyasi sayıqlığını itirən “Yurd” sədri razılaşdırılmamış aksiyalara qərar verdi. Burada iki əsas məqsəd var idi.

Birincisi, yaranmış durumdan bu yolla çıxmaq cəhdiydi. “Yurd” sədri düşünürdü ki, razılaşdırılmamış aksiyalara böyük insan kütləsi çıxacaq, Əli Kərimli yenidən müxalifətdə əsas söz sahibinə çevriləcək. Bununla Fuad Qəhrəmanlı ətrafında baş verənlər unudulacaq.

İkincisi, "Yurd” lideri meydana çıxacaq və əsl müxalifət olduğunu sübut edəcək, hərəkat lideri olduğunu elan edəcək. 12 oktyabr razılaşdırılmış piketi nisbətən yaxşı alınmışdı. Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına nəzərdə tutulandan çox adam yığıldı, mərkəzdə olduğundan aksiyaya diqqət çox oldu. Bundan ehtizaza gələn “Yurd” sədri həmişəki kimi növbəti avatürist qərarını verdi və tərəfdarlarını 19 oktyabrda metronun “28 May” stansiyasının qarşısına razılaşdırılmamış aksiyaya çağırdı. Qəsdən atılmış bu addım səbəbindən Əli Kərimli öz tərəfdarları tərəfindən belə dəstəklənmədi və meydanda tək qaldı. Beləliklə də, Əli Kərimli istəyinə çatmadı və meydandan eyforiya ilə yox, ruh düşkünlüyü ilə çıxdı. Qalib yox, döyülmüş, alçalmış, əlacsız müxalifətin sıra nəfərindən birinə çevrildi. Bununla da müxalif cameəni bir daha yıpratmış oldu.

Beləliklə, Əli Kərimlinin Lenindən iqtibas etdiyi “oktyabr planları” yerinə yetmədi. “Yurd” liderinin yeganə "uğuru" 26 noyabr siyasi çöküş ssenarisini təkrarlaması oldu. Əli Kərimlinin qəsdi nəticəsində müxalifət ən azı 10 ay geriyə düşdü. Əli Kərimlinin məğlub durumu noyabrın 5-də Müsavat Partiyasının qərargahında keçirilən dəyirmi masada da göründü. Buna qədər “hər müxalifətlə plov yeməyən” “Yurd” lideri toplantıya suyu süzülmüş vəziyyətdə qatılmışdı.

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə keçirilən dəyirmi masaya Cəmil Həsənli, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, İsa Qəmbər, Əli İnsanov, Mehman Əliyev, Hikmət Hacızadə dəvət olunmuşdu. Onlardan dəyirmi masada Əli Kərimli, Pənah Hüseyn, İsa Qəmbər, Əli İnsanov, Mehman Əliyev və Hikmət Hacızadə iştirak edirdi. “Yurd” sədrinin toplantıya qatılacağı belə müəmmalı idi. Lakin 19 oktyabr məğlubiyyətinin acısını içində yaşadan “Yurd” sədri kirimişcə toplantıya qatıldı və heç kimdən fərqlənməyən bir çıxış etdi. Təbii ki, həmin toplantının ümumi mənzərəsi də cəmiyyətin marağında deyildi. Çünki "mehriban düşmən"lərin bir masanı bölüşməsinin siyasi gələcəyi yoxdur. Əli İnsanovun hikkəsi, Əli Kərimlinin məkri hər hansı siyasi revanşa təməl ola bilməz. Ona görə bu görüş və ya adına sonradan funksional əməkdaşlıq deyilən bu müzakirənin ömrü elə keçirildiyi gün də bitdi, ölkənin siyasi gündəmində dəyişiklik yaratmadı. Bu da onu göstərir ki, Əli Kərimlinin əkdiyi toxum artıq cücərib, yəni siyasi aktivlik əvvəlki sıfır nöqtəsinə qayıdıb.

Cebhe.info


Oxunma sayı: 2564