hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Ermənistanda seçki: Mübarizə kreslo yox, müxalifət olmaq uğrunda gedəcək

Ermənistanda seçki: Mübarizə kreslo yox, müxalifət olmaq uğrunda gedəcək

Eks-prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistanın Respublikaçılar Partiyası növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı qərarını açıqlayıb.

Cebhe.info-nun məlumatına görə, Serj Sarkisyan seçkilərdə iştirak etmək qərarı verib. “Johovurd” qəzetinin yazdığına görə, sabiq dövlət başçısı deputat yerləri uğrunda siyasi mübarizədə başqa namizədi dəstəkləməyi qərara alıb.

“Əldə etdiyimiz məlumata görə, ERP lideri Serj Sarkisyan İcra orqanının iclasında çıxış edib. İştirak edənlər Serj Sarkisyanın iclasa artıq verilmiş qərarla gəldiyi təəssürata malik idilər. Seçkilərdə Vətən Partiyası ilə birlikdə iştirak edəcəklərini söyləyən Sarkisyan həmin partiyanın rəhbəri- gələcək müttəfiqi Artur Vanetsyanla artıq bütün detalları müzakirə etdiyini bildirib. O, ERP-nin tanınmış nümayəndələrinin blokun namizədlər siyahısına olacağına dair razılaşma əldə edildiyini deyib. Sarkisyan ERP-nin seçkilərdə ayrıca iştirakının səhv olacağını, doğru variantın Vanetsyana qoşulmaq olduğunu qeyd edib”.

“Əldə etdiyimiz məlumata görə, Serj Sarkisyanın qərarından sonra parlamentə qayıtmaq şansının olması ilə əlaqədar partiyada əhval-ruhiyyə kəskin şəkildə artıb. Yeri gəlmişkən, Serj Sarkisyanın seçkilərdə hər hansı bir şəkildə iştirak etmək istəmədiyi və siyahıda yer almayacağı deyilir”,-deyə qəzet yazır.

Serj Sarkisyanın bu qərarı seçkilərdə Vanetsyanın mövqelərini gücləndirəcək. Əsas rəqabətin Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku ilə Robert Köçəryan arasında gedəcəyi gözlənilsə də, Sarkisyanın son addımı müxalifət düşərgəsindəki qüvvələr nisbətini dəyişə bilər.

Robert Köçəryan ilk növbədə, Köçəryanın yekdil şəkildə “Qarabağ klanı”nın dəstəyini almaq imkanını itirdi. ERP-nin Vanetsyana güzəştə getməsi “Qarabağ klanı”nı parçaladı. Artur Vanetsyan Paşinyan komandasının sabiq üzvü kimi hazırkı hökumətdən narazı olan, eyni zamanda, Köçəryanın da yenidən hakimiyyətə qayıtmasını istəməyən elektoratın səslərini qazana bilər.

Yəni həm Qarabağ, həm də Ermənistan klanının dəstəyini əldə etməsi A.Vanetsyanın mandat almaq şansını artırır. Vanetsyan seçkilərdə Paşinyanın əsas rəqibinə çevrilərsə, o zaman Köçəryanın 6 faizlik barajı keçmək şansı zəifləyəcək. ERP-nin qərarından öncə keçirilən rəy sorğuları da Köçəryanın qələbə çalmaq imkanının yüksək olmadığını göstərir.

“Karnegi Fondu”nun keçirdiyi son rəy sorğusuna görə, Paşinyanın reytinq göstəricisi 32 faizdirsə, Köçəryana etimad göstərənlər 6 faiz təşkil edir. Bu göstərici ilə Köçəryanın rəhbərlik etdiyi siyasi blok 6 faizlik barajı keçə bilməz.

Ən yaxşı halda isə 2-3 deputat yeri qazanacaq. Ona görə də seçkilərdə “Mənim addımım” blokunun yenidən qalib gələcəyi ehtimalı yüksəkdir.

Ancaq Paşinyanın rəhbərliyi ilə kolasiyalı hökumətin qurulacağı da istisna edilmir. Bu baxımdan, alternativ düşərgədə əsas mübarizənin kolasiya ortağı və ya ana müxalifət partiyası olmaq uğrunda getdiyini söyləmək olar. Artıq ana müxalifət uğrunda rəqabətin hansı siyasi qüvvələr arasında gedəcəyi müəyyənləşmək üzrədir.

Bunlar “Çiçəklənən Ermənistan” Partiyası və Vətən Partiyası-ERP-nin vahid blokudur. Lakin hazırkı parlamentdən fərqli olaraq, Ermənistan Milli Məclisinin növbəti tərkibində müxalifət qüvvələrinin sayının daha çox olacağı proqnozlaşdırılır. İlkin ehtimallara görə, qanunverici orqanda dörd və ya beş siyasi qüvvə təmsil olunacaq.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4533