hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Ərdoğan üçün xilas planı: AKP daxilində parçalanmaya son qoyacaq?

Ərdoğan üçün xilas planı: AKP daxilində parçalanmaya son qoyacaq?

Türkiyə Silahlı Qüvvələrinin Fərat çayının sağ sahilində hərbi əməliyyat aparması üçün hazırlıq işləri yekunlaşmaq üzrədir.  

Hücumun əsasən Ceylanpınar, Akçakale sərhəd-keçid məntəqələri istiqamətindən başlanacağı gözlənilir. Hətta bəzi məlumatlara görə, ordu Suriyaya daxil olub. 

Öncə PKK terrorçuların hədəflərinin top atəşləri ilə vurulacağı ehtimal edilir. Əməliyyatının birinci mərhələsində Rasul Ayn və Təl-Abyad yaşayış məntəqələri də daxil olmaqla 3500 kvadrat kilometrlik ərazinin  terrorçulardan azad edilməsi nəzərdə tutulub. 

Lakin Türkiyə hərbi hava qüvvələrinə məxsus qırıcılarıdan istifadə ediləcəyi dəqiq bilinmir. ABŞ Türkiyənin Birgə Hava Əməliyyatları Mərkəzinə daxil edilmədiyini bildirir. Vaşinqton Türkiyə qırıcılarının əməliyyatda iştirak etməsini Suriyanın hava sərhədlərinin pozulması kimi qiymətləndirir. Ona görə də Türkiyənin təyyarələrdən aviazərbələr endirəcəyi ilə bağlı məsələ mübahisəli olaraq qalır. Ancaq hədəflərin məhv edilməsi üçün döyüş helikopterlərindən istifadə ediləcəyi istisna edilmir. 

Hərbi əməliyyatlar planına əsasən,  Türkiyə-Suriya sərhədinin 480 kilometr boyunca 13 min 500 kvadarat kilometr ərazisi kürd və İŞİD terrorçularından təmizlənməlidir. 

Fərat çayının sağ sahilinin terrorçulardan azad ediləcəyi təqdirdə Türkiyənin Suriya ilə 911 kilometrlik sərhədlərinin təhlükəsizliyi tam təmin olunacaq. Bu, PKK probleminin həllində Türkiyə üçün yeni bir mərhələnin əsasını qoyacaq. Proses Türkiyənin təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, hazırda siyasi mövqeləri zəifləməkdə olan Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin də mövqelərini möhkəmlədə bilər. Son zamanlar hakim Ədalət və İnkişaf Partiyasında baş verən istefalar fonunda Suriyada PKK-ya qarşı növbəti uğurlu əməliyyatın keçirilməsini daxili ictimai rəyə hesablanmış gediş kimi də dəyərləndirmək olar.    

Qeyd edək ki, 2016 və 2017-ci illərdə Suriyanın şimalında keçirilmiş “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları Ərdoğan hakimiyyətinin siyasi reytinqini xeyli artmasına səbəb olmuşdu. AKP daxilində mərkəzdənqaçma prosesinin sürətləndiyi  hazırkı mərhələdə PKK probleminə son qoyulması  kənarda düşmən obrazı yaratmaqla ictimai diqqəti daxili hadisələrdən yayındırmaq, həm də ictimai nüfuzunu artırmaq  baxımından Prezident Ərdoğanın maraqlarına cavab verir.

Politoloq Natiq Miri Cebhe.info-ya bildirib ki, anti-terror əməliyyatlarının uğurla nəticələnməsi Türkiyəni bölgənin ən güclü dövlətlərindən birinə çevirəcək. Bu isə Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin siyasi ömrünü uzada bilər:

“Bu əməliyyatların keçirilməsi Ədalət və İnkişaf Partiyasının (AKP) ictimai rəydə mövqelərinin güclənməsi ilə əlaqədar deyil.  Həmin plan Türkiyənin dövlət təhlükəsizliyi, regional və qlobal səviyyədə həlledici mövqeyə malik olduğunu ortaya qoymaq üçün atılan addımdır. Çünki “Şərqi Fərat” əməliyyatı uğurla başa çatdıqdan və PKK terror təşkilatı, onun Suriya qolu olan YPG bölgədə tamamilə zərərsizləşdirildikdən sonra  artıq Türkiyəni terrorla təhdid etmək mümkün olmayacaq. On illərdir PKK terroru  Türkiyə üçün ciddi problemə çevrilib. İndi bu problemin aradan qaldırılması ilə Türkiyə  həm geosiyasi, həm də geoiqtisadi baxımdan gücə çevriləcək. Bu da Türkiyəni qlobal bir oyunçu səviyyəsinə gətirib. Təsadüfi deyil ki,  Rusiya prezidenti Vladimir Putin müasir dünyanın yenidən şəkilləndiyini və belə bir dünyanı Türkiyəsiz təsəvvür etməyin mümkün olmadığını deyib. Rusiya kimi böyük dövlətin prezidentinin belə fikir söyləməsi Türkiyənin nə qədər güclü mövqeyə malik olduğunu ortaya qoyur. Bu uğurlu əməliyyatdan sonra Türkiyəyə olan təzyiq mexanizmləri də aradan qaldırılacaq. Nəticədə, Türkiyənin siyasi,  iqtisadi və hərbi sahələrdə müstəqil  siyasət yürütməsinə şərait yaradacaq. Bu da güclü, qüdrətli  Türkiyə dövlətinin meydana çıxmasına səbəb olacaq. “Şərqi Fərat” əməliyyatından sonra Türkiyənin yalnız Yaxın Şərqdə deyil, bütövlükdə Aralıq dənizi regionunda da mövqeləri güclənəcək. Bunun da müqabilində Türkiyə enerji  daşıyıcı ölkəsinə çevrilə bilər. Çünki Türkiyə gəmiləri sahilyanı hövzələrdə neft və qaz yataqlarının axtarışına başlayıb. Axtarışlar müsbət nəticə verərsə, Türkiyə yalnız siyasi cəhətdən deyil, iqtisadi baxımdan da qlobal gücə çevrilmək imkanları əldə edəcək. Belə olduğu təqdirdə, AKP-nin Türkiyədə hakim mövqeyi yenidən güclənə bilər. Bu etimadın artması 2023-cü ilin prezident seçkilərində səhhəti imkan verərsə, Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsi istiqamətində maneələri aradan qaldıracaq. Artıq bəzi qlobal güclər bu prosesin qarşısını almaq və Türkiyə hakimiyyətinə zərbə vurmaq üçün yeni bir siyasi layihənin icrasına başlayıblar. Yəni AKP-dən qopmalar hesabına yeni siyasi partiyaların yaradılmasına və onların cəmiyyətdə mövqelərinin güclənməsinə nail olmaqla Ərdoğanı iqtidardan salmağa  çalışırlar. Düşünürəm ki, “Şərqi Fərat” əməliyyatı uğurla başa çatarsa, xarici qüvvələr planlarını həyata keçirə bilməyəcək”.

Müşfiq Abdulla  
Cebhe.info


Oxunma sayı: 2036