hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Ermənistanda böhran: Paşinyan qalsın, yoxsa getsin?

Ermənistanda böhran: Paşinyan qalsın, yoxsa getsin?

Azərbaycanın işğal altında olan rayonlarını itirməsi, müharibədə məğlubiyyət Ermənistanda siyasi, iqtisadi durumu daha da gərginləşdirdi.

Ölkəyə minlərlə hərbçi cəsədi, 10 minlərlə yaralı daxil oldu, itgin düşənlər var. Qarabağa hərbçi göndərilməməsi ilə bağlı rəsmi qərar verilsə də, gizli yolla bu istiqamətdə fəaliyyətin davam etdirilməsi vətəndaşların daha da böyük hiddətinə səbəb olur.

Böyük dövlətlərin maraqlarının toqquşması çərçivəsində Ermənistanda siyasi böhran dərinləşməkdədir. Bununla yanaşı da iqtisadi durumun ağır olması, müharibədən qayıdan yaralıların ciddi müalicəsinə imkan vermir ki, bu da əhalinin narazılığını artırır.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən keçirdiyi mətbuat konfransında da Ermənistandakı böhranın getdikcə dərinləşdiyini qeyd edib:

“Ermənistanda böhran hökm sürür, iqtisadiyyat tənəzzülə uğrayıb, bir-birilərini ittiham edirlər, bir-birilərini didirlər. Onlar bir-birilərini günahlandırırlar və Ermənistanda kütləvi həbslər baş verir".

Milli Cəbhə Partiyasının siyasi məsələlər üzrə müavini Məhəmməd Əsədullazadə də Ermənistanda böhranlı vəziyyətin davam edəcəyini düşünür:

“Prezident Administrasiyası, Baş Qərargah rəisi və “Qarabağ klanı” Nikol Paşinyana qarşı vahid cəbhədən çıxış edirlər. Kilsənin müəyyən kəsimi də Paşinyana qarşı birləşib. Baş Qərargah rəisi Onik Qasparyanın istefaya getməməsi hərbi çeviriliş ehtimalını saxlayır. Düşünürəm ki, bu ölkədə siyasi xaosun yaranacağı gözlənilir. Vəziyyətdən çıxış yolu yalnız növbədənkənar prezident seçkilərinin keçirilməsi ola bilər. Bu da Paşinyanın növbəti dəfə hakimiyyətdə qalması deməkdir.

Fikrimcə, bu vəziyyətdə Paşinyan situasiyanı nəzarətdə saxlaya bilər. Baxmayaraq ki, Prezident Administrasiyası, Baş Qərargah rəisi, “Qarabağ klanı”, 17 partiyanın birləşdiyi “Vətənin xilası naminə hərəkat”, kilsə Nikol Paşinyana qarşıdır, vətəndaşlar hakimiyyəti dəstəkləyir. Buna görə də Paşinyan dirəniş göstərə bilir”.

Politoloq hesab edir ki, İrəvandakı ABŞ səfirliyi də Paşinyanın hakimiyyətdə qalmasına ciddi dəstək verir:

“ABŞ Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Ermənistan hazırda Rusiya və ABŞ arasında maraqların toqquşması platformasına çevirilib. Onik Qasparyanın arxasında Rusiya dayanır. Əgər Paşinyan Baş Qərargah rəisini istefaya göndərə bilməsə, xalqın etirazı yönəltəməklə bunu edə bilər. Hesab edirəm ki, Ermənistanda siyasi vəziyyətin böhranı bir neçə ay davam edəcək. Hələ ki, partiyalar, müxalifət prezident seçkilərinin keçirilməsinə razı deyil. Çünki onların da xalq arasında ciddi dəstəyi yoxdur. Düşünürəm ki, proseslər birbaşa Nikol Paşinyanın siyasi durumunu qəlizləşdirəcək, onun dayaqlarını sarsıdacaq, amma hakimiyyətdən getməsi ilə nəticələnməyəcək”.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 2278