hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Ərəb dünyası ABŞ-a qarşı birləşir

Ərəb dünyası ABŞ-a qarşı birləşir

ABŞ prezidentinin Colan təpələrini İsrail ərazisi kimi tanımaq qərarı ərəb ölkələrinin etirazı ilə qarşılanıb.

Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbül Qeyt təşkilatın Tunisdə keçirilən 30-cu sammitində Beynəlxalq qətnamələrə uyğun olaraq Colan təpələrinin Suriyanın işğal edilmiş ərazisi olduğunu bəyan edib.

Baş katibin sözlərinə görə, ABŞ-ın qəbul etdiyi qərar bütün beynəlxalq normaları pozur, İsrail tərəfindən həyata keçirilən işğal isə tədricən daha çox ərəb torpaqlarını əhatə edir. O, vurğulayıb ki, Vaşinqton Colan təpələri barədə öz qərarı ilə İsraili bu cür qanunsuz hərəkətlərə sövq edir. Siyasi ekspertlərin fikrincə, Tramp administrasiyasının bu addımı ərəb ölkələrinin son illər İrana münasibətdə İsraillə yaxınlaşmaqda olan münasibətlərinə zərbə vura bilər. Eyni zamanda, Ağ Evin qərarı ABŞ-ın ərəb ölkələri ilə münasibətlərinə də təsirsiz ötüşməyəcək. Bu isə ABŞ-ın Yaxın Şərqlə bağlı planlarını poza bilər. Doğrudur, Trampın qərarına etiraz olaraq, bölgədə İsrailə qarşı hücumlar baş verməyib. Amma Tehran rejimi istənilən halda Trampın fərmanından öz maraqları üçün istifadə etməyə çalışaraq Yaxın Şərqin ərəb-şiə əhalisini öz tərəfinə çəkməyə çalışacaq. Nəticədə, İranın Yaxın Şərqdəki “şiə hilalı”nın yenidən güclənməsi Tehran rejimini öz sərhədləri daxilinə çəkilməyə vadar etmək istəyən ABŞ-a mane olacaq. Vaşinqton bu strateji planı həyata keçirmək üçün ərəb ölkələrinin hərbi alyansını yaratmağı düşünür. Ancaq Trampın Colan yüksəklikləri ilə bağlı qərarından sonra “Ərəb NATO”su adlandırılan bu qurumun reallaşması şübhə doğurur.

Fransanın “Le Monde” qəzeti də yazır ki, Vaşinqtonun Colan təpələrini İsrailin suveren ərazisi olaraq tanımaq qərarı ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini pis vəziyyətdə qoyur.

Lakin qəzetdəki məqalədən aydın olur ki, Colan təpələri ərəb dünyası üçün nə qədər həssas məsələ olsa da, prezident Tramp İranla düşmənçiliyin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün daha önəmli olduğunu düşünərək belə bir addım atıb.

“Səudiyyəyönlü düşərgənin ehtiyatlı davranışı qəzetlərin ilk səhifələrində Colan təpələri məsələsini işıqlandırmaq üçün Ər-Riyadın martın 27-dək gözləməsində özünü göstərib. Bu, həmçinin onun İran problemi ilə əlaqədar qütbləşməyə məruz qalması ilə izah edilib. Yaxın Şərqdə fars ekspansionizminin qarşısını almaq Səudiyyə Ərəbistanı və BƏƏ üçün birinci dərəcəli tapşırıqdır. Bu məsələ onlar üçün ərəb-İsrail münaqişəsindan daha vacibdir. Bu zəruri ehtiyac həmin ölkələrlə Tehrana düşmən mövqe sərgiləyən Avropa dövlətlərini hiss edilmədən yaxınlaşdırır”, - “Le Figaro” qeyd edir.

Həmçinin, qeyd edilir ki, Tramp administrasiyası da onların İran əleyhinə mövqeyini dəstəkləyir: “Ona görə Ər-Riyad və Əbu-Dabi ABŞ-ı ən azından açıq-aşkar şəkildə tənqid edə bilmir”.
“Lakin bu ölkələrdə, eləcə də bütün ərəb-müsəlman dünyasında İsrailə münasibət əsasən düşmən münasibət olaraq qalır. Ötən il ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb. Onda olduğu kimi amerikayönlü ərəb ölkələri yenə də çətin vəziyyətə düşüb. Ən pisi də odur ki, Amerikanın Colan təpələri ilə bağlı qərarı İranın istifadə etdiyi “müqavimət oxu” haqqında diskursu təsdiqləyir. Belə ki, bu diskurs prezident Həsən Ruhaninin dili ilə Trampın “müstəmləkəçiliyini” sevincək bir şəkildə ifşa edir”.

Beynəlxalq Böhran Qrupunun başçısı Robert Malli bu yaxınlarda “twit”ində məsələyə aydınlq gətirərək qeyd edib ki, kuluarlarda Səudiyyə liderləri “Bəşər Əsəd, “Hizbullah” və İrana hədiyyədən” bəhs ediblər. “Şübhəsiz, bu cür paradoks Ağ Ev sahibini narahat etmir. Onun kürəkəni Cerard Kuşner Fələstin probleminin həll planı üzərində işləməyə davam edir. Əldə olunan məlumata əsasən, Kuşner də Yaxın Şərqdə sülh parametrlərinə eyni laqeydliklə qeyd olunub. Plan artıq bir neçə aydır işlənib hazırlanır. Aprelin 9-u İsraildə keçiriləcək seçkilərdən sonra planın ictimailəşdiriləcəyi gözlənilir. O zaman Vaşinqtonun ərəb tərəfdaşları daha da pis vəziyyətə düşəcək”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5818