hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ermənilər birgəyaşayışa hazırdır? - “Onlar uzun müddət Şuşada yaşaya bilməz" – MÜSAHİBƏ

Ermənilər birgəyaşayışa hazırdır? - “Onlar uzun müddət Şuşada yaşaya bilməz" – MÜSAHİBƏ

Məlum olduğu kimi, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Dağlıq Qarabağda sentyabrın 27-də başlamış döyüşlərin dayandırılması ilə bağlı razılaşma əldə edilib.

Razılaşmaya əsasən, bölgəyə Rusiyanın sülhməramlıları gəlib. Əsas müzakirə olunan məsələlərdən biri də razılaşmada nəzərdə tutulan birgəyaşayışdır. Qeyd edək ki, razılaşmaya görə, ermənilər Azərbaycan torpağında yenə də azərbaycanlılarla birgə yaşaya biləcəklər.

Azərbaycan dünyada tolerantlıq nümunəsi sayılır və ölkəmizdə bir çox millətlər bərabərhüquqlu vətəndaş kimi sakit, sərbəst yaşayırlar. Amma ermənilərlə birgəyaşayışla bağlı müəyyəm çətinliklərin olacağı məlumdur. Biz haqlı olaraq dinc əhalini dəfələrlə hədəfə alan, hər fürsətdə torpaq iddialarını ortaya qoyan ermənilərə etibar etmirik. Amma bütün bunlara rəğmən, nə qədər çətin olsa da, biz birgəyaşayışa hazırıq.

Bəs ermənilər necə? Hər zaman xəyanət yolunu tutan ermənilər bütün bu proseslərdən nəticə çıxaracaqlarmı? Prosesin gedişatı perspektivdə nə vəd edir?

Bu və digər məsələlərlə bağlı Cebhe.info-nun suallarını politoloq Qabil Hüseynli cavablandırıb.

-Qabil bəy, razılaşmaya görə, Qarabağda azərbaycanlılarla ermənilər birgə yaşayacaq. Necə düşünürsünüz, ermənilər buna hazırdırmı?

-Biz humanist və tolerant xalqıq. Ölkəmiz multikultural bir model qurub və bu, dünyaya örnək sayılır. Bu mənada Şuşada baş tutmasa da, Xankəndində və bəzi ərazilərdə ermənilərin yaşamasına Azərbaycan xalqı dözə bilər və bu, həm də reallıqdır. Ermənilər bizimlə birgə yaşamağa heç zaman meyil göstərməyiblər. “Onlar müsəlman, biz isə xristianıq”, “Bizim ulduzumuz barışmaz” və s. fikirlər səsləndirirlər. Amma bölgədə Azərbaycan qanunlarına tabe olan, hər hansı bir siyasi ambisiya ilə çıxış etməyən, digər Azərbaycan vətəndaşları kimi başını aşağı salıb yaşayan insanlarla birgə yaşaya bilərik. Bunun üçün müəyyən vaxt da tələb olunacaq. Yəni ermənilərin indiyə qədər törətdikləri Xocalı, Qaradağlı soyqırımı, I Qarabağ savaşında 30 mindən çox insanın qətlə yetirilməsi və dirər bu kimi hadisələrin yaratdığı acı təəssürat yavaş-yavaş yaddaşlardan silinsə və bu xəstəhal millətin nümayəndələri də tolerantlıq nümunələri göstərməyə alışsa, birgəyaşayış qaydalarına riayət etsə, alına bilər. Yox, əgər yenidən millətçilik, xəstə ambisiyalar işə düşəcəksə, meydanı qızışdırmaq üçün Zori Balayan kimilərin ötürməsi ilə beyinlər dumanlanacaqsa, o zaman birgəyaşayış alınmayacaq.

-Ümumiyyətlə, birgəyaşayış prosesi necə aparılacaq?

-Azərbaycan və ermənilərin dərhal bir yerdə yaşaması nəzərdə tutulmur, tutulmamalıdır. Bunun üçün uzun müddət keçməlidir. Məsələn, Şuşada ermənilər azərbaycanlılarla uzun müddət birgə yaşaya bilməyəcək. Ermənilər Azərbaycanda yaşamağın sınağından keçməlidir. Amma indi Xankəndində və başqa yerlərdə son 200 ildən bəri ermənilər yaşamağa başlayıb və bundan sonra da yaşamağı davam etdirməyə çalışacaqlar. Sülhməramlıların dəstəyi və onların çağırışı ilə yenidən onları Dağlıq Qarabağa yığmaq mümkün olacaq. Biz isə bu reallığı qəbul etmək məcburiyyətindəyik.

-Ermənilər budəfə müharibədən və təslimçilik sənədinə imza atmalarından nəticə çıxaracaqlar?

-Hazırda mənim beynimdə obrazını yaşatdığım erməni toplumu çox qəddar, şizofrenik təbiətli, heç kimlə yola getməyə çalışmayan, buna can atmayan və özü haqqında nağıllar, dastanlar uydurmağa meyilli olan xalqdır. Gələcəkdə bu xalq “əhliləşəcəkmi”, özünü islah edəcəkmi, digər xalqlar kimi çoxmillətli ailədə yaşamağa öyrəşəcəkmi, bu haqda hazırda söz deməyə çətinlik çəkirəm. Çünki indidən prezidentlərindən tutmuş baş nazirlərinə qədər hamısı danışanda özlərində bir dənə nöqsan tapmırlar. Hətta Xocalı soyqırımını, I Qarabağ savaşında 30 min azərbaycanlının həlak olmasını, torpaqların işğalını elə asanlıqla söyləyir, bunu elə qanunauyğunluğa salmağa çalışırlar ki, adamın ayağının altından yer qaçır. Bu millət ümumiyyətlə, bəzi güclər tərəfindən çox ərköyünləşdirilib, həm də bir toplum kimi bir çox sindromları özündə yaşadır. Ermənilər hər şeyin ilk müəllifi olma sindromu yaşayırlar. Amma bu dünyadakı tarixinə, bugünkü əməllərində baxanda, onlara qiymət verəndə, onlara qarşı ən ağır ifadələri işlətməkdən çəkinmirsən. Ancaq onlar özləri haqqında lətifələr, müxtəlif böyüklük nağılları uydurmaqda mahirdirlər. Ona görə də onların bu xəstəlikdən xilas olması çox çətin prosesdir. Azərbaycanlılarla ermənilər arasında normal münasibətlərin formalaşması hələ xeyli vaxt aparacaq.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 15082

Bizim Telegram səhifəmizi izləyin