hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Erməni separatçıları “seçkiyə” necə hazırlaşır? - ŞƏRH

Erməni separatçıları “seçkiyə” necə hazırlaşır? - ŞƏRH

İşğal altındakı Dağlıq Qarabağda maraqlı yerdəyişmələr olub. Erməni separatçılarının lideri Bako Saakyan iyunun 11-də “Dağlıq Qarabağın Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyanı və “fövqəladə hallar naziri” Levon Mnatsakanyanı vəzifələrindən azad edib. Bako Saakyan başqa qərarıyla Levon Mnatsakanyanı “daxili işlər naziri” təyin edib. Bako Saakyanın “mətbuat katibi” David Babayan “prezidentin” qərarını sadəcə kadr yerdəyişmələri kimi izah edərək belə deyib: “Kadr dəyişikliklərinin siyasi səbəbi yoxdur”.

Cebhe.info xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, kadr dəyişikliklərinin səbəb var.

O bildirib ki, V.Balasanyan 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək “prezident seçkisinə” hazırlaşır:

“Ona görə də B.Saakyan tərəfdarına “prezident” seçkisinə rahat hazırlaşmaq imkanı yaradıb. Ancaq B.Saakyan son kadr yerdəyişməsiylə Ermənistanın Baş naziri Nikol Paşinyanın ona qarşı artan təzyiqini yumşaltmağı da planlaşdırıb. Çünki Paşinyan ən çox V.Balasanyanın açıqlamalarından narazı idi. Paşinyanın son açıqlamasını xatırlayaq: “Dağlıq Qarabağı idarə edənlərlə görüşəndə mənə etiraz etmirlər, fikirlərimlə razılaşırlar, elə ki, İrəvana qayıdıram, əleyhimə təbliğat aparmağa başlayırlar, statuslar yazırlar”. Paşinyan məhz V.Balasanyanı nəzərdə tutur. Çünki separatçılardan Paşinyan əleyhinə ən çox V.Balasanyan danışır və Ermənistanın baş nazirinin əleyhinə statuslar yazır. Ona görə də Paşinyan B.Saakyana təzyiq edirdi ki, V.Balasanyanı ağıla gətirsin. Saakyan da Balasanyanı “təhlükəsizlik şurasının katibi” vəzifəsindən uzaqlaşdırmaqla həm Paşinyanın təzyiqlərindən yaxa qurtardı, həm də Balasanyana imkan yaratdı ki, “seçkiyə” hazırlaşsın”.

Ekspertin qənaətincə, V.Balasanyan eks-prezident Robert Köçəryanın adamıdır, ona qulluq edir:

“Ona görə də Paşinyan Balasanyanın Dağlıq Qarabağdakı vəzifəsindən uzaqlaşdırılmasına nail olsa da, əslində bu rahatlığın ömrü uzun çəkməyəcək. Çünki böyük ehtimalla 2020-ci ildə Dağlıq Qarabağ separatçılarının başında yenə Köçəryanın adamı oturacaq, bu ya Balasanyan, ya da bir başqası olacaq.

B.Saakyanın “mətbuat katibi” D.Babayan “fövqəladə hallar naziri” L.Mnatsakanyanın vəzifəsindən uzaqlaşdırılmasını qəribə şəkildə izah edib: “Dağlıq Qarabağda seçki ərəfəsində vəziyyət gərginləşə bilər, ona görə də L.Mnatsakanyanın timsalında polisin güclənməsinə ehtiyac var”. Bu cümlədən çıxan nəticə budur ki, separatçıların təmsilçiləri seçki günü Dağlıq Qarabağı daxildən qarışdırmaq istəyənlərin olduğuna işarə vururlar. Azərbaycanın Dağlıq Qarabağı daxildən qarışdırmaq imkanı yoxdur, bunu edə biləcək qüvvə Ermənistandadır.

L.Mnatsakanyanın da V.Balasanyan kimi Paşinyandan və onun partiyasından xoşu gəlmir. L.Mnatsakanyan 2018-ci ilin dekabrınadək Dağlıq Qarabağda “müdafiə naziri” idi. O, Paşinyanın lideri olduğu “Mənim addımım” blokunun deputatı Sasun Mikaelyanın “Ermənistanda inqilab Qarabağ müharibəsindən daha vacib idi” sözlərinə sərt şəkildə etiraz etmişdi. Bu etiraz Paşinyanın ciddi narazılığına səbəb olmuş və o yenə B.Saakyana barmaq silkələyərək “tərəfdarlarının danışıqlarına fikir ver” xəbərdarlığını göndərmişdi. B.Saakyan o zaman L.Mnatsakanyanın vəzifəsini dəyişsə də, indi Paşinyanın acığına onu daha böyük “vəzifəyə” gətirdi”.

E.Şahinoğlu onu da qeyd edib ki, B.Saakyanın vəzifəsindən azad etdikləri içərisində “müşaviri” Artur Aqabekyan da var:

“O da V.Balasanyan kimi gələn ilki “prezident seçkisinə” hazırlaşır. Ancaq A.Aqabekyan özü “seçkiyə” qatılmayacaq, keçmiş “dövlət naziri” Arayir Arutunyanı dəstəkləyəcək. Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayan da “seçkiyə” hazırlaşır. Ancaq Babayan son 10 ildə Dağlıq Qarabağ bölgəsində yaşamayıb. “Dağlıq Qarabağ Konstitusiyasına” görə isə “seçkiyə” qatılan namizəd son 10 ildə bölgədə yaşamalıdır. Ona görə də S.Babayan ilkin mərhələdə separatçıların “Konstitusiyasından” həmin bəndin dəyişdirilməsinə çalışmalıdır”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2014