hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Ermənistan Rusiyaya təhvil verilir: “Azərbaycanlılar gələcəkdə orada da yaşaya bilər”

Ermənistan Rusiyaya təhvil verilir: “Azərbaycanlılar gələcəkdə orada da yaşaya bilər”

“Ermənistandakı Rusiya hərbi bazasının yerinin dəyişdirilməsi mümkündür. Hazırda bu istiqamətdə iki ölkə arasında müzakirələr aparılır”.

“RİA Novosti"yə açıqlamasında Ermənistanı Müdafiə naziri Vaqarşak Arutunyan belə deyib. Nazir bildirib ki, hazırda müzakirələr bazanın tərkibindəki birləşmələrdən birinin Ermənistanın şərqinə köçürülməsi istiqamətindədir. Onun sözlərinə görə, Ermənistandakı Rusiya sərhədçiləri əlavə funskiyalar da icra edir:

“Rusiya sərhədçilərinə Ermənistanın Azərbaycanla sərhədinin qorunmasında əlavə funksiyalar verilib. Mən şübhə etmirəm ki, sərhəd xidməti sahəsində ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq effektini verəcək. Rusiya sərhədçiləri Ermənistanda öz funskiyalarını yüksək səviyyədə yerinə yetirəcəklər. Qarabağ münaqişəsinə qədər Rusiya və Ermənistan sərhədçiləri MDB sərhədlərinin qorunması və təhlükəsizliyin təminini həyata keçirirdi. İndi vəziyyət tam dəyişib”.

Qeyd edək ki, hazırda Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya hərbçiləri qoruyur. İki ölkə arasında 2015-ci ildə Ermənistan və Rusiya arasında dövlət sərhədlərinin birgə mühafizəsinə dair müqavilə imzalanıb. Həmin sazişə görə, müharibə şəraitində Ermənistanın dövlət sərhədlərinin mühafizəsi Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin sərəncamına keçir.

Ancaq hazırda Ermənistana qarşı belə bir təhlükə yoxdur. Hətta 2020-ci il noyabrın 10-da Baş nazir Nikol Paşinyanın kapitulyasiya sənədini imzalamasından sonra Ermənistan münaqişədən çıxmış ölkə hesab edilir.

Ona görə də rəsmi İrəvanın Azərbaycanla sərhədlərin qorunmasını Rusiyaya həvalə etməsi üçün siyasi və hüquqi əsas yoxdur.

Politoloq İlqar Vəlizadənin sözlərinə görə, şərq sərhədlərinin Rusiya hərbçilərinin mühafizəsinə verilməsi Ermənistanın müdafiə qabiliyyətini tamamilə itirməsindən xəbər verir:

“Ermənistan özü öz təhlükəsizliyini qoruya bilmir. Bu ölkə və onun ordusu aciz vəziyyətə düşüb.

Qeyd etmək lazımdır ki, Ermənistanın hərbi-siyasi doktrinası digər ölkələrin ərazilərini zəbt etməkdən ibarətdir. Ona görə də Ermənistan digər ölkələr üçün təhlükə yaradır.

Amma ayrılıqda Ermənistan cılız bir ölkədir və bu doktrinanı istədiyi kimi həyata keçirtmək imkanı yoxdur. Rusiyanı bu işlərə cəlb etməklə öz məqsədlərinə nail olmaq istəyirlər. Məsələ yalnız Azərbaycanla yekunlaşmır. Ermənistan Türkiyəyə də, Gürcüstana da ərazi iddiaları irəli sürürlər. Son zamanlar Ermənistanda siyasi diskursda belə təkliflər səsləndirilir ki, Rusiya ilə birləşək.

Yəni bu, Rusiyanın tərkibinə daxil olmaq deməkdir. Sonra da Rusiyanın əli ilə öz məqsədlərinə nail olmaq istəyirlər. Bu bazanı da yaratmaq da həmin istəyə xidmət edir. Ancaq bunun Azərbaycana ciddi təhlükə yaradacağını düşünmürəm.

Gümrüdəki 102-ci hərbi baza Türkiyə üçün problem yaratmadığı kimi, qoşunların şərq sərhədlərinə yerləşdirilməsi də Azərbaycana təhlükə yaratmayacaq. Rusiyanın Ermənistanda hərbi mövcudluğu Azərbaycanı öz siyasətindən çəkindirə bimədi. Bu da belə olacaq. Rusiyanın Ermənistanı tamamilə zəbt etməsi Azərbaycana təhlükə törətmir. Çünki bizim Ermənistanın torpaqlarına iddiamız yoxdur.

Doğrudur, Zəngəzur, İrəvan, Göyçə Azərbaycanın tarixi əraziləridir. Amma Azərbaycan həmin torpaqları hərbi yolla qaytarmaq niyyətində deyil. Biz sadəcə olaraq, istəyirik ki, azərbaycanlılar digər ölkələrdə olduğu kimi gələcəkdə Ermənistan adlanan ərazidə, yəni öz ata-baba torpaqlarında yaşaya bilsinlər. Ermənilər Gürcüstanda, Azərbaycan ərazisində yaşayırlarsa, azərbaycanlılar nə üçün Ermənistanda yaşamamalıdır? Amma Azərbaycan bu prosesi hərbi yolla təmin etmək istəmir. Ümumiyyətlə, biz regionun demoqrafik xəritəsinə baxsaq görərik ki, Ermənistan dörd tərəfdən azərbaycanlılarla əhatə olunub. Şərqdən Azərbaycan dövləti, şimaldan Gürcüstanın Borçalı mahalı, İrandan Güney Azərbaycan, qərbdən isə Naxçıvan Muxtar Respublikası və Türkiyənin İqdır vilayətidir ki, orada da çoxsaylı azərbaycanlı yaşayır. Bu demoqrafik tendensiyanı nəzərə alaraq düşünürəm ki, azərbaycanlılar gələcəkdə Ermənistanda yaşaya bilər”. Ekspert bildirdi ki, Ermənistan Rusiyanın siyasi elitasında Azərbaycan və Türkiyə həmrəyliyinin düşmən obrazını formalaşdırmağa çalışır. Guya bu siyasi tandemin Rusiyaya qarşı birləşərək Cənubi Qafqazda və Mərkəzi Asiyada Turan dövləti yaradacağına dair yalan təbliğat aparılır.

“Rusiyadakı dairələr isə daxili siyasətdə öz mövqelərini möhkəmlətmək üçün istifadə edir”,-deyə İlqar Vəlizadə vurğuladı.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3697