hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Ermənilərin Ağ Evdən gözləntiləri boşa çıxacaq?

Ermənilərin Ağ Evdən gözləntiləri boşa çıxacaq?

Amerikanın yeni Prezidenti seçilmiş Cozef Baydenin 20 yanvarda Ağ Evdə rəsmi fəaliyyətə başlayacağı bildirilir.

Baydenin öz komandasına Barak Obama dövrünün siyasi fiqurlarını cəlb edəcəyi də gözlənilir. Belə ki, artıq Baydenin komandasının bəzi üzvlərinin adları da açıqlanıb.

Belə ki, Co Bayden vəzifəsinin icrasına başladıqdan sonra Xəzinə naziri təyin ediləcəyi gözlənilən Cenet Yellenin xüsusi köməkçisinin türk əsilli Didəm Nişançı olacağı bildirilib. Sözügedən vəzifə təklifinin Nişançıya təqdim edildiyi və onun bunu qəbul etdiyi bildirilir.

Didəm Nişançı keçmiş prezident Barak Obamanın dövründə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasında xüsusi köməkçi vəzifəsində çalışıb və 2018-ci ildə “Blumberq”ə keçməmişdən əvvəl “Promontory Financial Group”da çalışıb.

Maraqlıdır, Baydenin komandasında daha kimlər yer alacaq? Yeni komandada ermənipərəst qüvvələr yer alacaqmı? Baydenin qondarma erməni soyqrımına münasibəti necə olacaq?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət”ə açıqlamasında deyib ki, Bayden prezidentliyi dönəmində seçəcəyi kadrların milliyətinə deyil, peşəkarlığına üstünlük verəcək:

“Bayden çalışır ki, ətrafına tanıdığı insanları toplasın. Tramp öz ətrafına qohumlarını yığırdı. Trampın kürəkəni bir istiqamətə nəzarət edirdi, qızı başqa bir yüksək vəzifəyə təyin olunmuşdu. Bayden də yəqin ki, tanıdığı və etibar etdiyi şəxsləri vəzifəyə gətirəcək. Tanıdığı adamlar isə vitse-prezident dönəmində rəsmi vəzifədə olan şəxslərdir ki, Bayden onların bir çoxuna etibar edir. Ona görə də Barak Obamanın komandasında olan şəxsləri öz komandasına cəlb edir. Amma inanmıram ki, komanda toplayarkən ermənilərə yaxın olan şəxsləri ermənipərəst mövqeyinə görə vəzifəyə təyin etsin. Çünki Bayden artıq konqresmen deyil. Konqresmen olanda o erməni lobbisi ilə sıx əlaqə yaradırdı. Amma indiki halda istəyir ki, Ağ Evə ciddi struktur qura və oraya kadrların toplanmasını təşkil edə. Bunun üçün də ona peşəkar, işini düzgün görən adamlar lazımdır. Didəm Nişançı da Xəzinə nazirinin müavini vəzifəsinə türk olduğu üçün təyin olunmur. Görünür ki, işində peşəkardır. Ona görə də həmin vəzifəyə uyğun görülüb. Amma bu peşəkarların içində Türkiyə ilə əlaqələrə üstünlük verən də, ermənipərəstlər də ola bilər. Əsas odur ki, işinin peşəkarı olsun. Çünki Amerika daxildə və xaricdə çox ciddi çağırışlarla üz-üzədir. Ona görə düşünürəm ki, konqresmen olduğu dövrdən fərqli olaraq Bayden prezidentliyi dönəmində dövlət maraqlarından çıxış edəcək”.

Politoloq hesab edir ki, Bayden də Obama kimi qondarma erməni soyqrımı məsələsini qəbul etməyəcək:

“Bu məsələ ABŞ-da hakimiyyətə gələn bütün prezidentlər üçün önəmli məsələ olub. Lakin heç zaman qəbul edilməyib. Barak Obama da hakimiyyətə gələndə demişdi ki, “erməni soyqrımı”nı qəbul edəcək. Lakin təkcə erməni dilində “faciə” sözünü işlətdi. Tramp dönəmində də bu məsələ arxa planda qaldı. İndi Baydenin Türkiyəyə qarşı münasibəti fərqli olsa da o, ermənilərə görə Türkiyə ilə bütün körpüləri yandırmaz. Bayden özü Prezident Ərdoğan xəstə olarkən onu yatağında ziyarət edən adam olub. Yəni Bayden özü də Türkiyə və Azərbaycanla əməkdaşlığı arxa plana alaraq ermənilərin istəyini yerinə yetirməyəcək”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1992

Bizim Telegram səhifəmizi izləyin