hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Elxan Şahinoğlu: “Ukrayna Türkiyə ilə strateji müttəfiqliyə can atır”

Elxan Şahinoğlu: “Ukrayna Türkiyə ilə strateji müttəfiqliyə can atır”

"Ukrayna Prezidenti Vladimir Zelenski qısa müddət ərzində Türkiyəyə ikinci rəsmi səfərini reallaşdırıb. Bu Ukrayna prezidentinin Türkiyə ilə əməkdaşlığa verdiyi önəmdən irəli gəlir".

Cebhe.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib:

"Hələ səfərdən əvvəl ukraynalı rəsmilər Türkiyə ilə tərəfdaşlığı gücləndirməyi arzu etdiklərini bildirirdilər. Ukraynanın Xarici İşlər naziri Dmitriy Kuleba iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıqdan da üst səviyyəyə qaldırılması və yeni layihələrin reallaşdırılmasını vacib hesab edib. Strateji tərəfdaşlıqdan üst mərtəbə strateji müttəfiqlik sayılır. Demək Kiyev Türkiyə ilə strateji müttəfiq olmağı arzulayır.

Ukrayna Prezidenti Vladimir Zelenski açıq bildirib ki, onun ən böyük arzusu Ukrayna ilə Türkiyə arasındakı ticarət əlaqələrini Rusiya-Türkiyə ticarət əlaqələrinin səviyyəsinə çatdırmaqdır. Bəllidir ki, Rusiya-Türkiyə ticarət əlaqələrinin həcmi on milyardlarla dollardır. Zelenski Türkiyənin Ukraynaya ən azı 10 milyard dollar yatırım qoyacağına ümid edir. Ukrayna prezidenti Türkiyənin tikinti şirkətlərinin ölkəsinin infrastruktur çalışmalarına cəlb etməyə çalışır. Vladimir Zelenski Türkiyə şirkətlərinin özünün böyük ümid bəslədiyi “Böyük tikinti” layihəsində iştirakında maraqlıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə görüşdə Krım məsələsində Ukraynaya hərtərəfli dəstək verəcəyini bir daha açıqlayıb. Kiyevlə Ankara Krımda insan hüquqlarının pozulmasına qarşı birgə mübarizə aparacaqlarını bəyan ediblər. Məlumdur ki, Krımda Rusiyanın işğal siyasətini tənqid etdiklərinə görə həbs edilənlər var və onlar arasında Krım türkləri də az deyil. Bu hal Ankaranı ciddi narahat edir. Bundan başqa, Ankara Ukraynanın NATO üzvlüyü yolunda dəstəyini artıracağını vəd edib. Rəcəb Tayyib Ərdoğan Ukraynanın İslam Əməkdaşlıq Təşkilatına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müşahidəçi statusunda qatılmaq istəyini də alqışlayıb.

İki ölkənin lideri bir məsələdə də razılığa gəliblər:

Ukraynanın və Türkiyənin xarici işlər və müdafiə nazirləri “2+2“ formatında ildə nə azı bir dəfə görüşərək xarici siyasət və təhlükəsizlik mövzularında fikir mübadiləsi aparacaqlar. Ümumiyyətlə, Ukrayna Türkiyə ilə hərbi əməkdaşlığın genişləndirməsinə çalışır. Bu arada, Türkiyənin pilotsuz uçuş aparatlarının Dağlıq Qarabağda erməni işğalçılarına qarşı dəqiq zərbələri Ukraynanın diqqətini çəkib. Ukrayna həm Türkiyədən pilotsuz uçuş aparatlarının alınmasında, həm də birgə istehsalında maraqlıdır. Bəlkə də Ukrayna silahlı qüvvələrinin 2014 və 2015-ci illlərdə pilotsuz uçuş aparatları olsaydı, Azərbaycan Ordusu kimi separatçılar üzərində üstünlük qazanardı.

Ukraynanın Türkiyə ilə yaxınlaşmaq istəyi Rusiyada diqqətlə izlənilir. Rusiyanın siyasi dairələri Rəcəb Tayyib Ərdoğanın Krım məsələsində Kiyevə dəstəyini artırmasından narahatdırlar. Ancaq Kremlin Türkiyə-Ukrayna münasibətlərinə təsir etmək imkanı yoxdur. Digər tərəfdən Avropa ölkələri Ukraynaya vəd etdiklərini vermədilər, köhnə qitədən Ukraynaya yatırımlar azdır. Kiyev istəyir ki, Avropa Birliyi ölkələrinin yerinə yetirmədiyi vədləri Türkiyə reallaşdırsın. Ukrayna böyük bazardır və Türkiyə şirkətləri bu bazarda möhkəmlənə bilərlər".

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3246

Bizim Telegram səhifəmizi izləyin