hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Əminə Ağazadə: “Kürdəmirdə yeni sosial layihə başlayıb”

Əminə Ağazadə: “Kürdəmirdə yeni sosial layihə başlayıb”

“Əziz kürdəmirlilər, hər birinizi salamlayıram və məlumat üçün bildirirəm ki, rayonumuzda böyük həcmli sosial layihəyə start verilib. Layihənin hədəfi rayon əhalisinin ən aztəminatlı ailələri, valideyinlərini itirmiş uşaqlar, tək analar, xəstə yatağına məhkum olan qocalar və uşaqlardır. Məqsəd bu qrupdan olan şəxslərin sosial ehtiyaclarının qarşılanması, geyim, məktəb ləvazimatı, əlillər üçün nəzərdə tutulmuş avadanlıqlarla təmin edilməsi, vətəndaşların miqrasiya, yerli icra orqanları və digər qurumlarla sənəd tərtibatının hazırlanmasında köməklik edilməsi və s. sahələri əhatə edir”.

Cebhe.info xəbər verir ki, bunu deputat Əminə Ağazadə deyib.

Ə.Ağazadə bildirib ki, hədəf qruplarından biri də Qarabağ döyüşlərində şəhid olmuş və ya səhhətini itirmiş şəxslərin və onların ailə üzvlərinin səhiyyə problemlərinin qarşılanmasıdır:

“Xüsusi minnətdarlıq hissi ilə bildirirəm ki, layihənin icrası ölkə ərazisində fəaliyyət göstərən ən böyük qeyri-hökumət təşkilatlarından olan “Uğur” Gənclər qrupu və “Xeyriyyə” QHT tərəfindən həyata keçirilir və layihənin hədəfi rayonumuzada bu sinifdən olan 3000-5000 (üç-beş min) ailənin ehtiyaclarını qarşılamaqdır. Bu məqsədlə “Uğur” Gənclər qrupu və “Xeyriyyə” QHT-nin rəhbərləri Günel xanım Abbasova və Qahirə xanım Rzayeva iki gün müddətində rayonumuzda olub, layihənin fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər.

İlk olaraq Rayon İcra Hakimiyyəti, yerli icra strukturları, təhsil şöbəsinin təqdim etdiyi məlumatlar əsasında yerlərdə real vəziyyətlə tanış olduq. Layihənin rəhbər şəxsləri tərəfindən rayonun Qarasu, Şilyan, Atakişili, Çöhranlı kəndlərində siyahıya alınmış ailələrin ünvanlarında real vəziyyəti qiymətləndirildi və qeyd etməliyəm ki, artıq iki gün ərzində iyirmidən çox ailəyə baxış keçirilərək konkret yardımlar edildi. Bildirim ki, növbəti həftədən bu proses digər kənd və qəsəbələrimizdə də davam etdiriləcəkdir”.

Xanım deputat xüsusi olaraq qeyd edib ki, layihənin idarə edilməsi deputatın ofisi tərəfindən aparılır və vətəndaşlarla görüşlər, onların problemləri haqqında məlumatların əldə edilməsi, müvafiq istiqamətlərin verilıməsi birbaşa olaraq onun xüsusi nəzarətim altındadır:

“Fürsətdən istifadə edərək “Uğur” Gənclər qrupu və “Xeyriyyə” QHT-nin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm, onlara işlərində uğurlar arzulayıram”.

Əminə Ağazadə sonda seçicilərinə müraciət edib:

“Əziz seçicilərim, mənim doğmalarım! Pandemiya səbəbindən rayona gəlmək, sizlərlə canlı ünsiyyət qurmaq imkanım olmasa da, fikirlərim, düşüncələrim daim sizinlədir və mən ümid edirəm ki, biz hamılıqla bu çətin günləri arxada qoyaraq bir çox problemlərimizin öhdəsindən birlikdə gələcəyik. Özünüzü və ailələrinizi qoruyun!”

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1068