hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Ermənilərə sığınmış separatçılar: Talış xalqı onlara nifrət edir

Ermənilərə sığınmış separatçılar: Talış xalqı onlara nifrət edir

Bu günlərdə Ermənistanın paytaxtı İrəvan şəhərində Azərbaycana xəyanət etmiş bir qrup separatçının təşəbbüsü ilə “Talışşünaslıq konfransı” keçirilib. 

Bu barədə özünün internet televiziyasında separatçı Zabil Məhərrəmov məlumat verib. Qonağı ,“talış diaspor liderlərindən biri” kimi təqdim etdiyi İsmayıl Şabanovla mövzu ətrafında danışan Zabil yenə Azərbaycana qarşı hədyanlar səsləndirib.

Xatırladaq ki, özünü "Talışıstan TV" telekanalının xəbərlər xidmətinin rəhbəri" kimi təqdim edən Azərbaycan vətəndaşı Zabil Məhərrəmov bir vaxtlar Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıb. İndisə o, İrəvanda fəaliyyət göstərir. Ermənilərin yaratdıqları "Talışıstan TV" və "Talışıstan Radiosu"nda "xəbərlər xidmətinin rəhbəri" kimi çalışır, özü kimi 7 nəfərə başçılıq edir. Əslən Masallı rayonunun Mahmudabad kəndindən olan Z.Məhərrəmov həm də şair olduğunu vurğulayır və sosial şəbəkələrdə şeirlərini "Zabil Mədoj" təxəllüsü ilə paylaşır.

Zabil Məhərrəmov doğulduğu, çörəyi ilə, suyu ilə böyüdüyü Azərbaycana qarşı düşmənçiliyi özünə peşə seçmiş adamlardandır. Talış xalqının adından danışan, “talışların hüquqlarını müdafiə etdiyini” deyən bu adam talış oğullarının da şəhid olduğu aprel savaşı zaman erməni televiziyalarına çıxır, Azərbaycan dövlətinə, ordusuna  qarşı təhqirlər yağdırırdı.

Zabil və onun kimilərinin Azərbaycana qarşı nədən nifrət püskürdüyü aydındır.

Aydın olmayan bu dayaz insanların, bölücü əlikramçıların Azərbaycan xalqının bir parçası olan talışlara təsir edəcəklərinə inanmalarıdır.

Zabilin və İsmayıl Şabanovun dediyinə görə, İrəvan Dövlət Universitetinin “Talışşünaslıq fakültəsi”ndə keçirilən konfransda müxtəlif ölkələrdən, hətta İrandan 15 alim iştirak edib. Məqsəd talışların tarixini, dilini, ədəbiyyatını və mövcud vəziyyətini araşdırmaq olub. Məlumdur ki, İrəvanda keçirilən bu “konfrans” sağlam düşüncəli azərbaycanlılar tərəfindən tənqid olunub. İ.Şabanov bundan narahatdır. Buna baxmayaraq özünü o yerə qoymur, Zabilin efirində deyir: “Tənqidlər bizi narahat etmir. Biz heç kimə hesabat vermirik”. Əslində, bu xəstə təfəkkürlü cılız separatçılardan hesabat istəyən də yoxdur. Sadəcə, bu rəzil və utanc gətirən işi qınayanlar var. Zabil-İsmayıl cütlüyü hər zaman Azərbaycan dövlətinə bağlı olmuş talış xalqına xəyanət edərək Ermənistanda konfrans keçirmələrinə həya etmədən bəraət verməyə də çalışırlar: “Azərbaycan bizə konfrans keçirməyə icazə versin, Bakıda keçirək”. Siz Azərbaycana xəyanət edib torpaqlarımızı işğal edən, insanlarımızı köçkünə çevirən, türk, talış, ləzgi demədən gənc əsgərlərimizin qanını tökən ermənilərə sığınmısınız. Talışlar Azərbaycan xalqının tərkib hissəsidir, Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşlarıdır. Ölkəmizin talış vətəndaşları digər azərbaycanlılar kimi dövlət idarəçiliyində, parlamentdə, məhkəmə hakimiyyətində, icra strukturlarında bərabər şəkildə təmsil olunurlar. Ölkəmizdə bütün xalqlar azaddır, öz dillərində sərbəst danışa, təhsil ala bilərlər. Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarında talışların yaşadığı bölgənin tarixi, dili və ədəbiyyatı öyrənilir, araşdırılır, tədris edilir. Talış xalqına qarşı heç bir diskriminasiya tarixin heç bir dövründə  olmayıb. Ötən əsrdə Azərbaycanda baş vermiş bütün ictimai-siyasi proseslərdə talışlar yaxından iştirak edib. Talışlar türklərlə bərabər Azərbaycan Xalq Cümhuriyyətini qurub, birgə idarə ediblər. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində başlanmış Milli Azadlıq Hərəkatından talış xalqının görkəmli nümayəndələri ön sırada olublar. Bakıda baş vermiş 20 yanvar hadisələri zamanı rus imperiya qoşunlarının qətl etdiyi vətəndaşlar arasında talışlar da vardı. Azərbaycanın müstəqillik qazanmasında, milli ordu quruculuğunda, ərazi bütövlüyü uğrunda mübarizədə talışlar hər zaman türklərlə çiyin-çiyinə mübarizə aparıblar. Bu gün ölkənin müxtəlif bölgələrində salınmış Şəhidlər xiyabanlarında yüzlərlə talış əsgərin, zabitin məzarı var. Talış xalqı heç zaman özünü Azərbaycandan kənarda görməyib. Bunu 1993-cü ilin avqust hadisələri də göstərdi. Talış xalqı bir çağırışla ayağa qalxdı və separatçı Əlikram Hümmətovun qondarma TMR hoqqası iflasa uğradı.

Erməni kəşfiyyatının danışdırdığı Zabil Məhərrəmovun hər zaman təkrarladığı bir söz var. O deyir: "Azərbaycan talışları, ləzgiləri, bütün milli azlıqları istismar edir. Mən bütün talışlara müraciət edərək deyirəm: bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır".

Zabilin verilişində İsmayıl Şabanov da eyni fikri təkrarlayır. Şabanov iddia edir ki, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırım zamanı talışlara toxunulmayıb. “Ermənilər o zaman talışları öldürməyib. Ermənilərin Lənkəranda nə işi vardı?”. Şabanov iddia edir ki, həmin hadisələr zamanı bölgədə qırğını ingilislər və Osmanlılar törədib. Bu, olduqca saxta və gülünc iddiadır. Görünür, Zabil və İsmayıl artıq sarsaqlama mərhələsinə daxil olublar. Ortada tarixi faktlar, arxiv materialları var. Azərbaycanın görkəmli alimləri Fəzail İbrahimli, Anar İsgəndərov (yeri gəlmişkən, Anar müəllim lənkəranlıdır-müəll.), Solmaz Rüstəmova - Tohidinin əsərlərində, elmi məqalələrində bu fikir təkzib olunur. Tarixçi alimlərimizin yazdığına görə, Bakı quberniyasına ələ keçirməyə çalışan erməni-daşnaklar Abşeronda, Şirvanda, Qubada, Qarabağda, Naxçıvanda, Lənkəranda dinc müsəlman əhalisinə qarşı qırğınlar törədiblər.  
Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, profesor Solmaz Rüstəmova-Tohidi mövzu ilə bağlı elmi məqaləsində yazır: 

“1918-ci il qırğınları yalnız Bakı quberniyasının qəzaları ilə məhdudlaşmayaraq Gəncə şəhərinin ətraf kəndlərini, Lənkəran, Zəngəzur qəzalarını, həmçinin Qarabağın azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini əhatə etmişdi. Azərbaycanlıların bir xalq olaraq varlığı ciddi təhlükə altında idi. Bakıda hakimiyyəti ələ keçirmiş Şaumyan hökuməti Azərbaycan milli qüvvələrinin mərkəzi olan Gəncəni ələ keçirməyə və bununla da “Azərbaycan” məsələsini birdəfəlik həll etməyə can atırdı. Belə ağır bir şəraitdə Azərbaycan milli-siyasi qüvvələri tərəfindən 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və Azərbaycan xalqının öz milli hüquqları və müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxması ölkədə siyasi vəziyyəti kökündən dəyişdi. Türkiyənin hərbi yardımı ilə 1918-ci ilin iyulundan başlayaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və nəhayət sentyabrın 15-də respublika paytaxtının – Bakı şəhərinin bolşevik-daşnak-rus hakimiyyətindən azad edilməsi ilə Azərbaycan xalqının və dövlətçiliyinin tarixində yeni bir dövr başladı”.

Göründüyü kimi, Zabil Məhərrəmov və İsmayıl Şabanovun elmi əsası olmayan, qeybət xarakterli iddiaları ciddi elmi faktlarla təkzib olunur. Ermənilər ötən əsrin əvvəllərində, 80-90-cı illərində, bu günün özündə Azərbaycana düşmənlik edib, türk, talış demədən bütün Qafqaz müsəlmanlarına qarşı soyqrımı həyata keçiriblər. Qafqaz müsəlmanlarını, hətta Güneydə yaşayan soydaşlarımızı erməni-rus qırğınlarından Osmanlı türkləri xilas edib. Bu güc cılız etnik hirs-hikkələrinə yenik düşmüş Zabil-İsmayıl cütlüyü və digər əlikramçılar heç olmasa vicdan hissini unutmasınlar. Öz aralarında tarixi təhrif edə, Azərbaycan və Osmanlı türklərini düşmən, erməniləri “qardaşçıxara” bilərlər. Amma əmin olsunlar ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda övladlarını şəhid vermiş qəhrəman və ləyaqətli talış xalqı onları bağışlamayacaq. Tarixə qəhrəman kimi, “millət atası” kimi düşməyə ümid edən əlikramçılar, erməni kəşfiyyatının casusları, sizlərin yeri tarixin “zibil yeşiyi” olacaq.

Aydın
Cebhe.info


Oxunma sayı: 3873