hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Ərdoğanın Bakı səfəri, Ermənistanda qarşıdurma, Surət Hüseynovun iddiaları - Pənah Hüseynlə MÜSAHİBƏ

Ərdoğanın Bakı səfəri, Ermənistanda qarşıdurma, Surət Hüseynovun iddiaları - Pənah Hüseynlə MÜSAHİBƏ

Bu gün ölkə gündəmində bir sıra vacib məsələlər var.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı və Şuşa səfəri, Ermənistanda Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla sabiq prezident Robert Köçəryanın tərəfdarları arasında baş verən dava, o cümlədən bölgədəki durum əsas müzakirə mövzularıdır.

Müzakirə olunan digər bir məsələ isə qiyamçı polkovnik Surət Hüseynovun 4 iyun Gəncə qiyamı ilə bağlı səsləndirdiyi iddialardır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyunda Bakıya səfərə gələcək. Ərdoğanın səfər çərçivəsində işğaldan azad olunmuş Şuşaya səfər edəcəyi də bildirilir.

Ermənistanda isə seçki ərəfəsində Paşinyan və Köçəryan tərəfdarları arasında dava olub, 8 nəfər yaralanıb.

Surət Hüseynov isə BBC-yə verdiyi müsahibədə 4 iyun Gəncə qiyamı ilə bağlı bir sıra iddialar səsləndirib. Surət Hüseynov o dövrdə ortalığı sabiq Baş nazir Pənah Hüseyn və sabiq spiker İsa Qəmbərin qarışdırdığını deyib.

Gündəmdə olan məsələlərlə bağlı Cebhe.info-nun suallarını Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq Baş nazir Pənah Hüseyn cavablandırıb.

-Pənah bəy, bir müddət əvvəl Ərdoğanın Şuşaya gedəcəyi ilə bağlı informasiya yayıldı və bu məlumatın ardınca Ermənistan Azərbaycanla sərhəddə bir neçə təxribat törətdi. Bu təxribatların məhz Ərdoğan səfərinə qarşı olduğu iddia olunurdu. Necə düşünürsüz, Ərdoğanın Bakıyə gəlməsinə və işğaldan azad olunan ərazilərə səfərinə qarşı çıxanlar xarici güclər varmı?

-Ərdoğanın Bakıya səfər etməsinə qarşı çıxan xarici dövlət yoxdur. Çünki bu, Azərbaycanın və Türkiyənin suverən məsələləridir. Doğrusu, Ərdoğanın Bakıya gəlməsinə qarşı çıxanlara rast gəlməmişəm.

-Ərdoğanın Bakıya və işğaldan azad olunmuş ərazilərə səfəri Azərbaycan üçün nə ifadə edir?

-Daixldə hər birimiz Ərdoğanın Bakıya səfərini məmnuniyyətlə gözləyirik. Hər kəs Türkiyə-Azərbaycan münasibətlərinin yeni bir mərhələsinin görmək istəyir. İstər həbi-siyasi, istərsə də ikitərəfli dövlət əlaqələrinin digər, o cümlədən iqtisadi sahədə daha da möhkəmlənməsini, dərinləşməsini, inkişafını istəyir. Azərbaycan ictimai rəyində görünür ki, bu səfər hər kəs tərəfindən alqışlanır. Bunun müsbət nəticələr verəcəyi qənaətindəyik. Eyni zamanda bu səfər həm regionda, həm də dünyada ümumi təhlükəsizliyə, sülhə xidmət edəcəyi, xüsusilə də konkret olaraq Qarabağ məsələsində Ermənistan-Azərbaycan arasındakı müharibə vəziyyətinin də sona çatması, möhkəm bir sülhün qərarlaşması istiqamətində mühim rol oynayacaq. Azərbaycan ictimaiyyətinin rəyi belədir.

-Köçəryan və Paşinyan tərəfdarları arasında dava baş verdi və 8 nəfər yaralandı. Seçki ərəfəsində Ermənistandakı daxili vəziyyəti necə dəyərləndirirsiniz?

-Hazırda Ermənistanda davam edən hərbi-siyasi böhran Ermənistan hakimiyyətində son 30 ildəki siyasi qüvvələrin, hökumətlərin təcavüzkar siyasətinin nəticəsidir.

Faktiki olaraq özlərinin apardığı siyasət, xüsusilə də Azərbaycana qarşı olan təcavüz və ərazi iddiaları onları bu vəziyyətə gətirib çıxarıb. Təbii ki, bunu Ermənistanın daxili məsələsi hesab etsək də, şübhəsiz ki, hazırda Ermənistanla münasibətlərə təsir edəcəyinə görə Azərbaycan tərəfindən də izlənilir. Hər halda revanşist şüarlarla çıxış edən qüvvələrin, şərti olaraq “müharibə partiyası”nın Ermənistanda hakimiyyətə gəlməsi müəyyən narahatıqlar yarada bilər. Bu baxımdan Azərbaycan Ermənistanda gedən proseslərdə bütün ssenarilərə hazır olmalıdır.

-Zəngəzur dəhlizi ilə bağlı fikriniz maraqlı olardı...

-Bu, üçtərəfli bəyanatdır. Zəngəzur dəhlizində təkcə Azərbaycanın deyil, Rusiya, Türkiyə, hətta Çinin maraqları var. Zəngəzur dəhlizinin Ermənistanda bəzi qüvvələr xaric, Azərbaycanın, elə Ermənistanın özünün daxilində də tərəfdarları var. Hesab edirəm ki, məsələnin pozitiv həlli daha böyük ehtimaldır. Ermənistanda seçki məsələsi başa çatandan sonra yəqin ki, bu məsələyə də aydınlıq gələcək.

-Surət Hüseynov BBC-yə müsahibəsində belə bir açıqlama verib ki, o, Elçibəyi istefaya çağırmayıb, aranı qarışdıranlar Pənah Hüseyn və İsa Qəmbər idi.

-Bunlar çox qeyri-ciddi açıqlamalardır. Çünki Surət Hüseynovun o dövrdəki fəaliyyəti, elə Elçibəy hakimiyyətində təmsil olunan vəzifəli şəxslərin də konkret hərəkətləri yüz minlərlə insanın gözü qarşısında baş verib və mediada da işıqlandırılıb. Surət Hüseynovun bu cür açıqlamaları onun öz günahını ört-basdır etməsi elə onun öz intellektual səviyyəsinə uyğundur. Konkret desək, 5 iyundan başlayaraq zaman-zaman Elçibəyin istefa məsələsini tələb edən bəyanatlar Surət Hüseynovun adından paylanmağa başlamışdı. İsa Qəmbər və Pənah Hüseyn istefa verdikdən sonra isə 16 iyundan başlayaraq Surət Hüseynov qəti şəkildə Elçibəyin istefa məsələsini qoydu. 18 iyunda Gəncədə Surət Hüseynovun Elçibəyə qarşı istefa tələbindən heç bir halda geri çəkilməyəcəyi ilə bağlı açıqlaması oldu. Bunun internetdə videomaterialı var, o dövrün mətbuatında da yazılıb. İndi bu adamın heç bir fakt, dəlil göstərmədən bu cür açıqlamalarla çıxış etməsi, açıq-aydın yüzlərlə faktın əksinə fikir söyləməsi ciddi qarşılana bilməz.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 9362