hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Ermənistan sülhə "yox" dedi, müharibədə də məğlub oldu - TƏHLİL

Ermənistan sülhə "yox" dedi, müharibədə də məğlub oldu - TƏHLİL

Ermənistanda dərinləşməkdə olan siyasi böhranın səbəbləri çoxşaxəlidir.

Buna 44 günlük müharibədəki məğlubiyyətin Ermənistan cəmiyyətində yaratdığı depressiv sindromun əlamətləri kimi də yanaşmaq olar. Eyni zamanda Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi nəticəsində regionda geosiyasi vəziyyətin dəyişməsi Ermənistanda daxili proseslərə təsir edib. İşğalçı ölkədə qüvvələr balansının pozulması hərbi yolla hakimiyyət çevirilişi həddinə qədər çatıb.

Müharibədə baş vermiş ağır məğlubiyyətin məsuliyyətini bölüşmək Ermənistanda siyasi böhranı şərtləndirən əsas səbələrdən birinə çevrilib. Müxalifət müharibədə məğlub olan Nikol Paşinyan hökumətini təslimçi sənədə imza atmaqda ittiham edərək satqın adlandırır.

Baş nazir Paşinyan isə müharibənin Ermənistan üçün dağıdıcı nəticələrə gətirib çıxartmasını Robert Köçəryan və Serj Sarkisyan hakimiyyətlərini korrupsioner fəaliyyəti ilə əlaqələndirir.

Ekspertlərin rəyinə görə, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargahının Paşinyanı devirmək cəhdinin səbəblərindən biri də məhz generalların məğlubiyyətin məsuliyyətini öz üzərindən atmaq istəyi ilə bağlıdır.

Ancaq Ermənistanın istər siyasi-iqtisadi və hərbi potensialının təhlili, istərsə də regiondakı yeni geosiyasi şərait məğlubiyyətin qaçılmaz olduğunu göstərir. Yəni hakimiyyətdə hansı qüvvənin olmasına baxmayaraq, Azərbaycanın Ermənistan üzərində qələbəsi qarşısıalınmaz prosesə çevrilmişdi. Bəzən Ermənistanda Paşinyanın deyil, “Qarabağ klanı”nın iqtidarda olacağı halda Azərbaycan üçün qələbənin çətin olacağına dair heç bir əsası olmayan fikirlər səslənir.

Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Ermənistanda Serj Sarkisyan prezident idi və 4 günlük hərbi əməliyyat işğalçı ordunun tamamilə məğlub duruma düşməsi ilə nəticələnmişdi. Həmin dövrdən ötən 4 il ərzində Azərbaycan Ordusu silahlanma, peşəkarlıq və texnologiya baxımından daha da təkmilləşib. 44 günlük müharibə Ermənistan Silahlı Qüvvələrinin nəinki inkişaf etmədiyini, hətta zəiflədiyini üzə çıxartdı.

Məlum oldu ki, yararsız, müasir tələblərə cavab verə bilməyən silahlar məhz Köçəryanın və Sarkisyanın hakimiyyətdə olduğu 20 il ərzində Rusiyadan kreditlər hesabına alınıb. Hətta Paşinyan Rusiyanın NATO-ya qarşı strateji hücum silahı sayılan “İskəndər” raketlərinin belə keyfiyyətsiz olduğunu bəyan etdi. Bu səbəbdən, Ermənistanda hakimiyyət başında Paşinyanın yaxud, “Qarabağ klanı”nın nümayəndəsinin olması işğalçı ordunun gücünü artırmır. Əlbəttə, Ermənistanın məğlubiyyətində Rusiyanın Paşinyana mənfi münasibəti az rol oynamayıb. Ancaq Rusiyanı Ermənistana hərbi dəstəkdən çəkindirən digər amil regionda geosiyasi balansın dəyişməsi, yəni Türkiyənin mövcudluğu ilə bağlıdır.

Ümumiyyətlə, siyasi proseslərə münasibət ehtimalları deyil, realist yanaşmanı tələb edir. Fakt isə bundan ibarətdir ki, Ermənistan cəmiyyəti Köçəryan kursundan birdəfəlik imtina edib. Rusiya Cənubi Qafqazla bağlı siyasətinə korrektələr etməli olub. Kremldə Ermənistan-Azərbaycan münaqişəsinə baxış 1990-cı illərdən xeyli fərqlənir. Yəni bölgədəki geosiyasi situasiyanın dəyişməsi və yeni reallıqların yaranması Moskvanın da maraqlarına cavab verir.

44 günlük Vətən müharibəsinin nəticələri də təsdiq etdi ki, işğal altındakı əraziləri sülh yolu ilə azad etmək mümkün deyil. Azərbaycan 30 ilə yaxın Ermənistanla danışıqlar aparmaqla sülhə qarşı olmadığını sübut etdi. Lakin Ermənistan bu müddətdə danışıqlar prosesinə işğal etdiyi əraziləri öz nəzarətində saxlamaq və ilhaq etmək üçün siyasi imitasiya vasitəsi kimi yanaşıb.

Son zamanlar isə rəsmi İrəvan danışıqlar prosesini tamamilə dayandırmaqla Azərbaycanı status-kvo ilə barışmağa məcbur etmək istəyirdi. Ona görə də hazırda üzləşdiyi rüsvayçı məğlubiyyətə görə Ermənistandakı bütün siyasi qüvvələr və cəmiyyət cavabdehlik daşıyır. Qonşu dövlətlərə qarşı ərazi iddiası, qeyri-ermənilərə düşmənçilik bu ideologiyanın əsasını təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışı da həm Ermənistanın, həm də beynəlxalq vasitəçilərin Azərbaycana başqa seçim imkanı buraxmadığını təsdiq edir. Çünki Ermənistan əraziləri dinc yolla qaytarmaq istəmir, ATƏT-in Minsk qrupunun həmsədrləri isə “Bu münaqişədə nə qalib, nə məğlıub olmamalıdır” prinsipini təklif edirdilər.

Bununla da vasitəçilər Azərbaycanı hərbi variantdan imtina etməyə çağırırdılar. Hətta Minsk qrupu beynəlxalq hüquq normalarını əsas götürüb Ermənistana təzyiq göstərmək əvəzinə dəfələrlə Azərbaycanı siyasi reallıqla barışmağa, yəni işğalın nəticələrini qəbul etməyə dəvət edib. İşğal edilmiş ətraf beş rayonun qaytarılması müqabilində Azərbaycana Dağlıq Qarabağın müstəqilliyinin tanınması və ya Ermənistana birləşdirlməsinə razılıq verilməsi təklif edilirdi. Ancaq təbii ki, Azərbaycan bu cür şərtlərlə razılaşa bilməzdi. Dinc yolla mümkün olmayacağı təqdirdə, Azərbaycan öz ərazilərini hərbi əməliyyatlar yolu ilə qaytarmaq hüququnu özündə saxlayırdı. Bunu Azərbaycan Prezidenti də xüsusi vurulayıb.

“Rəsmi İrəvanın yürütdüyü siyasət münaqişənin sülh yolu ilə həll olunmasını mümkünsüz etdi. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, bu müharibənin sülh yolu ilə həlli mümkün deyil. Halbuki bu məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksək vəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz görürdük ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ həll olunardı. Deməli, buna maraq yoxdur, yaxud da ki, belə nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi. Kimisə qane edirdi ki, Azərbaycan xalqı 30 il ərzində belə vəziyyətdə yaşasın” - dövlət başçısı İlham Əliyev belə deyib.

Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında da bildirib ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə cavab vermək hüququna malikdir. Lakin Azərbaycanın əsas məqsədi bölgədə davamlı sülhə, kommunikasiyaların açılmasına və regional inkişafa nail olmaqdır. Dövlət başçısı Ermənistan siyasətçilərindən revanşist əməllərdən əl çəkməyi tələb edib.

Biz münaqişənin başa çatdırılması üçün otuz il gözləmişik. Bizim niyyətimiz hər zaman aydın və səmimi olub. Ermənistan ən azı müəyyən bir əlamətlər nümayiş etdirirdi ki, münaqişə dinc yolla həll oluna bilər, biz bu danışıqlarda iştirak edirdik. Ancaq biz dərk edəndə ki, Ermənistan hökuməti bizə heç bir santimetr torpağı belə geri qaytarmaq niyyətində deyil və iyul, avqust aylarında bizə qarşı bir sıra hərbi təxribatlar törədildi, sonra da sentyabr ayındakı təxribat - biz təbii ki, adekvat cavab verməli olduq.

Ona görə də bu sual veriləndə ki, davamlı sülh necə ola bilər, bu, yalnız imzalanmış 10 noyabr Bəyanatına sadiqlik nümayiş etdirməklə olar. Həmin sənəd Ermənistanın Baş naziri tərəfindən imzalanıb: Ağdamın bir hissəsi, Kəlbəcər və Laçın boşaldılacaq. Biz müharibəni dərhal dayandırdıq. Mən öz sözümə əməl etdim. Ancaq bunu hər kəs çox gözəl anlayır ki, biz müharibəni davam etsəydik, Ermənistan üçün nəticələr daha ağır və acınacaqlı ola bilərdi. Ancaq biz istəmədik ki, daha artıq itkimiz və qurbanlar olsun və biz bunu nümayiş etdirdik. Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər.

Daha bir şərtimiz, sülh üçün şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək”.

Dövlət başçısının bu xəbərdarlıq mesajı təsadüfi deyil. Hazırda Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmağa çalışan və Köçəryan-Sarkisyan klanı ilə briləşən radikal dairələr cəmiyyəti Azərbaycana qarşı müharibə əhval-ruhiyyəsində kökləməyə çalışır. Əslində, onlar yeni siyasi reallıqları dəyişməyin qeyri-mümkün olduğunu yaxşı anlayır.

Sadəcə olaraq, Ermənistan müxalifəti 1990-cı illərdə olduğu kimi “Qarabağ kartı”ndan istifadə etməklə hakimiyyəti ələ keçirməyi qarşıya məqsəd qoyub. Onlar, hətta öz məqsədlərinə çatmaq üçün terrora, müharibəyə əl atmağa hazırdır. Ancaq “Qarabağı qaytarmaq” şüarı ilə revanş götürmək istəyənləri Paşinyan hakimiyyətindən daha böyük məğlubiyyət gözləyir. Çünki Ermənistan ordusunun 80 faizi tamamilə sıradan çıxarılıb. Müharibəyə başlamaq üçün Ermənistanın hərbi resursları qalmayıb. Bu halda Azərbaycana qarşı növbəti təcavüz cəhdi müharibənin Ermənistan ərazisinə keçməsinə və düşmən ölkənin yerdə qalan ərazilərini də itirməsinə səbəb ola bilər.

Müşfiq Abdulla
Cebhe. info


Oxunma sayı: 3400