hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ermənistan-PKK ittifaqı: Qarabağda əməliyyat üçün tarixi şans yaranıb

Ermənistan-PKK ittifaqı: Qarabağda əməliyyat üçün tarixi şans yaranıb

Livanlı ermənilərin ardınca PKK terror təşkilatının xüsusi təyinatlı qüvvələri də Qarabağa yerləşib.

Qeyd edilən məlumatı Türkiyənin “Cümhuriyet” qəzeti yayıb. Adıçəkilən mənbənin yazdığına görə, Paşinyan hökuməti Beyrutda baş vermiş partlayışdan sonra yüzdən çox livanlı ermənini Dağlıq Qarabağda və ətraf rayonlarda məskunlaşdırıb. Daha əvvəl isə Ermənistan suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirmişdi.

“Paşinyann demoqrafik vəziyyəti dəyişdirməklə yanaşı Dağlıq Qarabağa hərbi fəaliyyətləri də gücləndirib. Regiondakı təhlükəsizlik qaynaqlarından əldə edilən məlumatlara görə PKK-nın “xüsusi təyinatlı qüvvələri” Dağlıq Qarabağa göndərilib və orada ermənilərə hərbi təlim keçir. PKK Qarabağda yeni hücum dalğası başlatmağa hazırlaşır, bu arada 250-yə yaxın erməni əsgəri də Suriyada PYD/YPG terror təşkilatının sıralarına qatılmaq üçün göndərilib”,-qəzet belə yazır.

Bildirilir ki, erməni əsgərlərlə PKK arasındakı bu işbirliyi Fransanın vasitəçiliyi ilə baş tutub. Erməni əsgərləri Fransanın müşahidəsi və vasitəçiliyi altında PKK ilə danışıqlar aparıb. İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bu günlərdə bildirib ki, livanlı ermənilərin Qarabağa köçürülməsi “işin görünən tərəfidir”.

“Keçmiş səfir son iki ayda İraq və Suriyadan yüzlərlə PKK terrorçusunun Dağlıq Qarabağa yerləşdirildiyini demişdi”,-məlumatda bildirilir. Qeyd edək ki, PKK terror təşkilatının Azərbaycanın işğal altındakı ərazilərində, o cümlədən Kəlbəcərdə təlim düşərgələrinin olduğu barədə məlumatlar daha əvvəllər də yayılmışdı. PKK terrorçularının Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi münaqişənin xarakterini və miqyasını dəyişə bilər.

Çünki Ermənistan indiyə qədər Azərbaycan ərazilərində qanunsuz silahlı qüvvə saxlamasını guya Dağlıq Qarabağdakı erməni əhalinin təhlükəsizliyinin təmin edilməsi təqdim etməklə pərdələməyə çalışıb. Ancaq indi başqa ölkələrdən terrorçu dəstələrin Azərbaycan torpaqlarına gətirilməsi Ermənistanın terrorçu və işğalçı fəaliyyətini təsdiqləmiş olacaq. Bu isə Azərbaycana Dağlıq Qarabağda və ətraf ərazilərdə anti-terror əməliyyatlarına başlamaq üçün əlavə hüquqi arqument yaradır. PKK-ya qarşı mübarizə Ermənistanı dəstəkləyən və işğalçılıq siyasətinə göz yuman dövlətləri susmağa vadar edəcək. Ermənistanın PKK silahlılarını Qarabağa daşıması münaqişənin əhatə dairəsini də genişləndirə bilər. Kürd terroru təhlükəsindən əziyyət çəkən Türkiyənin Dağlıq Qarabağda hərbi əməliyyatlar aparması üçün siyasi və hüquqi zəmin yaranacaq. Rəsmi Tehran Ermənistanla strateji tərəfdaşlıq etsə də Cənubi Qafqazda PKK-nın fəallaşması sonra İran ərazisinə yayıla bilər. Ona görə də İranın da PKK məsələsində Ermənistanın yanında yer alacağı inandırıcı görünmür. PKK faktoru daha çox Rusiyanın maraqlarına cavab verir. Görünür, Suriyadan fərqli olaraq, Cənubi Qafqazda PKK ABŞ-ın deyil, Rusiyanın planları ilə hərəkət edir. Azərbaycan isə yaranmış vəzyyətdən istifadə edərək Türkiyədən hərbi yardım istəyə bilər. Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanmış Terrorizmə və Mütəşəkkil Cinayətkarlığa Qarşı Birgə Mübarizə haqqında Müqavilə rəsmi Bakıya dəstək üçün belə müraciət etməyə əsas yaradır.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, dünyada vəkalət müharibələrinin sayının artması müşahidə olunur. Dövlətlər prosesin önündə görünməmək üçün münaqişələrdə başqa etnik və terrorçu qruplardan istifadə etməklə iştirak edir. PKK-nın Dağlıq Qarabağa gətirilməsi də analoji üsulun tətbiqidir: “Rusiyanın xəbəri olmadan Ermənistan belə addım ata bilməz. Rusiya özü də Ermənistandan və Dağlıq Qarabağdakı qondarma rejimdən Azərbaycana qarşı vəkil kimi istifadə edirdi. Orada əvvəllər erməni terrorçuları da istifadə olunub. Bu baxımdan, PKK terrorçularının Dağlıq Qarabağa gətirilməsi mümkündür. Bunun üçün dəqiq kəşfiyyat məlumatları olmalıdır. İstənilən hala münaqişənin mahiyyəti dəyişmir. Ermənistan-Azərbaycan münaqişəsi çoxdan beynəlmiləl formaya keçib. Bütün bunlar onu göstərir ki, Azərbaycan ərazilərini işğaldan azad etməlidir. PKK xəbəri Azərbaycanla Türkiyəni ümumi təhdidlərin birləşdirdiyini göstərir. Artıq çoxsaylı amillər Azərbaycanla Türkiyə arasında hərbi ittifaq sazişinin imzalanmasını diqtə edir. Rəsmi Bakı bu təhlükəni və Türkiyə hakimiyyətinin iradəsini nəzərə alaraq, hərbi müttəfiqlik sazişini imzalamalıdır ki, iki qardaş dövlət ortaq təhdidlərə qarşı birgə mübarizə aparsınlar. Erməni terrorçuları da kürd terrorçuları da həm Azərbaycan, həm də Türkiyə üçün ortaq problemdir”.

Politoloq bildirdi ki, iki ölkə arasında Terrorizmə və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Haqqında Müqavilə mövcud olsa da Dağlıq Qarabağda birgə hərbi əməliyyatların keçirilməsi üçün yeni sazişin imzalanmasına ehtiyac var. “İndiki halda Azərbaycan müraciət edərsə, bunun tam reallaşacağını söyləmək çətindir. Çünki orada çoxsaylı şərtlər var. Amma hərbi müttəfiqlik sazişi tamam başqa səviyyəli sənəddir. Bu müqavilədə bir dövlətə hücum digərinə hücum deməkdir. Burada imperativ hüququ tələb işə düşür. Digər tərəfdaşlıq, əməkdaşlıq müqavilələrində belə şərtlər olmur. Ona görə də Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqlik sazişi bağlanılmalıdır”.
Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 3257