hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0547
  • NEFT - 63.84
  • clouds-weather

Ermənilərin əsir adı altında gizlətdiyi terrorçular: "Azərbaycanda elə bu statusla da cəza alacaqlar" -DEPUTAT

Ermənilərin əsir adı altında gizlətdiyi terrorçular: "Azərbaycanda elə bu statusla da cəza alacaqlar" -DEPUTAT

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Ermənistan nümayəndə heyəti Azərbaycandakı hərbi əsirlərin qaytarılması ilə bağlı yenidən məsələ qaldırıb.

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyasının üzvü Ruben Rubinyan bildirib ki, əsirlərin dəyişdirilməsi problem olaraq qalır. Rubinyanın sözlərinə görə, döyüşlərin dayandırılmasına dair bəyanatda əsirlərin “hamını hamıya” prinsipi əsasında dəyişdirilməsi nəzərdə tutulur. Lakin Azərbaycan tərəfi hələ də bu prosesi yekunlaşdırmaqdan imtina edir.

Qeyd edək ki, AŞ PA Ermənistan nümayəndə heyətinin irəli sürdüyü təklifi yanvarın 25-də rədd edib və gündəliyə salmayıb. Erməni deputatlar “erməni hərbi əsirlərin ölkəyə qaytarılmasının təxirə salınması" mövzusunun AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılmasını istəyiblər. Lakin bu məsələnin sessiyanın gündəliyinə salınması məqsəduyğun hesab edilməyib. Onlar bunu "Avropa İnsan Hüquqları Standartlarının pozulması faktı" kimi qələmə veriblər. Ancaq AŞPA müzakirə təklifini qəbul etməyib.

Əslində, Azərbaycan tərəfi bütün hərbi əsirləri Ermənistana qaytarıb. Hazırda Ermənistan tərəfi Azərbaycanda terrorçuluq fəaliyyətinə görə həbs edilmiş erməni məhbusların qaytarılmasına nail olmağa çalışır. Lakin həmin şəxslər müharibə bitdikdən sonra Hadrut, Xocavənd rayonları və digər ərazilərdə Azərbaycan hərbçilərinin mövqelərinə pusqu quraraq hücum etmiş terrorçulardır. Ona görə də Azərbaycan tərəfi həmin silahlı dəstə üzvlərinin qanunvericiliyə uyğun qaydada cəzalandırılacağını bildirib.

Millət vəkili Elşad Mirbəşiroğlu Cebhe.info-ya açıqlamasında erməni deputatların iddiasının əsassız olduğunu, cinayətkarların əsir adı altında təhvil verilməyəcəyini deyib: “Ermənilərin bu cəhdlərinin heç bir perspektivi yoxdur. Çünki Ermənistanın Baş nazirinin imzası olan 9 noyabr 2020-ci il tarixli bəyanat var. Həmin sənəddə aydın şəkildə qeyd edilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılır və buna paralel olaraq, Rusiya sülhməramlıları bölgəyə yerləşdirlir. Bu birgə bəyanatdan sonra ermənilərin silahlı təxribatçı qruplaşmaları əsir kimi təqdim oluna bilməz. Azərbaycan Prezidenti İlham Əliev də bildirdi ki, noyabr ayının 26-da, yəni birgə bəyanatın imzalanmasından 17 gün sonra silahlı terrorçular təxribat törətmək məqsədilə Ermənistan ərazisindən Azərbaycana daxil olublar. Bu baxımdan hesab edirəm ki, Ermənistan deputatlarının 62 nəfər terrorçunu hərbi əsir kimi təqdim etmək cəhdləri bəribaşdan fiaskoya uğrayıb. Yəni bu iddianın hüquqi əsası yoxdur. Onlar terrorçudur, cinayətkardır və bu statusla da cəzalandırılacaqlar”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1838