hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Ermənistanda çevriliş baş tutarsa: “Sanksiyaların tətbiqinə inanmıram” - Deputat

Ermənistanda çevriliş baş tutarsa: “Sanksiyaların tətbiqinə inanmıram” - Deputat

Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargahının Baş nazir Nikol Paşinyanı istefaya çağırmasından sonra ölkədə gərginlik pik həddə çatıb.

Nikol Paşinyan Baş qərargah rəisi Onik Qasparyanın bu çağırışı hərbi çevrilişə cəhd adlandırdı.

Ötən gündən etibarən baş verən toqquşmalar Ermənistanda siyasi gərginliyin hələ davam edəcəyinə işarədir.

Əgər Ermənistanda hərbi çevriliş baş tutarsa, beynəxalq aləm buna necə reaksiya verəcək? Ermənistana qarşı sanksiyalar tətbiq olunacaqmı?

Deputat Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında deyib ki, Paşinyan çətin də olsa, hərbi çevriliş təhlükəsini aradan qaldıra bildi:

“Müxalifətin bir neçə cəhdi baş tutmadı. Çünki bunun üçün bir neçə faktor olmalıdır, onlar yox idi. Birincisi odur ki, insanlar revanşist qüvvələrdən yorulub. Ona görə də onların hakimiyyətə gəlməsi erməni xalqı üçün sərfəli deyil. Xalq Paşinyanı sevməsə də, müxalifətin də onlara heç nə verməyəcəyini bilir. Digər tərəfdən, hər kəs bilir ki, bu günə qədər kimlər hərbi çevrilişlə hakimiyyətə gəlibsə, dünya tərəfindən qınanılıb.

BMT, böyük beynəlxalq təşkilatlar və digər qurumlar hərbi çevrilişi heç vaxt dəstəkləməyib. Amma dünyada ikili standartların olduğunu da bilirik. Bu ikili standartlardan ən çox əziyyət çəkən ölkələrdən biri Azərbaycandır. 30 ilə yaxın BMT-nin 4 qətnaməsinin icrasını gözlədik, amma sonda Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu qətnamələrin icrasını həyata keçirdi. Beynəlxalq hüquqi Azərbaycan özü bərpa etdi. Beynəlxalq güclərə sərf edəndə beynəlxalq hüquq özləri tərəfindən təmin edilir, əks halda edilmir. Ona görə də Ermənistanda ordunun gücü ilə hərbi çevriliş baş tutarsa, düşünürəm ki, beynəlxalq institutlar qınayıcı fikirlər səsləndirəcəkdi. Necə ki, bir sıra beynəlxaq təşkilatların, dünya ölkələrinin bəyanatında bunun şahidi olduq”.

Deputat əlavə edib ki, Ermənistanda hərbi çevriliş baş verərsə, onlara qarşı sanksiya tətbiq olunacağına şübhə edir:

“Beynəlxalq insitutsional təşkilat tərəfindən bəyanatdan artıq hansısa əməli işin görüləcəyinə inanmıram. Ermənistanda hazırda müxalifətin mitinqi davam edir. Artıq Ermənistan Prezidenti Armen Sarkisyan müxalif qüvvələrlə görüş keçirməyə hazırlaşır. Hazırda vəziyyət gərgindir. Amma düşünürəm ki, Paşinyan hələlik hakimiyyətini qoruya bilir. Siyasilər erməniləri revanşist fikirlərdən çəkinməyə çağırır. Çünki hazırda Ermənistan üçün əsas istiqamət iqtisadi inkişaf olmalıdır. Ermənistanda hazırda anarxiya hökm sürür, iqtisadi tənəzzüldür. Bu, davamlı olarsa, Ermənistan bir dövlət kimi çox böyük problemlə üzləşəcək”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2190