hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Ermənistan cinahı dəyişir? - İrəvan ABŞ-a üz tutur

Ermənistan cinahı dəyişir? - İrəvan ABŞ-a üz tutur

Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-la hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Kanzas Milli Qvardiyasının komandanı Li Tafarellinin verdiyi məlumata görə, Ermənistan hərbçilərindən ABŞ-da NATO standartlarına uyğun şəkildə sülhməramlılar hazırlanır. Bundan başqa, Kanzas ştatında Ermənistan əsgərlərinin döyüş qabiliyyətinin artırılması ilə də məşğul olunur.

Lakin müdafiə naziri David Tonoyanın Vaşinqtona səfəri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun 2018-ci ilin oktyabr ayında Ermənistanda səsləndirdiyi bəyanatı yenidən gündəmə gətirib. Xatırladaq ki, Con Bolton Ermənistana Rusiyanın deyil, ABŞ-ın silahlarını almağı təklif etmişdi. Bəs Tonoyanın müdafiə sahəsində müzakirələr aparması Rusiyanın silah bazarı olan Ermənistanın ABŞ-a üz tutması anlamına gəlirmiə

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanla ABŞ arasında hərbi əməkdaşlıq indiki şəraitdə real görünmür: “Bu, Ermənistan müdafiə nazirinin ABŞ-a xüsusi səfəri deyil. ABŞ-da sülhməramlı qüvvələrlə bağlı xüsusi bir tədbir keçirilir. Həmin toplantıda yalnız Ermənistan deyil, bir çox ölkələrin müdafiə nazirləri iştirak edir. Yəni bu, ayrıca bir səfər olsaydı, o zaman Ermənistanın xarici və təhlükəsilik siyasətində yenilikdən danışmaq olardı. Amma xüsusi bir konfrans çərçivəsində “Pentaqon”un rəsmiləri ilə aparılan müzakirələri adi bir görüş kimi də dəyərləndirmək olar. Nikol Paşinyan hakimiyyətə yeni gələndə ABŞ-a meyllilik məsələsi var idi. Amma Paşinyan Qərbdən istədiyi maliyyə dəstəyini ala bilmədi. Ona görə də Paşinyan yenidən Rusiyadan asılılıq siyasətinə qayıtmalı oldu. Bu baxımdan David Tonoyanın səfərinin və apardığı danışıqların Amerika-Ermənistan əməkdaşlığına yeni imkan yaratdığını düşünmürəm”.

Qeyd edək ki, bu günlərdə ABŞ-ın nüfuzlu mediası da Ermənistanın baş naziri Nikol Paşinyanı Dağlıq Qarabağ probleminə münasibətdə tutduğu mövqeyə görə tənqid edib.

“The Washington Times” qəzetinin və “Jewish News Syndicate” nəşrinin keçmiş baş redaktoru Ceykob Kamaras “Ermənistanda “məxməri inqilabın” hüdudlarından kənarda” sərlövhəli məqalə dərc etdirib. Müəllif yeni baş nazir Nikol Paşinyanın qeyri-ardıcıl siyasətindən və Ermənistanın ağır siyasi və iqtisadi vəziyyətindən yazıb.

Kamaras qeyd edir ki, Ağ Ev və Dövlət Departamenti milli təhlükəsizlik üzrə müşavir Con Boltonun bu yaxınlarda həyata keçirdiyi səfərdən sonra Ermənistan hökumətinin yeni rəhbərinə kifayət qədər skeptik yanaşır. Regiona səfər etmiş ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun mövqeyini təhlil edən müəllif yazır ki, müşavir Cənubi Qafqazı Birləşmiş Ştatlar üçün strateji cəhətdən əhəmiyyətli region, Azərbaycan və Gürcüstanı ABŞ-ın etibarlı müttəfiqləri hesab etməklə yanaşı, siyasi cəhətdən müstəqil dövlət olmayan

Ermənistanın hələ də bu “layiqli kluba” daxil ola bilmədiyi qənaətindədir.

“Cənab Boltonun sözlərinə görə, müvəffəqiyyətin açarı qondarma və qeyri-qanuni “dövlət” yaratmaq adı altında Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. Bu münaqişənin nizama salınması Ermənistanı transformasiya edə bilər və baş nazir Nikol Paşinyanın da öz inqilabi çıxışlarında vəd etdiyi kimi, onun müstəqillik, müasirlik və tərəqqi yoluna qədəm qoymasına şərait yaradar”.

Müəllifin yazdığına görə, ekspertlər hesab edirlər ki, Cənubi Qafqaz öz regional potensialından hər üç ölkənin tam iştirakı ilə istifadə edə bilər. Beləliklə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunda müharibəyə son qoymalı, eyni zamanda, vassal dövlət olmaqdan qurtulmalı və tərəfdaşlığa səy göstərən davranış nümayiş etdirməlidir. Münaqişə Ermənistanın tarixində dərin iz buraxıb və bu ölkənin inkişafdan geri qalmasını, dərin yoxsulluğu, kəskin “beyin axınını”, ən əsası isə, onun digər dövlətlərdən əsaslı və köklü şəkildə asılılığını gücləndirib.

Elxan Şahinoğlu hesab edir ki, ABŞ mediasının bu mövqeyi dəqiq arqumentlərə əsaslanır. Bu da Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə Robert Koçaryanın və Serj Sarkisyanın siyasi kursunu davam etdirməsi ilə bağlıdır: “Xarici siyasətdə, xüsusilə də Dağlıq Qarabağ məsələsinə münasibətdə heç bir dəyişiklik baş verməyib. Əksinə, Paşinyanın danışıqlar formatını dəyişməyə cəhd etməsi bu problemin nizamlanması ilə bağlı geriləmə yaradıb. Daxili siyasətdə qismən canlanma hiss olunur.

Amma iqtisadi və sosial problemlərin həllində ciddi irəliləyiş müşahidə olunmur. Yəni ötən ilin dekabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra Ermənistanda ciddi bir islahat və ya dəyişiklik baş verməyib. Ona görə də yay aylarına yaxın Ermənistanda vəziyyət ağırlaşa bilər. Çünki Paşinyan verdiyi böyük vədləri yerinə yetirə bilməyib. Xarici investisiyaları ölkə iqtisadiyyatına cəlb edə bilməyib. Paşinyan Dağlıq Qarabağda separatçılara dəstək verir və yenə də hərbi təlimlər keçirir. Ona görə də ABŞ mətbuatının Ermənistan barədə yazdığı reallığı əks etdirir”.
Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 4438