hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Ərdoğan Əsədlə “barışıq masası”nda

Ərdoğan Əsədlə “barışıq masası”nda

“Moskva Dəməşqlə Türkiyə arasındakı görüşün tərəfdarıdır. Ancaq bu, tərəflərin hazırlığından asılıdır”. 

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov belə deyib. “Biz həmişə buna tərəfdar çıxırıq. Ancaq bu yalnız bizim istəyimizdən deyil, həm də tərəflərin görüşə və dialoqa hazır olmasınıdan asılıdır”, -deyə rusiyalı diplomat əlavə edib. 

Bu yaxınlarda Suriya Prezidentinin siyasi məsələlər üzrə müşaviri Buseynə Şaban bildirib ki, Soçidə rəsmi Dəməşq və Anakara arasında danışıqlar baş tuta bilər. Görüşdə Türkiyə silahlı qüvvələrinin Suriyanın şimalında hərbi əməliyyatlar aparması məsələsi müzakirə ediləcək. 

Qeyd edək ki, Türkiyə ilə Suriya arasında münasibətlər “Soyuq müharibə” dövründən, yəni Hafiz Əsədin hakimiyyətdə olduğu vaxtdan gərgin olub. Bəşər Əsədin prezidentliyi müddətində də bu münasibətləri normal məcraya salmaq mümkün olmadı. Hətta Ədalət və İnkişaf Partiyası iqtidara gəldikdən sonra Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması Türkiyənin xarici siyasət strategiyasının əsas prioritetlərindən birini təşkil edib. Son vaxtlar bu qarşıdurma nisbətən səngimiş kimi görünsə də Bəşər Əsəd Türkiyənin ünvanına sərt bəyanatlar verməkdə davam edir. Hətta oktyabrın 29-da Təl-Tamər bölgəsində Suriya ordusu ilə Türkiyə Silahlı Qüvvələri arasında atışma baş verib. Nəticədə Suriya ordusunun 6 nəfər əsgəri həlak olmuş, 16 nəfər isə əsir düşmüşdü. Türkiyə isə Əsəd rejiminə qarşı alternativ qüvvə kimi Suriya milli Ordusuna maliyyə, hərbi və siyasi dəstək nümayiş etdirir. Bu amillər Türkiyə ilə Suriya hakimiyyəti arasında danışıqların baş tutmasına mane ola bilər. Ancaq rəsmi Moskvanın Bəşər Əsədə təsir imkanlarının güclü olduğunu nəzərə alsaq, Soçi görüşü nəticə verə bilər. 

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Suriya və Türkiyənin mövqelərinin uzlaşdırılmasına nail olunmasına zərurət yaranıb. Bu prosesi təşkil etmək üçün ən ideal vasitəçi rolunda hazırda Rusiya çıxış edir:

“Bəşər Əsədin hakimiyyətdə qalmasını təmin edən iki əsas səbəbkarından birinin Rusiya olması bu görüşü mümkün edir. Hadisələrin gedişatı onu göstərir ki, Bəşər Əsəd Türkiyənin haqlı tələblərini qəbul etmək məcburiyyətindədir. Rəsmi Dəməşqin Türkiyə ilə hədələyici tərzdə danışması, Suriyanın şimalında aparılan əməliyyatlara münasibətdə Türkiyə ilə münasibətləri korlaması Əsəd hakimiyyətini daha pis vəziyyətə salır. Yəni Suriya indiki məqamda Türkiyə ilə “Danışıqlar masası”na oturmağa məcburdur. Şərtlər bunu labüd edir. Hər iki ölkəyə yaxın olan yeganə qüvvə Rusiyadır. Hər iki tərəfin “Danışıqlar masası”na oturması və müəyyən məqamlarda anlaşmaya nail olması mümkündür. Amma bu, Suriyanın Türkiyə ilə müttəfiq olması demək deyil. Söhbət müəyyən məqamlarla bağlı razılaşmaların əldə olunmasından gedə bilər ki, bu da mümkündür. Onu da qeyd edim ki, hazırda rəsmi Ankara Bəşər Əsədin hakimiyyətdən getməsi üçün prinsipial mövqe göstərmir. 2012-ci ildə Suriya böhranı başlayanda Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsini şərt kimi irəli sürürdü. Amma sonralar Türkiyənin baxışında fərq yarandı. Çünki Suriyada İŞİD, PYD, YPG terror təşkilatları ilə mübarizə məsələləri ön plana çıxdı. Bununla bağlı uğurlu hərbi əməliyyatlar aparıldı və Türkiyə öz məqsədinə çatdı. Artıq məqsəd əldə olunan nəticələrə uyğun olaraq irəli addımlar atmaqdır. Bu addımları atmaq üçün rəsmi Dəməşqlə mövqeləri uzlaşdırmağa ehtiyac var. Eyni zamanda, Əsədin də güzəştə getməsi labüd şərtdir. Hətta Əsəd Türkiyənin maraqlarını qəbul etməyə məcburdur. Yəni istər Qərblə münasibətlər baxımından, istərsə də İranın daxilində nəzarətində olan ölkələrdə ciddi hadisələrin baş verməsi hakimiyyətini qoruyub saxlamağa çalışan Əsəd üçün nəfəslik rolunu oynayır. Bu mənada Suriya “Danışıqlar masası”nda Türkiyənin şərtlərini qəbul etməli olacaq. Türkiyə də artıq Əsədin hakimiyyətdən getməsi məsələsində daha loyal mövqedən çıxış edir ki, bu da danışıqların baş tutmasına şərait yaradır”.

Vüqar Zifəroğlu hesab edir ki, başı daxili problemlərə qarışan İranın Suriya-Türkiyə müzakirələrinə mane olmaq şansı azalıb: 

“İranın başı həm öz daxilində, həm də İraqda gedən hadisələrə qarışıb. Hazırda İran həm İraqda, həm Suriya, həm Livanda külli miqdarda vəsait xərclədir. Bu isə İran iqtisadiyyatını böhran həddinə gətirib. Ölkədə ciddi sosial problemlər var. İran iqtisadiyyatı sanksiyalar nəticəsində demək olar ki, dağılıb. Artıq İraqda baş verən etirazların hədəfi İranın səfirliyi və konsulluğudur. Bu isə İranın diqqətini Suriyadan yayındırır. Bu da Əsədi Türkiyə ilə münasibətlərdə güzəştə getməyə məcbur edən amillərdən biridir”.

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 4192