hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Əminə Ağazadə: “Ölkə rəhbəri islahatlarla gələcək mümkün kataklizmləri önləmiş oldu” - MÜSAHİBƏ

Əminə Ağazadə: “Ölkə rəhbəri islahatlarla gələcək mümkün kataklizmləri önləmiş oldu” - MÜSAHİBƏ

Dünyanın olduğu kimi, Azərbaycanın da əsas gündəm mövzusu koronavirusla mübarizədir.

Ancaq bununla yanaşı, ölkəmizdə həm də rüşvətxorluğa və korrupsioner məmurlara qarşı mübarizə də müzakirə edilir.

Cebhe.info-nun gündəmlə bağlı suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Əminə Ağazadə cavablandırıb.

-Əminə xanım, ilk olaraq koronavirusla bağlı soruşmaq istəyirdim. Virusdan necə qorunursunuz, karantin qaydalarına necə əməl edirsiniz?

-Bütün vətəndaşlar kimi mən də koronovirusla əlaqədar tələb edilən bütün qayda və qadağalara əməl etməyə çalışıram. Bu, gündəlik məişətdən başlayaraq Milli Məclisdəki iş rejiminə qədər davam edən təhlükəsizlik tədbirləridir. Bu tədbirlər ilk növbədə ailələrimizi, doğmalarımızı qorumaq, hər bir vətəndaşımıza vəziyyətin nə dərəcədə təhlükəli olduğunu çatdırmaq istəyi ilə bağlıdır. Bu gün hər bir vətəndaş bilməlidir ki, ölkədə aparılan koronovirusla mübarizə tədbirləri bizim sağlamlığımızın qorunmasına, əhalinin, bütövlükdə ölkəmizin təhlükəsizliyinə xidmət edir.

-Koronavirusa qarşı aparılan mübarizəni necə qiymətləndirirsiniz?

-Çox yüksək qiymətləndirirəm. Bu faktdır ki, Azərbaycan dövlətinin pandemiyaya qarşı apardığı mübarizə modeli dünya səhiyyə təşkilatları tərəfindən örnək olaraq göstərilir. Ölkə başçısının pandemiyanın ilk günlərindən verdiyi qərarlar, bu qəraraların işlənmə mexanizminin hazırlanması, icra edilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyəti buna sübutdur. Azərbaycan dövləti sübut etdi ki, qısa bir müddət ərzində bütün resurslarının səfərbər etmək qabiliyyəti var. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın dəfələrlə ictimaiyyətə müraciətləri, xaricdə yaşayan azərbaycanlıların vətənə qaytarılması, yüksək səviyyədə karantin rejiminin təşkili, mobil xəstəxanaların tikintisinə start verilməsi bir daha sübut etdi ki, ölkə rəhbərliyi üçün hər bir azərbaycanlının sağlamlığı ən ümdə məsələdir. Azərbaycan dövləti özünün bütün maddi-texniki resurslarından istifadə edərək ölkə vətəndaşlarının sosial-rifah halının mümkün ola biləcək qədər təmin edilməsinə çalışdı və bünü müfəvvəqiyyətlə yerinə yetirə bildi. Bu gün regionda pandemiyanın nəzarətdə saxlanması işində Azərbaycan öncül yerlərdən birini tutur.

- Struktur və kadr islahatları da digər tərəfdən davam etdirilir. Bu prosesin yekunu olaraq necə bir Azərbaycan görəcəyik?

-Prezident İlham Əliyev növbəti dəfə nümayiş etdirdi ki, ciddi dəyişiklik tərəfdarıdır. O, problemləri həll edir, lakin yeni yanaşma ilə çalışır. Burada bir incə məqam da var. Prezident praqmatik və mütərəqqi siyasətçi olmaqla yanaşı, kardinal dəyişikliklər edəcək qədər qətiyyətlidir. Son addımlar da göstərdi ki, Prezident iqtisadi islahatlar və demokratik transformasiya tərəfdarıdır. Əslində, beynəlxalq münasibətlər üzrə ciddi mütəxəssis olan Prezident İlham Əliyev bəzi məmurların daha çox müdafiə etdiyi “imitasiya edilən demokratiya” modelinin yarıtmaz olduğunu nümayiş etdirərək, ciddi islahatlara getdi. Ölkə rəhbəri gələcək mümkün kataklizmləri də önləmiş oldu. Sosial-iqtisadi göstəricilərin inkişaf və tənəzzül tempini nəzərə alaraq, gələcək seçkilərdə spontan etiraz səsvermələrin qarşısını demokratik yolla almaq üçün seçki qanunvericiliyinin liberallaşmasını da təmin etdi. Hesab edirəm ki, yuxarıda sadalananlar Azərbaycanın sabahına böyük ümid olduğuna və bu gözləntilərin lazımi nəticə verəcəyinə şübhə doğurmur.

-Son zamanlar ölkə üzrə aparılan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə cəmiyyət tərəfindən ciddi şəkildə dəstəklənir. Necə düşünürsünüz, bu proses davamlı olacaqmı?

-Bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik ideyaların cəmiyyətdə möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Ən azı bu baxımdan ki, Azərbaycan özünün çoxminillik dövlətçilik tarixində heç zaman indiki kimi güclü, qüdrətli, özünəinamlı olmamışdı.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 15962