hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Erməni diversiyasının arxasındakı məqsəd – “Yeni təmas xətti yaratmaq istəyirlər” – Tofiq Zülfüqarov

Erməni diversiyasının arxasındakı məqsəd – “Yeni təmas xətti yaratmaq istəyirlər” – Tofiq Zülfüqarov

44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi, Ermənistan təslimçi sülhə imza atmağa məcbur oldu.

Amma 10 noyabr bəyanatından sonra ermən silahlıları artıq bir neçə dəfə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə diversiya hücumları həyata keçirib. Azərbaycan təhlükəsizlik gücləri tərəfindən ermənilərin diversiya hücumlarının qarşısı alınsa da, bu, Ermənistan tərəfindən 10 noyabr razılaşmasının pozulmasıdır.

Bəs ermənilərin diversiya hücumları nə məqsəd daşıyır? Ermənilər məskunlaşmaya mane olmaq istəyir, yoxsa “müharibə bitmədi” mesajını verir?

Mövzu barədə Cebhe.info-ya danışan Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, bu məsələ liderlərin görüşündə müzakirə olunmalıdır:

“Hesab edirəm ki, bu gün baş tutacaq Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin görüşündə də bu məsələ müzakirə olunmalıdır. Çünki əslində məntiqə uyğun olaraq sülhməramlılardan və müşahidəçilərdən başqa heç bir silahlı insan olmamalıdır. Ona görə də bu mövzu öz həllini tapmalıdır. Bu istiqamətdə artıq hansısa işlər gedir. Məsələn, bəzi videolara baxanda görürük ki, orada hərəkət edən maşınlar yoxlanılır, silah-sursat axtarırlar. Təbii ki, Rusiya və Türkiyə Müşahidəçi Missiyası öz işinə başlayandan sonra bu məsələ öz həllini qısa müddətdə tapacaq”.

Tofiq Zülfüqarov qeyd edib ki, Ermənistanın diversiya hücumlarında isə məqsəd bəllidir:

“Onlar yeni təmas xətti yaratmaq istəyir. Çünki yeni təmas xətti istər-istəməz bu və ya digər variantda onlara xüsusi bir şərait yaratmış olacaq. Təbii ki, Azərbaycan buna getməməlidir. Ona görə də hesab edirəm ki, ikinci addım olaraq orada müştərək patrul xidmətindən istifadə olunmalıdır. Təklifim ondan ibarətdir ki, digər konfiliktlərdə olduğu kimi, üçtərəfli patrul xidməti yaradılsın. Yəni Rusiya sülhməramlısı, Azərbaycan polisi və ya hərbi polis və kommersiya məqsədi ilə təhlükəsizlik şirkəti olmalıdır. Amma bu şirkət Azərbaycan büdcəsindən maliyyələşdirilməlidir və ora ermənilər cəlb olunmalıdır. Yəni ermənilər bu patrulun daxilində xidmət aparsın.

Amma dövlət qurumu kimi, kommersiya şirkəti şəklində olmalıdır və onlara maaşı Azərbaycan ödəsin. Yəni o ermənilər Azərbaycan dövlətinə işləsinlər. Belə bir format hesab edirəm ki, təmas xəttinin yaradılmasının qarşısını alacaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 7767

Bizim Telegram səhifəmizi izləyin