hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Ərdoğan-Bayden görüşünün yeni detalları açıqlandı

Ərdoğan-Bayden görüşünün yeni detalları açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 14-də keçiriləcək NATO Liderlər Sammitində iştirak etmək üçün Belçikaya səfər edəcək. Ərdoğanın sammit çərçivəsində ABŞ Prezidenti Co Baydenlə keçirəcəyi görüşdə 9 kritik mövzu müzakirə ediləcək.

“Qafqazinfo” “Haberler.com”a istinadən xəbər verir ki, hər kəsin diqqətini cəlb edəcəyi görüşdə Türkiyə-ABŞ münasibətlərindəki yeni dövrün yol xəritəsi ətraflı ələ alınacaq. İki ölkə arasında 9 kritik mövzunun gündəmə gətirələcəyi görüşdə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün atılacaq addımlar və Türkiyə üçün prioritet məsələlərin ön planda yer alacağı gözlənilir.

“Hürriyet” qəzetinin xəbərinə görə, Türkiyə Prezidenti ABŞ-da FETÖ-nün varlığı və Suriyada PKK/YPG terror təşkilatına verilən dəstək kimi məsələlərin həllinin Türkiyə-Amerika münasibətlərinin inkişafı üçün vacib olduğunu amerikalı həmkarının diqqətinə çatdıracaq. Ərdoğan FETÖ və PKK/PYD terror təşkilatlarının Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhlükə yaradan strukturlar olduğuna diqqət çəkəcək. Yığıncaqda Bayden rəhbərliyindən ittifaq münasibətlərinə uyğun olaraq Türkiyənin bu məsələlərdə marağının təmin edilməsi üçün konkret addımların atılması istəniləcək.

Bundan əlavə Ərdoğan-Bayden görüşündə ən kritik mövzu, uzun müddətdir gündəmdə olan “S-400” məsələsi olacaq. Görüşdə “S-400”lərin NATO-nun təhlükəsizlik sistemini təhlükə altına qoyacaq bir tərəfinin olmadığı ifadə ediləcək. Türkiyənin “F-35” proqramından çıxarılması və tətbiq olunan sanksiyaların haqsız olduğu və müttəfiqlik ruhuna uyğun olmadığı bildiriləcək.

Bundan əlavə görüşdə Suriya məsələsi kontekstində İdlibdəki hadisələr, qaçqın məsələsi, Liviyadakı proseslər, Şərqi Aralıq dənizi məsələsi və Dağlıq Qarabağdakı son vəziyyət də mahiyyəti üzrə ələ alınacaq.

Türkiyə ilə ABŞ arasında 100 milyard dollarlıq ticarət hədəfi, qarşılıqlı investisiyalar və əməkdaşlıq imkanları ilə bağlı atıla biləcək addımlar da görüşün müzakirə mövzusu olacaq.

Ərdoğan səfər çərçivəsində Nato Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Baş naziri Angela Merkel, İngiltərə Baş naziri Boris Conson və Yunanıstan Baş naziri Kriakos Mitsotakis ilə də ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Cebhe.info


Oxunma sayı: 474